Ermənistanın onilliklər boyu özününkü hesab etdiyi, lakin sonda məhrum olduğu Qarabağdan birdəfəlik əli üzüldü. Yeni reallıq 2023-cü ildə yarandı. Bunu baş nazir Nikol Paşinyanın hakimiyyətinin nəticəsi hesab etmək əlbəttə ki, doğru deyil. Tanınmış analitiklər də bu fikirdədir. Hətta Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə bildirib ki, Nikol Paşinyan 44 günlük müharibədə əlindən gələni etdi, lakin məğlub oldu. Bu sözlər Putinin ermənilərin Paşinyanı satqın adlandırmasına diplomatik etirazı idi. Bəs reallıq nə idi? Bu suala son 3 ilin proseslərinə nəzər yetirməklə cavab axtaraq…
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdan imtina etməsi həmvətənləri arasında qəzəb dalğası yaratmışdı, lakin sonda yenə də hökumətin mövqeyi güc gəldi.
Ermənistan üçün 44 günlük müharibədən sonra yeni faciə 2023-cü ilin sentyabrında baş verdi. Azərbaycanın sürətli antiterror əməliyyatları nəticəsində bütün Qarabağ separatçılardan tam azad olundu və dövlətimiz suveren hüquqlarını bərpa etdi.
Dekabrın 23-də Paşinyan jurnalist Petros Qazaryana verdiyi müsahibəsində Qarabağ probleminin İrəvanın maraqlarına uyğun həlli yolunun olmadığını bəyan etdi. Hökumət başçısı bunun mümkünsüzlüyünü təmkinlə və təfərrüatı ilə jurnalistə izah etdi. Səbəblər siyahısına Ermənistanın tək olması da daxildi: münaqişə başlayandan bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edib.
Əlbəttə, Paşinyan haqlı idi. BMT-nin qətnamələri, ulu öndər Heydər Əliyevin sülh danışıqlarında göstərdiyi iradə və qətiyyət, son 20 ildə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin arıdıcıl, strateji siyasi kursu erməniləri bütün dünyada dalana dirəmişdi.
Məhz Nikol Paşinyan sonradan etiraf edirdi ki, Ermənistanın böyük resursları Dağlıq Qarabağ probleminin həllinə yönəldiyindən ölkə çox ağır vəziyyətə düşmüşdü. O, açıq şəkildə elə belə də deyirdi: “DQR” ölkənin iqtisadi inkişafını ləngidirdi. Həm də təkcə iqtisadi deyil. Ermənistan Respublikasının xarici siyasəti yox idi, Dağlıq Qarabağ siyasəti var idi. Ermənistan Respublikasının təhlükəsizlik gündəliyi yox idi, Dağlıq Qarabağ üçün təhlükəsizlik gündəliyi var idi”.
Paşinyanın bu açıqlamaları onu göstərir ki, Azərbaycan heç vaxt öz yolundan dönməyib, beynəlxalq arenada suveren haqları uğrunda daim Ermənistanla mübarizə aparıb. Rəsmi İrəvan isə istər Ter-Petrosyan, istər Koçaryan, istər Sarkisyan, istərsə də Paşinyanın hakimiyyət illərində “müdafiə olunmaq” üçün dəridən-qabıqdan çıxıb.
Məsələn, indiki baş nazirin bəyanatlarını ilk dəfə prezident Levon Ter-Petrosyan səsləndirirdi. Eks-prezident 1998-ci il yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının iclasında vurğulamışdı ki, “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamış vəziyyəti Ermənistanın iqtisadi inkişafına mənfi təsir göstərir”.
Daha sonra o, hökumət üzvlərini Qarabağ məsələsində Azərbaycanla tezliklə razılığa gəlməyin vacibliyinə inandırmağa çalışmışdı. Həmin gün Ter-Petrosyanı dinləyənlər arasında gələcək iki prezident – Qarabağ sakinləri Robert Koçaryan və Serj Sarkisyan da var idi. Birincisi baş nazir, ikincisi Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tuturdu.
Levon Ter-Petrosyanın arqumentləri arasında bu da var idi: “Gələcəkdə Rusiya Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində ciddi səylər göstərəcək və bu halda Ermənistan Cənubi Qafqazda yeganə müttəfiq və strateji tərəfdaş üstünlüyünü itirəcək”.
1998-ci ildə deyilən bu ifadə bu gün aktualdır: Moskva ilə Bakı arasında qarşılıqlı anlaşma mövcuddur, əksinə Moskva ilə İrəvan arasında gərginlik daha da artır.
