“Əli Kərimli bizim nəslin üz qarasıdır” – Əli Kərimlinin əmisi oğlubackend

“Əli Kərimli bizim nəslin üz qarasıdır” – Əli Kərimlinin əmisi oğlu

Doğru deyirlər ki, “bütün müqayisələr qüsurludur”. Çünki müqayisə edən insanın gərək müqayisə etmək haqqı və dəmir məntiqi ola. Zəmanəmizdə isə dəmir məntiqli aqillərə rast gəlməyin özü müqayisəyə gəlməyən hadisədir. Amma nə yazıq ki, bəzi “soydaşlarımız” son günlər müqayisələr, paralellər aparmaq  şakərliyinə tutulub. Məsələn, Milli Şuranın koordinasiya şurasının üzvləri kimi.  Boş-boş danışıqları ilə gündəm yaratmaq ideyaları iflasa uğrayan “milli şuraçılar” indi də başqa bir cəfəng fikirləri ilə diqqət cəlb etmək istəyirlər. Necə deyərlər, antireklamın özü də bir reklamdır. Yəqin söhbətin nədən getdiyini bildiniz. Deməli, “milli şuraçılar” son videoşoularında Əli Kərimlini Məmməd Əmin Rəsulzadə ilə müqayisə edirlər. Bu  isə həyasızlığın və nankorluğun son həddidir…

Nə qədər gerizəkalı olmalısan ki, belə bir ideya ilə gündəm yaratmaq istəyəsən. Bu ilk növbədə Məmməd Əmin ideyalarına xəyanətdir. İkincisi, bu fikirlər Rəsulzadə ruhuna təhqirdir. Üçüncüsü, bu şəxsiyyətə pərəstişin ən iyrənc təzahürüdür….Bu yerdə bir lətifə yadıma düşür. Deyirlər bir gün fəxri ad alan toy müğənnilərindən biri sevincək Habil Əliyevin yanına gəlib deyir ki, “…Habil müəllim, məni təbrik edə bilərsiniz, mənə əməkdar artist adı veriblər…”. Rəhmətlik də qayıdır ki, “…ay sağ olmuş, onlar verirdi, verirdi, bəs sən niyə alırdın?!…”.

Mən də ustad sənətkar dəstiri soruşmaq istəyirəm: “…Əli bəy, o zavallılar deyir-deyir, bəs sən niyə bu sayıqlamaları qəbul edirsən?!… Sən yəni bu qədərmi özünə heyransan ki, belə axmaq müqayisələr predmetinə çevrilməyə razı gəlirsən? Üstəlik də susursan… Deməli, bu sərsəm fikirlər sənə sərf edir. Sərf etməsə idi, yəqin ki, hansısa formada açıqlama verərdin, etiraz edərdin. Amma sən susdun… Susmaqsa razılıq əlamətidir…

Əslində mən uzun illik müşahidələrimə söykənərək demək istəyirəm ki, Əli Kərimlidən və onun “milli şuraçılar”ından bundan artığını gözləmirdim. Çünki “milli şura”nın illər öncəki fiaskosundan sonra onların atılıb düşməsini çoxları kimi mən də şou adlandırmışam. Atılan son addım isə bu fikirləri bir daha təsdiqlədi. Çünki bu tip açıqlamalar yalnız şou əhlinə məxsusdur. Deməli, “milli şuraçılar” da ciddi işlərdəki uğursuzluqlarını şou ilə unutdurmaq istəyirlər. Amma bu da alınmayacaq. Ona görə ki, “milli şuraçılar”ın videoşoularını, Əli Kərimlinin sosial şəbəkələrdəki çıxışlarının izləyici sayına nəzər salanda bunu apaydın görmək olur. Onların izləyici sayı 2-3 mindən o tərəfə keçmir. Bu isə özünə hörmət edən siyasətçi üçün çox utancverici bir göstəricidir. Elza Seyidcahanın, Tolikin sosial şəbəkədəki izləyiciləri bundan qat-qat çoxdur…Özünə hörmət Əli Kərimli üçün yad anlayışdır. Belə olmasa idi, 30 illik uğursuz müxalifətçilik oyunundan bezər gedib Etibar Məmmədov kimi, Lalə-Şövkət kimi evində oturardı. Amma bu adam elə danışır ki, pərvanə özünü eşqdən şam odunda yandırdığı kimi bunun da guya “missiyası” “ədalətli”, “demokratik” Azərbaycan üçün yanmaqdır.

