Heydər Əliyevi xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət üçün müraciət etmiş məşhur 91-lərdən olan Vüqar İsmayılov KONKRET.az-a eksklüziv müsahibə verib.
Müsahibəni təqdim edirik:
Əvvəli bu linkdə (https://konkret.az/meshur-91-lerden-olan-vuqar-ismayilov-danisdi-heyder-eliyev-meettel-qalmisdi/)
– Söhbətimiz bir saat çəkdi. Heydər Əliyevə dedim ki, mən sizin 70-80-ci illərdə ölkəmizdə gördüyünüz o yüksək işləri televizorda “Günün ekranı” xəbərlər proqramında həmişə maraqla izləyirdim… O, mənə keçən həftə Naxçıvanda baş vermiş dəhşətli hadisələrdən, sonra dünya siyasətindən tutmuş digər siyasi hadisələrdən danışdı. Bu sözlərim də onun xoşuna gəldi. Mən ona dedim ki “məlumatım var ki, siz Yeni Azərbaycan adlı partiya yaratmaq ərəfəsindəsiniz”. O təəccüblə üzümə baxaraq dedi “sən bunu hardan bilirsən?”. Dedim ki, “əgər mən sizə yüksək məhəbbət bəsləyirəmsə, deməli bunu bilməliyəm. Bu barədə “Səs” qəzetindən oxumuşam”. O məəttəl qalaraq soruşdu ki, “Axı “Səs” qəzetində yazılanları yaxın adamlardan başqa heç kim oxumur. Xalqın xəbəri yoxdur o qəzetdən və orda yazılanlardan, çünki geniş tirajlamağa imkan vermirlər”. Dedim ki, “Heydər baba, sizə olan məhəbbətim məni o məşhur piketlərə, “Səs” qəzetinə, “Əlincə” Xeyriyyə Cəmiyyətinə gətirdi və biz keçən dəfə 91 nəfər Heydərçilər yığışdıq Riyaziyyat institutunun konfrans zalına və sizə müraciət imzaladıq. Həmin 91-lərdən biri də mənəm və hər gün dayanmadan, gecə gündüz sizin uğrunuzda fəaliyyət göstərirəm. Arzum budur ki, sizi hakimiyyətə gətirək və siz bu ölkəni və xalqı xilas edəsiniz”.
O, əməlli-başlı məəttəl qaldı, dedi ki, “O ziyalılar hamısı yaşlı adamlardır, sən cavan oğlan necə gedib düşmüsən onların arasına? Axı gənclər məni az tanıyırlar?”. Dedim bu, Allahın işidir və bir qismətdir. Sizi istəyən gənclər də az deyil. Bir saatın sonunda söhbətimiz yekunlaşdı. O mənə uğurlar arzulayaraq ötürmək istədi. Mən ona dedim ki “axı müsahibəsiz qaldı, mən sizdən müsahibə hazırlamalı idim”… O ded ki, “Müsahibəni neynirsən, nə lazımdır danışdıq da, get bu sahədə fəaliyyətini davam et”. Dedim “Yox, müsahibə mütləq olmalıdır, çünki elə bu müsahibə mənim fəaliyyət sahəmin bir hissəsi olacaq”. Xoşuna gəldi, güldü və dedi “get şəhəri gəz, dolaş, axşam saat 8 – də gəl müsahibəni götür”. Razılaşdıq, getdim, çıxdım şəhərə, muzeylə tanış oldum. Axşam saat 8-də bir daha gəldim .Heydər Əliyev məni yenidən qəbul elədi və müsahibəmiz başladı.
