Əli Həsənovun polis rəisi olan qohumu ilə bağlı İTTİHAMLAR – FOTObackend

Əli Həsənovun polis rəisi olan qohumu ilə bağlı İTTİHAMLAR - FOTO

Cəbrayıl Vəliyev Salyanda “talan əməliyyatı”nı ikiqat gücləndirib.

Rəis aylıq “haqqı” iki dəfə qaldırıb

İki il əvvəl – 2017-ci il dekabrın 20-də Salyan rayon Polis İdarəsinin rəisi təyin edilən Cəbrayıl Vəliyevin rayona gəlişi salyanlıların heç ürəyincə olmadı və rayonda vəziyyətin pisləşəcəyi hər kəsin qayğısını artırdı.

Bu narazılığın səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin o vaxtkı köməkçisi, hazırda vəzifədən azad olunmuş Əli Həsənovun qaynı Cəbrayıl Vəliyevin Saatlı Rayon Polis şöbəsinin rəisi olduğu zaman rayon əhalisini talayıb, rayonda yaratdığı qorxunun, hətta kiçik sahibkarların “qəniminə” belə, çevrilməsi xəbərləri tək Saatlıda deyil, bütün Muğan bölgəsində böyük əks-səda vermişdi. Bu, həm də elə bir dövrə təsadüf etdik ki, salyanlıların canı soyğunçu, dələduz icra başçısı Tahir Kərimovdan yenicə qurtarmışdı. Qeyd edək ki, Tahir Kərimov Salyan rayonunda abadlıq adı altında uzun müddət soymadığı sahibkar, pul almadığı məktəb direktoru, bağça müdiri, idarə, müəssisə və təşkilat rəhbəri qoymadı. Nəhayət, salyanlılar Tahir Kərimovun gedişinə yenicə sevinirdi ki, elə bu məqamda Cəbrayıl Vəliyev rayonda rəis kimi peyda oldu. Salyanlılar Cəbrayıl Vəliyevin “dağ çəkdiyi”  Saatlı və digər rayon adamlarının ah-vayından yaxşı anlayardı ki, Əli Həsənov Prezident Adminstrasiyasında yüksək vəzifə tutduğuna görə, dövlətin bütün qollarına təsir imkanları yüksəkdir və bu da Cəbrayıl Vəliyevin rayonda “qol-qanad açmasına” münbit şərait yaradır. Hər şey əhali düşündüyü kimi oldu, Cəbrayıl Vəliyev demək olar ki, işlədiyi rayonlarda yerli icra hakimiyyəti orqanları ilə hesablaşmadığı kimi, Salyanda da özünü rayonun ağası kimi aparır.

Salyan rayonuna iki il əvvəl təyinat alan Cəbrayıl Vəliyev ilk olaraq rayonda narkomaniyaya qarşı mübarizə adı altında genişmiqyaslı “təmizləmə” işlərinə başladı. Çox keçmədi əhali rəisin həyata keçirdiyi “bu əməliyyatın” əslində, mübarizə aparmaq yox, “bariqaları” ələ keçirib, onları nəzarətinə alamaq məqsədilə etdiyinin şahidi oldu. Bir müddət keçəndən sonra məlum oldu ki, doğurdan da bu “təmizləmə” kompanya xarakteri daşıyır və müvəqqəti olaraq gözdən pərdə asmaq üçün Cəbrayıl Vəliyevin seçdiyi taktikadır. Bu gün rayonda narkomanların sıralarının sürətlə genişlənməsi və daha da artması bu fikirlərin doğruluğunu təsdiq edir.

Cəbrayıl Vəliyevin adı bu gün Salyan rayonu əhalisi arasında talançı və rüşvətxor məmur kimi daha çox hallanır, çirkin əməlli dövlət məmurlarının lap başında çəkilir. Cəbrayıl Vəliyevin, hətta yol qırağında balıq, meyvə satıb, ailəsini zorla dolandıran insanlara belə, “haqq” qoymasından bütün əhali danışır, şikayətlənir.

Aldığımız məlumata görə, Cəbrayıl Vəliyev son günlər sahibkarlardan və xırda ticarətlə məşğul olanlardan aldığı aylıq “haqqı” daha ikiqat artırıb. Əhali bu hərəkəti Cəbrayıl Vəliyevin arxa-dayağı, yeznəsi Əli Həsənovun işdən çıxarılmasından sonra hər gün işdənçıxma əmrini gözləməsilə və işdən çıxarılacağını bildiyi üçün Salyanda “talan əməliyatı”nı son dəfə həyata keçirmək cəhdi sayır.

Eyni zamanda, qarşıdan yeni ilin gəlişi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü də rəisə asan qazanc əldə etmək üçün yeni iştah, başına yeni ideyalar gətirir;  hind toyuğunun qış mövsümü üçün ən gözəli yemək olduğunu təbii ki, rəis daha yaxşı bilir. Odur ki, rayonun kəndlərindən rəisin ağızının dadına uyğun gələn hind toyuqları, körpə quzular, dənizdən tutulmuş təzə balıqlar rəisin “həzmi-rabeə”dən keçirməsi üçün sürətlə tədarük olunur.

Təəssüf ki, rayon əhalisinə qarşı soyğunçuluq əməli tək polis rəisi ilə bitmir, hətta polisin fəaliyyətinə nəzarət işini həyata keçirən Salyan Rayon Prokuroru Firdovsi Neymətli də rəisin təşkil etdiyi bu “əməliyyatlarda” xüsusilə fəallıq göstərir, “təcrübəli və peşəkar” kadr kimi rəisə geniş imkan yaradır. Prokurorun da “bu talanda” payı xüsusi olaraq, nəzərə alındığına görə, o, bu halları “görmür”. Onun uzun müddət Salyan rayonunda prokuror vəzifəsində işləməsi və hər kəsi “ovucunun içi kimi” tanıması “bu əməliyyatda” təcrübənin nə qədər “önəmli” olduğunu bir daha təsdiq edir.

Salyan əhalisi hazırda rəislə prokurorun əlbir “fəaliyyət” göstərərək, daha çox qazanc əldə etməyə çalışdıqlarını aydın şəkildə seyr edib, qəzəblənməklə yanaşı, ölkə Prezidentinin tapşırıq və xəbərdarlığına məhəl qoymayaraq, rüşvətxorluqla məşğul olan və DTX tərəfindən Ağstafa və Yevlax rayonlarının icra başçılarının həbs olunmasından çox ruhlanıb və belə əməliyyatın Salyanda da keçirilməsinin çox yaxında baş tutmasını arzu edirlər…

P. S. Növbəti yazıda cənab prokurorun “bu cür sərfəli əməliyyatlarda”kı xüsusi rolundan da geniş bəhs edəcəyik.

Bizi izləyin.

Məhəmməd Əliyev

Yusif Məmmədov

Qabil Tağıyev

Salyan rayon vətəndaşları

Paralel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*