“Əmək hüququm pozulur, maaşım qanunsuz tutulur” – “ATS Food” işçisinin iddiasına CAVAB VERDİbackend

"Əmək hüququm pozulur, maaşım qanunsuz tutulur" - "ATS Food" işçisinin iddiasına CAVAB VERDİ

Uzun illər çalışdığı şirkətdə əmək hüquqlarının pozulduğunu iddia edən sürücü redaksiyamıza müraciət edib.

KONKRET.az-a vətəndaş Cabbarov Ceyhun tərəfindən müraciət daxil olub.

Müraciətdə o, uzun illər çalışdığı şirkətdə əmək hüquqlarının pozulduğunu iddia edir.
Şikayətçinin sözlərinə görə, artıq 11 ildir “ATS Food” MMC-də sürücü vəzifəsində çalışır və bu müddət ərzində dəfələrlə haqsız hallarla üzləşib.

Ceyhun Cabbarov bildirir ki, müxtəlif vaxtlarda müəssisədə yaranan problemlərə görə məsuliyyət işçilərin üzərinə qoyulur və nəticədə əməkdaşların maaşından müəyyən məbləğlər tutulur.

Onun sözlərinə görə, hazırda səhhətində ciddi problemlər var və uzun müddətdir xəstəlik səbəbindən işə çıxa bilmir. Şikayətçi iddia edir ki, şirkət tərəfindən işçilərə lazımi qayğı göstərilmir və əməkdaşlara yetərincə dəyər verilmir.

O, xüsusilə səhhəti ilə bağlı yaranmış vəziyyətdə müəssisənin ona dəstək olmadığını qeyd edib.

Məsələni aydınlaşdırmaq üçün KONKRET.az “ATS Food” MMC-nin Hüquq şöbəsinin müdiri Akif Abbasovla əlaqə saxlayıb. Şirkət rəsmisi bildirib ki, Ceyhun Cabbarov 11 ildir müəssisədə sürücü kimi fəaliyyət göstərir və onun səsləndirdiyi iddialar əsassızdır.

Akif Abbasovun sözlərinə görə, şirkətdə hər hansı əməkdaşın əməkhaqqından qanunsuz tutulma aparılması mümkün deyil.

O, qeyd edib ki, əməkdaş hər hansı hüquq pozuntusu hesab etdiyi fakt varsa, qanunvericiliyə uyğun olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək hüququna malikdir.

Şirkət nümayəndəsi əlavə edib ki, əməkdaşın icbari tibbi sığortası mövcuddur və bütün sürücülər hər gün işə başlamazdan əvvəl tibbi müayinədən keçirilir. Bildirilib ki, Ceyhun Cabbarov varikoz xəstəliyindən əziyyət çəkir və bu səbəbdən dekabr ayından etibarən bülletendədir.

Bu müddətdə qanunvericiliyə uyğun olaraq ödənişlərin bir hissəsi şirkət, digər hissəsi isə dövlət tərəfindən həyata keçirilir.

Akif Abbasovun sözlərinə görə, əməkdaşın bölgə rəhbəri mütəmadi olaraq onunla əlaqə saxlayaraq, səhhəti ilə maraqlanıb, lakin son vaxtlar Cabbarov telefon zənglərinə cavab vermir.

Şirkət rəsmisi həmçinin bildirib ki, müəssisədə 1200-ə yaxın işçi çalışır və hər hansı əməkdaşın səhhətində problem yaranarsa, yalnız qanun çərçivəsində dəstək göstərilir. Onun sözlərinə görə, şirkətin böyük məbləğdə əlavə müalicə xərcləri ödəmək imkanı yoxdur və bu, qanuni öhdəlik sayılmır.

Qeyd olunub ki, əməkdaşın əməkhaqqısı mütəmadi şəkildə ödənilir, sürücülər aylıq maaşdan əlavə bonuslar da alırlar.

Şirkət nümayəndəsi vurğulayıb ki, Cabbarov hazırda bülletendədir və sağaldıqdan sonra əvvəlki qaydada iş fəaliyyətini davam etdirə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*