Mənim diktafonum olmadığından özümlə maqnitofon və mikrofon götürmüşdüm. Onun müavini Vasif Talıbov da diktofonla gəldi, mənlə üzbəüz oturdu və diktofonu qoşdu. Müsahibə düz bir saat çəkdi. Saat 9 tamamda o məni yüksək rəğbət hissi ilə qapıyadək yola saldı və uğurlar arzuladı. Həm də dedi ki, “Sirus Təbrizli də buralardadır, istəsən, gedib onunla “Qonaq evi”ndə görüşə bilərsən”. Mən səhər getdim “Qonaq evi”nə və orada Sirus bəylə tanış oldum, ona öz fəaliyyətim barədə ətraflı məlumat verdim. Sirus Təbrizli ilə də xeyli söhbət etdik və o, mənə bir ustad kimi xeyir-dua verdi. Mən aeroporta gəldim, təyyarədə ikən müsahibənin başlığını – bir proloq yazdım, hiss etdim ki, yanımda kimsə təqibçi oturub, ona fikir vermədim. Gəldim çatdım evə, başladım səsli yazını kağızlara köçürməyə, sonra apardım redaksiyaya. 24 səhifəlik müsahibə alınmışdı. Başlığını belə qoydum: “Heydər Əliyev: “Yeni Azərbaycan Partiyasının yaranması zəruridir!”. Bir surətini “168 saat” qəzetinə verdim, o biri surətini gətirdim “Səs” qəzetinə, baş redaktor dedi : “Sən əjdahasan ki!”. Beləliklə, Heydər Əliyevin YAP-la bağlı ilk qərarını mən ictimailəşdirdim. Qəzeti qucaq-qucaq daşıyırdım köşklərə, çünki hamı alıb-oxuyurdu, hamı axtarırdı. “Axtarış” qəzetindəki məqaləm olan nömrənin nüsxələrini də bir həftə “Nizami” kinoteatrın arxasındakı köşkə daşıdım, çünki satıcı deyirdi ki, mən bu qəzeti şüşəyə qoyan kimi Heydər Əliyevin şəklini görənlər dərhal onu alıb oxuyurlar, böyük tələbat var.
– Sonrakı proseslər necə inkişaf etdi və siz Heydər Əliyev hakimiyyətə gələndən sonra görüşdünüzmü?
– Əvvəla istəyirəm, YAP-ın ilk konfransından başlayam və bu proseslərə diqqət çəkəm. Xatirimdədir, noyabrın axırları YAP-ın ilk təsis konfransı Naxçıvanda keçirildi. Və Bakıda, rayonlarda partiyanın ilk təşkilatlarının yaranması start götürdü. Mən gecə-gündüz dayanmadan ora-bura qaçır, YAP-ın proqramını yayırdım, nümayəndə qrupu yaradaraq məktəblərdə, bağçalarda, müəssisələrdə iclas keçirirdim. Hətta Heydər Əliyevin böyük plakatını yazılarla yüzlərlə, minlərlə nüsxəsini çıxardıb binaların divarına, hər yerə yapışdırırdım. O plakatları Sumqayıtdakı “Ximavtomat” institutunda çıxartdırırdım. Bu institutun direktor müavini Vahid Ağayev də mənə çox kömək edirdi. O da əsl vətənpərvər idi. Fəaliyyətimə görə dəfələrlə təqiblərə, hücumlara məruz qalırdım, iki dəfə tapança gülləsindən yayınıb canımı güclə qurtara bilmişdim. Tərtib etdiyim xüsusi plan-proqram üzrə fəaliyyət göstərirdim. Nəhayət, 1993-cü ilin yazında Heydər Əliyev Bakıya gəldi. Martın 4-də Nərimanov Rayon Elektrotexnika institutunda biz 91-lərlə görüş təşkil olundu. Mənimlə bərabər jurnalist dostum Faiq Hüsiyev də getmişdi. Zalda ən cavan adamlar biz ikimiz idik. Heydər Əliyev zala daxil oldu və böyük alqışlarla qarşılandı. Mən əlimdə həmin albomla birinci cərgədə oturmuşdum. Faiq mənim arxamda oturmuşdu. Çox çıxışlar oldu və axırda Heydər Əliyev özü çıxış elədi. Onun çıxışı çox möhtəşəm oldu. Biz başa düşdük ki, artıq tezliklə, o ölkəmizə rəhbərlik edəcək, çıxışın ruhundan bu, hiss olunurdu. Çıxışdan sonra Heydər Əliyev bizimlə də ayaqüstü görüşdü. Mən Faiqi gənc jurnalist kimi tez-tələsik ona təqdim etdim. Dedim ki, müsahibə götürmək istəyirik. Dedi ki, çağıraram. Amma adam çox olduğundan müsahibə götürə bilmədik. O, yaşlı tərəfdaşları ilə orada bir kabinetə keçdi. Bir çox şəxslər onun qəbulu üçün sıraya düzülmüşdü. Biz də gözləyəsi olduq. Rəfael Allahverdiyev tez-tez içəri çay daşıyırdı. Xeyli gözlədik. Qapıda partiya sədrinin təşkilati işlər üzrə müavini Əli Nağıyev dayanmışdı, növbə bizə çatanda mən Əli Nağıyevə yaxınlaşdım.O, qarşımı kəsdi. Mənə dedi ki “sənə olmaz!”