1998-ci ildə Levon Ter-Petrosyan güzəştə getməklə bağlı bəyanatının “əvəzini ödədi”. O, buna cəsarət etdiyi üçün prezidentliyə “əlvida” deməyə məcbur oldu. Petrosyanın istefasını tələb edənlər arasında Koçaryan və Sarkisyan da vardı.
Azərbaycanla heç bir razılığa gəlmək istəməyən cəmiyyətə Ter-Petrosyan “Müharibə, yoxsa sülh? Daha ciddi olmağın vaxtıdır”, – deyə həqiqəti başa salmağa çalışırdı: “Ermənistan və Qarabağ bu gün həmişəkindən daha güclüdür, lakin münaqişə həll olunmasa, bir-iki ildən sonra hədsiz zəifləyəcək. Bu gün rədd etdiyimiz şeyi gələcəkdə istəməli olacağıq, amma əldə edə bilməyəcəyik”.
Bəli, ötən əsrdə Levonun bu sözləri Ermənistanın gələcəyi baxımından müdrik proqnoz idi. Yəni o, 2020 və 2023-cü il proseslərini 25 il əvvəl dəqiqliklə demişdi…
Həqiqətən belə oldu. Azərbaycan 2023-cü ilin sentyabrında son olaraq Qarabağda ildırım sürətli xüsusi əməliyyat keçirdi və “Dağlıq Qarabağ Respublikası”nın qalıqlarını tarixin zibilliyinə gömdü…
Regionda illərdir davam edən Ermənistan – Azərbaycan münaqişəsinin ədalətlə bitməsinin əsas səbəbi isə bir strateji faktla, daha doğrusu, siyasi liderlə bağlı idi. Bu barədə bir qədər sonra…
Son üç ildə yaşadığımız tarixi faktlar, apardığımız mübarizələr bütün dünyanın gözü qarşısında baş versə də, təəssüf ki, bu gün bəzi ağzıgöyçəklər, siyasi səbatsızlar, aqressorlar yenə də düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Bu vicdan qısırları Azərbaycanın suveren hüquqlarının tam bərpası istiqamətində atılan qətiyyətli addımları dilə gətirməyə cəsarət etmirlər.
Heç kəs dana bilməz ki, illər boyu aparılan danışıqlarda strateji ardıcıllıq, qətiyyət, nizami ordu quruculuğu, səbir və böyük diplomatiya olmasaydı, qələbəyə nail ola bilməzdik…
Və tarix göstərdi ki, 20 il ərzində Azərbaycan bir dövlət kimi daha da gücləndi, nizami və qüdrətli ordu yarandı. İmperiyadan qopmuş dövlətimiz tarixi ənənələrini bərpa etdi, azərbaycançılıq ideologiyası və vətənpərvəlik təbliğatı sistemli aparıldı.
Son proseslərdən bir daha aydın oldu ki, xalq nə qədər güclü olursa-olsun, onun taleyini güclü şəxsiyyətlər həll edir. Həmişə belə olub, indi də belədir, gələcəkdə də belə olacaq! Filosof Solon deyirdi ki, dövlətə mərasimlər və qanunvericilər deyil, xalqı arxasınca apara biləcək şəxsiyyətlər kömək edə bilər. Əgər belə şəxsiyyətlər xalqı düzgün yolla aparırlarsa, o zaman mərasimlər və qanunlar fayda verir, əgər səhv yolla aparırlarsa, faydasız olur.
Elə ona görədir ki, praqmatik lideri olmayan gürcülərin dövləti hələ də tikə-tikədir. Ukrayna viran qalıb və xilas yolu görünmür, Moldovada isə “rus yarası” metastaz verir. Amma Azərbaycan ideal xarici siyasəti ilə dünyada və regionda yeni reallıqlar yaradır.
Bu baxımdan yuxarıda qısa şərh etdiyimiz “erməni hekayəsi”ni məhz güclü dövlət adamı İlham Əliyev bitirdi! Amma dövlətçilik missiyası davam edir! Qalib ölkəmiz yeni dövrün astanasındadır. Dünya sisteminin yenidən qurulduğu bir vaxtda Azərbaycana yenə ağıllı, müdrik, qətiyyətli, uzaqgörən lider başçılıq etməlidir. O dövlət xadimi ki, güclü siyasi gedişləri ilə rəqiblərini mat qoyur, Azərbaycanın qüdrətli dövlət kimi mövcudluğunda xalqın, millətin potensialını dəyərləndirməyi bacarır. Azərbaycan indi ona görə şanslıdır ki, belə bir lideri var. Bu, İLHAM ƏLİYEVDİR.
KONKRET.az-ın ARAŞDIRMA QRUPU