Erməni əsilli nazir Türkmənistan-Azərbaycan əməkdaşlığına mane olurdu – Zəfər Vəliyevbackend

Erməni əsilli nazir Türkmənistan-Azərbaycan əməkdaşlığına mane olurdu - Zəfər Vəliyev

Ötən gün Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandum imzalanıb.

KONKRET.az xəbər verir ki, Sözügedən məsələ ətrafında Yenisabah.az-ın suallarını neft məsələləri üzrə ekspert Zəfər Vəliyev cavablandırıb:

– Zəfər müəllim, Anlaşma Memorandumunun Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyəti nədən ibarətdir?

– Bu yatağın birgə işlənməsi Azərbaycanda neft hasilatının bir neçə il sabit saxlanmasına kömək edəcəkdir. Türkmənlərin “Sərdar” adlandırdığı “Kəpəz” neft-qaz yatağının Türkmənistanla birgə işlənməsi ideyası uzun illərdir ki, Azərbaycan tərəfindən irəli sürülən ən optimal təklifdir. Azərbaycan dəfələrlə Xəzəryanı ölkələrə, o cümlədən Türkmənistan və İrana mübahisəli yataqların birgə işlənməsi üçün öz təklifini verib. Bildirim ki, son illərdə Türkmənistan Azərbaycanın ixrac güclərindən istifadə edib. Belə ki, Türkmənistanın “Çələkən” neft yatağından hasil olunan neft həcmləri “SOCAR Training” tərəfindən alınaraq Səngəçal terminalı vasitəsilə Bakı-Ceyhan əsas ixrac boru kəmərləri sisteminə buraxılır. Yəni biz Xəzəryanı ölkələrə öz terminallarımızı, öz ixrac güclərimizi açıq elan etmişik. Bu, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüsdür. Nəzərə almaq lazımdır ki, həmin yataq, ümumiyyətlə, Türkmənistanın ərazisindəki dəniz yataqlarının əksəriyyəti Azərbaycan geoloqları tərəfindən açılıb. Eyni zamanda analoji fikri Qazaxıstan və Rusiyanın Xəzər dənizindəki yataqları haqqında da demək olar. Çünki sovet dönəmində Xəzər dənizində, əsasən, geoloji kəşfiyyat, axtarış işlərini məhz Azərbaycan  geoloqları həyata keçirirdi. İndi bu məsələ artıq öz həllini tapıb.

– “Dostluq” yatağının birgə işlənməsinin Türkmənistan üçün nə kimi üstünlükləri var?

– Yatağın işlənməsi elə ilk növbədə Türkmənistana kifayət qədər dividend gətirəcək, çünki  son illər Türkmənistan öz enerji yataqlarının maliyyələşdirilməsində, xarici investisiyaların cəlb edilməsində çətinlik çəkirdi. Digər tərəfdən Türkmənistanın  enerji qaynaqlarının beynəlxalq bazarlara çıxarılmasında ən optimal yol məhz Azərbaycan ixrac güclərinin vasitəsitəçi olmasıdır. Türkmənistan bu gücdən istifadə edəcək, çünki “Kəpəz” yatağı orta yataqlar qrupuna daxil olan yataq hesab olunur.  Oradakı geoloji ehtiyatların təxminən 50 milyon tonu xam neftdir, təbii qaz isə 100 milyard m3-ə yaxındır. “Kəpəz” yatağı Azərbaycanın Türkmənistanla sərhəddə yerləşən ən son yatağıdır. Bakıdan “Kəpəz” yatağına olan məsafə 140 kilometrdir. Deməli,Türkmənistan qarşıdakı illərdə bu yataq ətrafında infrastruktur qurulduqdan sonra  digər imkanlara da malik olacaqdır. Ona görə də həm Azərbaycan, həm də Türkmənistan üçün yatağın birgə işlənməsi maliyyə baxımdan üstünlükdür.

“Seysmik və ekoloji faktorların qabardılması doğru mövqe deyildi”

– Bildiyiniz kimi, 30 ilə yaxındır ki, tərəflər bu məsələ üzərində anlaşa bilmirdilər, xüsusilə də Türkmənistan güzəştə getmirdi. Maraqlıdır, nə dəyişdi ki, Türkmənistan razılığa gəldi?

