“Əlverişli şəraitin olmaması İKT sahəsinin inkişafını ləngidir” – AÇIQLAMAbackend

“Əlverişli şəraitin olmaması İKT sahəsinin inkişafını ləngidir” - AÇIQLAMA

İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı müasir dövrün ən mühüm tələblərindən biridir. Çünki yaşadığımız dövr informasiya əsridir. Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması, eləcə də intellektual potensialın inkişafı nəticəsində İKT sahəsi ölkənin sosial-iqtisadi həyatına daha ciddi nüfuz edir. Müasir dövrdə və gələcək perspektivdə İKT-nin əhəmiyyəti ön plana keçir. Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəd olub. İKT sahəsinin inkişaf etdirilməsi insanların rahatlığını təmin etməklə yanaşı bir sıra prioritet sahələrdə şəffaflığın yaradılmasında da mühüm rol oynayır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə elektron hökumətin xidmət dairələri getdikcə genişlənir. Məmur vətəndaş münasibətlərinin minimuma endirilməsi üçün müxtəlif tədbirlər görülür və bu istiqamətdə İKT-nin verdiyi imkanlardan geniş istifadə olunur. Ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması, “Azərkosmos” ASC-nin, “ASAN xidmət” mərkəzlərinin, “Elektron hökumət”in yaradılması görülən işlərin bariz nümunəsidir. Lakin bu sahədə bəzi problemlərin həlli üçün bir çox işlər görmək lazımdır.  

Mövzu ilə bağlı KONKRET.az-a danışan İKT üzrə mütəxəssis Rəşad Əliyev bildirib ki, Azərbaycanda dövlət bu sahənin inkişafına kifayət qədər dəstək olur: “KOBİA və digər qurumlar çərçivəsində İKT sahəsinin inkişaf etdirilməsi üçün müəyyən işlər görülür. Lakin bu sahədə çoxsaylı problemlər hələ də qalmaqdadır. Ən böyük problemlərdən biri isə bu sahə ilə əlaqəli şəxslərin vahid  icmasının olmamasıdır. Sözügedən sahədə çalışan şəxslər rahat və azad rejimdə fəaliyyət göstərməyə üstünlük verir. Lakin müəyyən limitlər onların  öz sahəsində daha da irəli getməsinə və uğur qazanmasına mane olur. Həmçinin, valyuta axınının ölkəyə gəlməsində ciddi problemlər var. Təəssüf ki, belə problemləri görən İKT mütəxəssisləri bir müddətdən sonra başqa ölkələrə üz tutmağa məcbur qalır. Yəni belə demək olarsa, əlverişli şəraitin olmaması İKT sahəsinin inkişafını ləngidir”.

Ekspertin fikrincə, bu sahənin inkişafından söhbət gedirsə, o zaman qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir: “Xaricdən ölkəmizə investisiyanın cəlb olunması ilə bağlı əngəllər aradan qalxmalıdır. İnkişaf etmək istəyiriksə, problemlərin həllinə köklənməliyik. Mütəxəssislərimiz startap layihələrini xaricdə açmağa məcbur olur. Bütün bunlar qanunda olan boşluqlardan irəli gəlir. Peşəkar kadrların ölkədə qalıb işləməsinə şərait yaratmalıyıq. Onların fəaliyyətinə mane olan hər bir problem öz həllini tapmalıdır. Yalnız bu halda biz İKT-nin inkişafına nail ola bilərik”.

Əgər İKT sahəsinin inkişafından danışırıqsa burada intenretin sürəti və keyfiyyətindən söz açmaq da yerinə düşər. Texnologiyanın bu qədər inkişaf etdiyi bir vaxtda hələ də bəzi yerlərdə insanlar internetə qoşula bilmir. Bu istiqamətdə hansı işlərin görülməsinə ehtiyac var?

Osman Gündüz dronların gətirilməsi prosedurunu pislədi

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, ölkədə internetin keyfiyyəti və əlçatanlığı ilə bağlı müxtəlif problemlər mövcuddur: “Bu problemlərin aradan qaldırılması istiqamətində dövlət tərəfindən müəyyən addımlar atılır. Məsələn, Bakı kəndlərində, o cümlədən regionlarda keyfiyyətli internetə əlaçatanlığın təmin edilməsi üçün bəzi işlər görülür. Problemin aradan qaldırılması üçün hökumət tərəfindən dövlət-özəl təşəbbüsü irəli sürülüb. Əvvəllər bu işi dövlət provayderləri özü görmək istəyirdi. Məlum oldu ki, resurslar yetərli deyil və bu işin öhdəsindən dövlət provayderləri  tək gələ bilməz. Ona görə də özəl provayderlərlə birlikdə problemi həll etmək üçün dövlət-özəl tərəfdaşlığı irəli sürülüb.  Hazırda regionlarda və Bakı kəndlərində problemin həlli istiqamətində addımlar atılır. Kəndlərin kütləvi olaraq internetləşməsi prosesinə start verilib və ciddi işlər görülür. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi prosesin iki il ərzində başa çatdırılacağını söyləyir. İki il sonra Azərbaycanda yüksək sürətli keyfiyyətli internet məsələsi öz həllini tapacaq. Telefon xətləri ilə çəkilən internet köhnə texnologiyadır. Bu üsulla keyfiyyətli və sürətli internet əldə etmək asan deyil. Ona görə də nazirlik yeni texnologiyadan istifadə etməklə internet çəkilişinə start verib. Həmin texnologiya ilə internet, televiziya və telefon xidmətləri əldə etmək mümkündür. Ona görə də düşünürəm ki, köhnə texnologiyaya strategiya kimi baxmaq olmaz. Biz artıq bu texnologiyadan qurtulmalıyıq”.

Sevinc Paşayeva,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*