. Mən elə qırıldım ki, az qaldım bükülüb yıxılam. Şok oldum. Heç cür özümə gələ bilmədim…
Sonra Rəfael Allahverdiyev gəlib telefon nömrəmizi yazdı ki, zəng edib sizi çağıracağıq… Nə isə dağılışdıq. Səhər açıldı, mən sadə və saf adam oluğuma görə unutdum dünənki hadisəni və yeni həvəslə getdim qərargaha. Əli Nağıyev məni görən kimi təbəssümlə əlimi sıxdı və çiynimi tutaraq mənə dedi ki “dünənki hərəkətimə görə məni bağışla , səndən üzr istəyirəm!”. Yenə heç bir şey anlamadım. Ona dedim ki “Allah bağışlasın, mən təmənnasız xidmət göstərirəm, vətənpərvərəm, millətpərəstəm, şöhrətpərəst və karyerist deyiləm, mənə heç nə lazım deyil. Mənim yalnız bir arzum var ki, xilaskar gəlsin hakimiyətə və ölkəni, xalqı xilas etsin, ona görə də dünənki hadisə mənim üçün faciə deyil”. (Amma bu gün də yadıma düşəndə görürəm ki, mənə qaranlıq qalıb o hadisə). Buna baxmayaraq mən fəaliyyətimi biraz da gücləndirdim, Sumqayıt şəhər radiosunun müdirini YAP-a cəlb etmişdim və həftədə üç dəfə gedib orada Heydər Əliyev barədə yazdığım məqalələrimi oxuyurdum. Mən Əliyevçilərdən də müsahibələr hazırlayırdım. Deyə bilərəm ki, 91-lərin içində hamıdan çox mən fəaliyyət göstərirdim, çünki cavan idim və enerjim çox idi.Xıdır Alovlu ilə birlikdə Sumqayıtda YAP-ın yaradılmasında böyük əmək sərf etmişəm. Artıq hər yerdə insanlar Heydər Əliyev barədə məlumatlanırdılar və dəstə-dəstə axışaraq YAP-a üzv yazılmağa gəlirdilər. Artıq iyun ayında Heydər Əliyev hakimiyyətə gəldi, Ali Sovetin sessiyasında sədr seçilmək ərəfəsi idi, məlumat daxil oldu ki, ona problem yarada bilərlər, mane ola bilərlər, dərhal Sumqayıtdan yüzlərlə adamı avtobuslarla Ali Sovetin qabağına gətirdim və özüm isə müxbir kimi həmin sessiyada ikinci mərtəbədə – foyedə iştirak edirdim və yanımdakı bir ingilis jurnalistə də iclasın gedişini tərcümə edirdim. İclasın sonunda o brifinq keçirdi. Orada da iştirak edirdim və Heydər Əliyev məni orada da gördü. Mən karyerist olmadığıma görə onun vaxtını almaq, nə isə xahiş etmək barədə heç vaxt düşünmürdüm .Bu ağlıma da gəlmirdi . Əsas o idi ki arzum baş tutmuşdu, xilaskar hakimiyyətə gəlmişdi və xalqı, ölkəni xilas edəcək. Həmin iclasda mən ona yaxınlaşmadım, növbəti tədbirlərdə də həmçinin. Çünki belə çıxardı ki, nəsə bir təmənnam var. Eyni zamanda YAP daxilində Əli Nağıyev tərəfindən özümə qarşı qısqanclıq hiss etdim. Sonra kişi onu nazir vəzifəsinə təyin etdi, getdim “Domsovet”ə ki, onu təbrik edim. Nahar vaxtı kabinetinin ağzında dayanmışdım , gəldi yanımdan, qarşımdan keçdi, salamımı almadı, guya məni tanımadı. Yerimdə donub qaldım.Köməkçisinə dedim ki, “ona denən məni qəbul etsin”, cavab gəldi ki “qəbul etmək istəmir”.Mən də inciyib getdim.Hər halda biz partiya yoldaşı olmuşduq, belə münasibət gözləmirdim.
– Bəs siz sonra nə etdiniz?
Müsahibəni aldı: Fadil Paşayev
(Ardı var)