– Bu məsələ Xəzərin hüquqi statusu ilə bağlı idi. Düşünürəm ki, statusla bağlı irəli sürülən iddialar artıq aradan qalxıb. “Kəpəz” yatağının birgə işlənməsilə bağlı elə ciddi problem yoxdur. Çünki Xəzərin hüquqi statusunda bir müddəa var ki, qonşu dövlətlərin, yəni Türkmənistan və Azərbaycanın  siyasi istəyi olarsa, yeraltı kommunikasiyaların çəkilməsində elə bir ciddi problem yoxdur, burada söhbət karbohidrogen yanacaqlarının nəqli üçün nəzərdə tutulmuş yeraltı kommunikasiyaların çəkilməsindən gedir. Bu baxımdan imzalanan memorandum hər iki tərəfə kifayət qədər dividend gətirəcək.

Yatağın işlənməsinin dalana dirənməsinin digər səbəbi Türkmənistanın keçmiş prezidenti Niyazovun prezidentliyi dövründə xarici işlər naziri erməniəsilli Boris Şahmuradovun (sonradan həbs edildi) Azərbaycana qarşı neqativ mövqe tutması idi. Şahmuradov enerji məsələlərində Türkmənistan – Azərbaycan əməkdaşlığına həmişə mane olurdu. Həmçinin qeyd etmək  lazımdır ki, 1994-cü ildə Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi ilə bağlı “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra bu blokdan hasil ediləcək neft həcmlərinin beynəlxalq bazarlara çatdırılması ilə bağlı marşrutun seçilməsində qonşu dövlətlərin bir az aqressiv münasibəti vardı. Məsələn, Rusiya Federasiyası Xəzərin Azərbaycan sektorundan hasil olunan neft  həcmlərinin Gürcüstan və Türkiyə üzərindən Aralıq dənizinin enerji bazarlarına çıxarılmasına neqativ yanaşırdı. Analoji fikri İran üçün də söyləmək olar. İran da Azərbaycan karbohidrogen ehtiyatlarının Türkiyə üzərindən qlobal müştəri bazarlarına çıxarılmasına neqativ yanaşırdı. Ona görə də Xəzərin hüquqi statusu məsələsi uzun müddət həll edilməmiş qaldı. Eyni zamanda İran və Rusiya nümayəndələri bəyan edirdilər ki, Xəzər regionu seysmik cəhətdən aktiv bir bölgə olduğuna görə Xəzər dənizində yeraltı infrastrukturların, yəni karbohidrogen ehtiyatlarının nəqli üçün kəmərlərin çəkilməsi təhlükəli xarakter daşıyır. Burada ekoloji faktorları da önə çəkirdilər. Həmçinin naviqasiyanın gəmilərin Xəzər dənizində hərəkətinə mane olacağını deyirdilər. Lakin bildirim ki, hələ sovetlər dönəmində Türkmənistanın qaz nəql sistemi ilə Azərbaycanın qaz nəql sistemini birləşdirən yeraltı qaz kəməri mövcud idi. Bu kəmər 1994-cü ilə qədər normal fəaliyyət göstərirdi. Onun fəaliyyətdə olduğu tarixə nəzər salsaq, görərik ki, həmin vaxt elə ciddi bir qəza baş verməyib. Deməli, burada seysmik və ekoloji faktorların  qabardılması doğru mövqe deyildi.

“Azərbaycanın seçdiyi ixrac marşrutları qonşu dövlətlərin geosiyasi maraqlarına zidd idi”

– Bəs bu tip bəhanələr irəli sürmələrinə səbəb nə idi?

