Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Adil Əmirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Adil Əmirovun barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınıb.
İttihama görə, hadisə 28 dekabr 2025-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib. Təqsirləndirilən şəxs yaşadığı evə gəldiyi zaman onunla qeyri-rəsmi ər-arvad münasibətində olan və eyni ünvanda yaşayan zərərçəkmiş Tamilla Əsədova (adı, soyadı şərtidir) tərəfindən evə gec gəlməsi ilə bağlı iradla qarşılaşıb.
Belə ki, zərərçəkmiş şəxs son zamanlar Adil Əmirovun ona qayğı və diqqət göstərmədiyini, başqa qadınlarla münasibət qurduğunu iddia edərək ayrılmaq istədiyini bildirib. Bu səbəbdən tərəflər arasında qısqanclıq və şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
İttiham aktında göstərilir ki, mübahisə zamanı Adil Əmirov qadının üzərinə hücum edərək qəsdən əl və yumruq zərbələri ilə onun sifət, boğaz, baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib, eyni zamanda boğaz nahiyəsindən sıxıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Tamilla Əsədovaya boyun nahiyəsinin sol hissəsindən sol çiyinüstü nahiyəyədək olan sahədə hematoma müəyyən edilib. Həmin xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirilib.
Beləliklə, Adil Əmirovun hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurulduğu müəyyən edilib.
İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Tamilla Əsədova təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini bildirib, onunla barışdığını, heç bir şikayət və tələbinin olmadığını qeyd edərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş edib.
