Son illərdə elektrik avtomobillərin sayı artsa da, bəzi sürücülər hələ də bu nəqliyyat vasitələrində siqaret çəkmək vərdişindən imtina etməyiblər. Bəs, siqaret tüstüsü bu avtomobillər üçün hər hansı təhlükə yaradırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, ümumilikdə elektrik və ya digər yanacaq növü ilə işləyən avtomobillərdə siqaretin birbaşa texniki təhlükəsi yoxdur:
“Ümumiyyətlə, istər elektrik, istərsə də digər yanacaqla işləyən avtomobillərdə siqaretin xüsusi zərəri yoxdur. Yeganə risk qazla işləyən avtomobillərdə müşahidə olunur. Belə hallarda salonda qaz balonu yerləşdiyi üçün partlayış təhlükəsi yaranır,” – deyə ekspert qeyd edib.
Yasin Mustafayev əlavə edib ki, siqaretin avtomobilin içində çəkilməsi yalnız texniki baxımdan deyil, həm də gigiyenik və ekoloji cəhətdən arzuolunmaz haldır:
“Siqaret tüstüsü salonun havasını çirkləndirir, filtrlərin və sensorların işinə mənfi təsir göstərə bilər. Bundan başqa, küçələrin zibillənməməsi məqsədilə siqaret kötüyünü və qutularını küçəyə atanlara qarşı cərimələr də artırılıb.”
Ekspertin sözlərinə görə, istehsalçılar elektrik avtomobillərində siqaret çəkməyi xüsusi şəkildə qadağan etməsələr də, bir çox brendlər salonun təmiz hava dövranını və filtr sistemini qorumaq üçün siqaretdən imtinanı tövsiyə edir.
Aynurə İsmayıl
KONKRET.az