– Sadəcə olaraq Azərbaycanın seçdiyi ixrac marşrutları qonşu dövlətlərin neft siyasətini, eyni zamanda geosiyasi maraqlarına zidd idi. Mən Şahdəniz qaz-kondensat yatağının işlənməsinə keçid etmək istəyirəm. Həmin yatağın Faza 1 mərhələsində hasil ediləcək qaz həcmlərinin “Bakı-Tbilisi-Ərzurum”  kəmərləri vasitəsilə Türkiyə bazarlarına çıxarılması məsələsi vardı. Hələ o dövrdə kəmərin marşrutunun seçilməsi ərəfəsində Rusiya və İran Azərbaycana təkidlə təklif verirdi ki, bu layihə çərçivəsində Şahdəniz qaz-kondensat yatağından hasil olunan qaz həcmləri sərhəd təslimi məntəqəsində onlara satılsın. Təbii ki, onlar qaz ehtiyatlarına görə dünyada ilk üçlükdə olan dövlətdir. Azərbaycan əgər həmin dövrdə Türkmənistan kimi nəql marşrutunda yanlışlığa yol versəydi, indi biz tamamilə başqa bir mənzərənin şahidi olacaqdıq. Yəni yatağın 30 il müddətində işlənməsinin dalana dirənməsi birbaşa Türkmənistanın və Türkmənistana bu və ya digər şəkildə təsir edən dövlətlərin günahıdır.  Bunu artıq açıq demək olar. Azərbaycan 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərinin sənaye istismarına verəndə artıq Türkmənistan İrana bir qaz kəməri çəkmişdi və eyni zamanda Türkmənistanla Rusiyanın “Qazprom” şirkəti arasında Türkmənistanın şərq vilayətlərindən hasil olan təbii qazın Orta Asiya-Mərkəz magistral qaz kəmərinə birləşdirilməsi ilə bağlı yeni bir Şərq-Qərb layihəsi üzərində danışıqlar gedirdi. Türkmənistanın da həmin dövrdə kobud səhvə yol verməsi ucbatından bu gün Türkmənistan öz qaz həcmlərinin müştəri bazarlarına çatdırılmasında çətinliklərlə üzləşib.

“Bölgənin enerji xəritəsində ciddi dəyişikliklər olacaq

Məsələn, İranla Türkmənistanı birləşdirən iki qaz kəməri mövcuddur. Kəmər demək olar ki, artıq bir neçə ildir fəaliyyətini dayandırıb. Rusiyaya Orta Asiya-Mərkəz xətti vasitəsilə ötürülən qaz həcmləri kifayət qədər aşağı düşüb. Ona görə də Türkmənistan bu gün qaz ixracında Çindən asılı vəziyyətdədir və təbii ki, alternativ ixrac marşrutları olmadığına görə qiymət məsələsində Çinlə danşıqlarda bərabərhüquqlu tərəfdaş imkanını itirib. Bu baxımdan “Dostluq” yatağının birgə istifadəyə verilməsi ilə bağlı memorandumun imzalanması Türkmənistan karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılmasına münbit şərait yaradır. Dostluq yatağı Xəzərin Azərbaycan sektorunda ən son yataqdır. Deməli, Türkmənistanın məntəqəsindən qaz həcmlərinin Azərbaycan qaz nəql sisteminə birləşməsində də bir problem yoxdur. Mən burada Transxəzər lahyihəsindən söz edirəm. Çünki 1995-ci ildən bu məsələ gündəmdədir. Həm Avropa Birliyi, həm ABŞ  o dövrdə qaz kəmərinin çəkilməsində maraqlı tərəf kimi çıxış edirdilər və bu lahiyəni prioritet kimi qiymətləndirirdilər. Çünki Xəzər regionunun enerji ehtiyatları dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində Fars körfəzi ölkələrinin əhəmiyyətindən heç də aşağı deyil. Xəzər regionunda həm neft, həm də qaz yataqları mövcuddur. Bu baxımdan Ceyhun Bayramov və Rəşid Meredov arasında imzalanan memorandum Azərbaycan və Türkmənistan arasında yeni enerji nəqliyyat dəhlizinin formalaşmasna müstəsna bir hadisədir. Buna kimi Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla bir neçə dəfə danışıqlar aparmış, razılaşmalar əldə olunmuşdu. Əvvəlki Xarici işlər naziri Elmar Məmmədiyarov da bu məsələ ilə bağlı Rəşid Meredovla bir neçə dəfə danışıqlar aparmışdı. Memorandum isə 5-6 ildə aparılan intensiv danışıqların nəticəsidir. Mühüm hadisədir. Bununla bölgənin enerji xəritəsində ciddi dəyişikliklər olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*