Burda bir haşiyəyə çıxmaq istəyirəm. Əli Kərimlinin dost-doğma bir əmisi oğlu var. Nuhəli Kərimov. Uzun illər “Azərbaycan fermeri” qəzetinin baş redaktoru olub. Bir dəfə ondan soruşdum ki, “Nuhəli müəllim, bu əmioğlun səncə nə olmaq istəyir”. O da qayıtdı ki, ” Nə olmaq istədiyini mən də bilmirəm. Amma dəqiq bildiyim bir şey var: Əli bizim nəslin üz qarasıdır…”

Son hadisələr göstərdi ki, Əli Kərimli təkcə bir nəslin yox, siyasətin və cəmiyyətimizin üz qarasıdır. Belə olmasa idi, Azərbaycan tarixində əbədiləşən 2-3 şəxsiyyətdən biri olan Məmməd Əmin Rəsulzadə ilə nəinki müqayisə olunmağına, heç  adlarının birgə çəkilməsinə razı gəlməzdi. Madam belədirsə, Əli Kərimliyə və “milli şuraçılar”a bir-neçə xatırlatma edim. Məmməd Əmin Rəsulzadə müsəlman şərqində ilk demokratik dövlətin-AXC –nin yaradıcılarından biri və istiqlal bəyənnaməsinin müəllifidir! Bəs Əli Kərimli kimdir? Məmməd Əmin Rəsulzadə AXC-nin yaranmasından sonra dərviş kimi dünyanı gəzib Azərbaycan həqiqətlərini bəşəriyyətə çatdıran, imzalar içində imzamızı təsdiq edən bir fədai olub? Bəs Əli Kərimli Azərbaycan üçün nə edib? Yaxşı heç nə. Pis mənada isə çox şey. Əli Kərimli hər zaman Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirib. Dövlətimizin adının bəzi institutlar tərəfindən təşkil edilən bədnam siyahılara salınması üçün Əli Kərimli hər zaman dəridən qabıqdan çıxan bir adam olub…

Məmməd Əmin Rəsulzadə İkinci Dünya Müharibəsində Adolf Hitlerə qədər gedib çıxan və yüzlərlə azərbaycanlını əsirlikdən xilas edən bir millətçi olub… Etnik təmizləməyə, dədə-baba torpaqlarından qovulmağa, genosidə məruz qalan millətimiz üçün bəs Əli Kərimli nə edib? Heç nə. Amma edə bilərdi. Ən azı ABŞ-dakı və Avropadakı “dostlar”ından girovda qalan soydaşlarımızın tək birinin azad olmasının xahişini edə bilərdi. Amma etmədi.Dedi ki, bu iqtidarın problemidir. Milli maraqlarda, dövləti dəyərlərdə isə iqtidar-müxalifət olmur, Əli bəy azərbaycançılıq olur.Necəki, mühacir həyatı yaşayan Məmməd Əmin heç kimdən “sağ ol” gözləmədən Berlinin küçələrində təpik döyüb,istəyinə nail oldu. Bəs sən niyə ABŞ-dakı Avropadakı dostlarının qapısını milli maraqlarımız üçün bircə dəfə döymədin?! Çünki Məmməd Əmin bolşevizm taunundan və NKVD repressiyasından qaçdı, milliliyini və azərbaycançılığını qorudu, Əli Kərimli isə milli və azərbaycançılıq maraqlarını bir kənara atıb korporativ maraqları üçün KQB ilə əməkdaşlığa getdi…

Əziz oxucu! Bax və gör!!!… Əli Kərimli kimi birini Məmməd Əmin Rəsulzadə kimi əbədi liderlə müqayisə edəndə hansı həqiqətlər ortaya çıxır. Bu həqiqətləri “milli şuraçılar” da yaxşı bilir. Cəmil Həsənli “temboli”. Çünki Cümhuriyyət tarixini Cəmil bəy beş barmağı kimi  bilir. Bəs onda Məmməd Əmin ruhuna, Məmməd Əmin ideyalarına, ən nəhayət tariximizə və bu günümüzə olan bu təhqirə və hörmətsizliyə niyə dözür. Məmməd Əmin ki, bu gün Azərbaycan iqtidarında  təmsil olunmayıb!!..

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*