“Ermənistan-Rusiya münasibətləri kəskin şəkildə pisləşib. Rusiyada ermənilərlə bağlı son dərəcə pis ab-hava hökm sürür. Mən çox narahatam ki, Ermənistandakı bəzi məmurların ucbatından Ermənistan-Rusiya münasibətləri bərpa olunmayacaq şəkildə pozula bilər ki, bu da ermənilərə birbaşa təsir göstərə bilər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri 1993-cü ildən Rusiyada yaşayan, Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi general-leytenant Norat Ter-Qriqoryants bildirib.
“Bir neçə gün əvvəl erməni soydaşlarımıza da dedim. Bu gün də xüsusi olaraq vurğulamaq istəyirəm: Ermənistan-Rusiya münasibətləri getdikcə Rusiya-Gürcüstan münasibətlərinə bənzəyir. Gürcülər dişlərini göstərdilər, münasibətlər korlandı, gürcülər Moskvadan və Rusiyanın digər şəhərlərindən qovulmağa başladı. Yeri gəlmişkən, burada 3 milyon erməni yaşayır, nəyisə danışanda, elan edəndə bu, burdakı ermənilərə təsir edir. İndi bizə də xor baxırlar, guya biz düşmənik.
Bilirsinizmi, ən gülməlisi nədir ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Ermənistan-Rusiya münasibətlərinin tənzimlənməsi baxımından fəaliyyətsizdir. Bizimlə heç görüşmür, sanki yad adamıq. Türkiyəyə getsək, bizi bizdən tez qəbul edərlər. Burada zabitlərimizə kömək etdim, dedilər ki,baş naziri tənqid edən generalla görüşə ehtiyac yoxdur. Mən isə Nikol Paşinyanı tənqid etmədim, sadəcə təklif etdim ki, döyüş qabiliyyətini itirmisən, bərpa planlarını təqdim etdim ki, yeni müharibəyə vaxt qalmasın. Bəyəm, bu, tənqiddir? Tənqiddən qorxan insan hörmətinə layiq deyil. Mən hərbi mütəxəssisəm, tənqidçi deyiləm.
Diaspor Nazirliyi də ləğv olundu, amma bizim çox yaxşı əlaqələrimiz var idi, çox iş görürdülər. Niyə belə etdilər, bilmirəm. Ermənilər başa düşmürlər ki, Rusiya bizi tərk etsə, Ermənistan cəmi 20 dəqiqəyə müharibədə uduzacaq. Bilsələr ki, Rusiya Ermənistanın üstündən əlini çəkdi, Ermənistanı dörd tərəfdən udacaqlar. Mən demirəm ki, Rusiya bütün məsələlərdə düzgün addım atdı. Amma hər şeyi dialoq yolu ilə həll etmək lazımdır. Nəticənin nə olacağı məni çox narahat edir. Ola bilər ki, bu münasibət getdikcə pisləşsin”.
General daha sonra vurğulayıb: “Bilirsiniz ki, mən həmişə hər şeydən asılı olmayaraq vəziyyəti obyektiv qiymətləndirmişəm. Bəli, ədalətli olmaq üçün Rusiya sülhməramlıları Laçın dəhlizinin blokadasının qarşısını almalı idilər. Ukraynaya göndərilən, sonra oradan uzaqlaşdırılan sülhməramlıların birinci rəhbəri Muradovu tənqid etdim. Sonra başqa adam gəldi, amma o da azərbaycanlılarla münasibətləri korlamamaq üçün bu prosesə qarışmağa qorxur. Amma bu məsələlər masa arxasında həll olunmalıdır. Ermənistanın bu gün Rusiyaya qarşı etdikləri sadəcə olaraq qəbuledilməz və iyrəncdir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Konferensiya