backend

Elmar Məmmədyarov Qarabağ münaqişəsi və Rusiya ilə münasibətlər haqqında nə dedi?

KONKRET.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2019-cu ildə Qarabağ münaqişəsinin həlli yönündə nəticə əldə edə bilmədiklərini deyir. Yerli mətbuata açıqlamasında nazir Avropa İttifaqı ilə Sazişin taleyindən, Rusiya ilə münasibətlərdən və ölkənin Avropa İttifaqı və Avrasiya İttifaqı seçimi qarşısında olub-olmamağından danışıb.

Elmar Məmmədyarov hesab edir ki, buna görə də həyata keçirilən etimad təbirləri, humanitar təşəbbüslər məhz münaqişənin həllini irəli aparmaq, Azərbaycan ərazilərinin işğalı faktorunu aradan qaldırmaq və məcburi köçkünlərin öz evlərinə, mülklərinə geri dönməsinə xidmət etməlidir.

Nazirə görə, münaqişənin həlli üzrə danışıqlar prosesində bu il ərzində konkret irəliləyiş olmasa da, bunu “danışıqlar dalana dirənib” kimi dəyərləndirmək düzgün olmazdı. “Soruşursunuz ki, danışıqların aparılması bizə nə verib. Münaqişəni həll etmək danışıqlar aparmaq deyil, bəs nədir? Münaqişə yenidən alovlanarsa belə, yenidən danışıqlar başlayacaq, çünki nə əbədi davam edən müharibə, nə də danışıqlar mövcud deyil”.

Rusiya ilə münasibətlər barədə

Elmar Məmmədyarov bu il Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. Nazir inanır ki, Rusiya Qarabağ münaqişəsinin düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir.

O bildirib ki, iki ölkə arasında yüksək siyasi rəhbərlik səviyyəsindəki sıx əlaqələr və etibarlı dialoq həlledici rol oynamaqda davam edir. “Bu, siyasi münasibətlərdən tutmuş ticarət, iqtisadi və humanitar əməkdaşlığa qədər münasibətlərimizin bütün spektrini əhatə edən strateji tərəfdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır”. Nazirin sözlərinə görə, iki ölkə arasında əlaqələr “məqsədyönlü və proqram xarakteri” daşıyır.

Bu il ölkəyə bir milyona yaxın rusiyalı turistin gəlməsini nazir “mühüm göstərici” kimi qiymətləndirir. “Əlbəttə, bu, onu göstərir ki, rusiyalılar Azərbaycanda özlərini rahat hiss edirlər, burada səmimi qəbul ilə üzləşirlər və dil baryerinin olmamasının üstünlüklərindən istifadə edirlər”.

Avropa İttifaqının ikitərəfli saziş haqqında

2019-cu ildə Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edəcək strateji tərəfdaşlıq haqqında gözlənən Saziş imzalanmadı. Elmar Məmmədyarov deyir ki, bunun üçün konkret tarix müəyyən edilməyib.

“Tərəflər danışıqların yekunlaşması və sənədin paraflanması və imzalanması ilə bağlı heç vaxt hər hansı tarix məhdudiyyətlərini nəzərdə tutmayıb. Bizim üçün danışıqlarda kəmiyyət və vaxt məhdudiyyətləri deyil, keyfiyyət önəmlidir”.

Nazir Avropa Komissiyasının yeni rəhbər heyəti ilə Saziş üzərində işləri davam etdirəcəyini deyib və əlavə edib ki, bunun Azərbaycanın “milli mənafelərinə uyğun olması mütləqdir”.

Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi İttifaqı?

Elmar Məmmdəyarov deyir ki, Azərbaycanın qarşısında Avropa İttifaqı ya Avrasiya İqtisadi İttifaqı seçimi yoxdur. “Azərbaycan seçim baxımından “ya-ya da” prinsipi əsasında düşünmür. Bütün xarici siyasət qərarlarımız, ilk növbədə, ölkəmizin inkişafı maraqlarına söykənir. Kənardan bu və ya digər seçimi tətbiq etmək cəhdləri uğursuzluğa düçar olur və bunu, son onilliyin təcrübəsi də daxil olmaqla, bütün müasir tarix nümayiş etdirir. Bu reallıqları bu cür cəhdləri edən xarici qüvvələr də artıq birmənalı şəkildə dərk edir”.

Nazir vurğulayır ki, Azərbaycan həm qonşu dövlətlərlə, həm də əsas qlobal tərəfdaşlarla qarşılıqlı faydalı bərabərhüquqlu əməkdaşlığın inkişafı kursunu davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*