Erməni QİYAMƏTİ…backend

Erməni QİYAMƏTİ...

Vətən Müharibəsində Azərbaycan düşmənini cəbhədə əzməklə sadəcə torpaqlarını qaytarmadı. 10 Noyabr Zəfəri Qarabağla bağlı bir sıra sualların açıq qalmasına rəğmən, 2 əsrdir başımızın bəlasına çevrilən Ermənistanı, erməni cəmiyyəti və diasporunu sağalmaz dərəcədə yaraladı.
Ermənistan aldığı ağır hərbi zərbədən şoka düşdü, bu halı ilə uğradığı məğlubiyyətin nələrə səbəb olacağını hələ tam dərk etməyə qabil deyil. Azərbaycan da düşmənin gələcəyi ilə bağlı aydın təsəvvürə sahib deyil. Diqqətimizi Xankəndi, rus hərbi kontingenti, azad edilmiş torpaqlarda yenidən məskunlaşma, savaşın yaralarının sarınması və postmüharibə dövrünün digər çoxsaylı qayğıları daha çox məşğul edir.
Şübhəsiz ki, Qarabağdakı hərbi məğlubiyyət bütün ermənilər üçün milli fəlakətdir və fəsadları vaxt keçdikcə erməni cəmiyyətinin iliklərinə qədər metastaz verəcək.

44 günlük savaş ermənilərin qəfil mənəvi apokalipsisinə çevrildi. Qarabağı və digər torpaqlarımızı işğal edən ermənilər 30 ilə yaxın idi ki, illüziyalara qərq olmuşdular: “qalib xalq” Qarabağ xarabalıqlarında xəyali həyat yaşayırdı. Xumarlanmışdılar, ətrafda nələrin baş verdiyini, Azərbaycanın revanşa necə can atdığını anlamağa qadir deyildilər. Liderləri də ta Şuşa işğaldan azad edilənədək erməni cəmiyyətini fil qulağında yatırdı.

 

Son 30 ildə erməni cəmiyyəti arzularını gerçəklik sandı: işğal etdikləri torparları “azad edilmiş” ərazilər elan etdilər, əcaib adlar uydurdular, özlərini həmin yerlərin “əbədi sahibləri” kimi gördülər. Sandılar ki, tale artıq üzlərinə gülür – “Böyük Ermənistan” xülyasına gerçəkdən inanmağa başladılar. İkinci Qarabağ savaşı ərəfəsində Sevr müqaviləsini gündəmə gətirməklə Türkiyəni necə qəzəbləndirdiklərinin fərqinə varmadılar…

Ermənilərin, lider və strateqlərinin faciəsi bundadır ki, indilərini ciddi təhlil etmir, gələcəklərini proqnozdan qaçır və əvəzində ölülərindən mədəd umurlar: qədim dərinliklərdən çıxardıqları şübhəli tarixi faktlarla iddialarını guya ki, arqumentləşdirirlər. Dünyaya səpələnmiş analitikləri isə ermənilərin başına corab hörməklə məşğuldur. Məsələn, Kurginyan, Baqdasarov kimi təbliğatçı-təhlilçilərin üçlü məngənədə – ermənilərin maraqları, vətəndaşı olduqları ölkənin siyasəti və türklərə nifrət arasında manevr cəhdləri fiasko nümunəsidir. İndi Paşinyanı suçlayır, amma Ermənistanın məğlubiyyətinin obyektiv səbəblərini, Putinin erməniləri qumara qoymasını etiraf edə bilmirlər.

Azərbaycan sentyabrın 27-də, şahmat dili ilə desək, “Armageddon”a – qeyri-adi şərtlərlə həlledici şahmat partiyasına başlamışdı.
Savaşın ilk 10-15 günündə əvvəlki status-kvodan əsər-əlamət qalmadı: Erməni ordusu ciddi tələfat verir, panika içində silah-sursatını, ağır texnikasını atır, döyüş meydanından qaçaraq şəhər və kəndlərimizi tərk edirdi. Hamıya aydın idi ki, müharibə erməni cəmiyyətini mənəvi-siyasi armageddona (qiyamət) yuvarlayır.
Həmin vaxt erməni liderləri Azərbaycanı “ağır nəticələrlə” hədələyir, bixəbər ermənilərsə sosial şəbəkələrdə “bu dəfə Bakını alacaqları” barədəki xülyalarını bölüşürdülər.

Ruslar erməniləri “qiyamət”dən çıxardılarmı? Cismən ola bilər, amma ruhən çətin…

Erməni tarixi öz səhvləri üzündən “təpikyemə tarixi” dir. 100 il əvvəl onlara Azərbaycan torpaqlarında dövlət yaratmaq imkanı verildi və son bir əsr ermənilər üçün pis keçmədi.
Amma yenə tarixdən dərs almadılar. Əvəzində 2020-ci ilin payızında erməni aləmi sarsıdıcı zərbə aldı: nail olduqlarını itirdi, perspektivi qaranlıqlara qərq oldu və mənəvi-psixoloji anlamda keçmişinə, ənənəvi isteriya və qorxularına döndü.
Çətin ki, erməni aləmi bir daha 27 Sentyabradək olan dövrü bir daha yaşasın. Əgər genetik qorxusundan qurtulub revanşa cəhd etsə, Ermənistan üçün bu dəfə gerçək qiyamət qaçılmaz ola bilər.
Erməni cəmiyyəti “ekzistensial təhlükə”dən (Paşinyan bu ifadəni savaşın ilk 10-15 günü dilindən düşürmürdü) qurtulmaq üçün məğlubiyyəti həzm etməlidir: etməsələr, yaranacaq situasiyanı erməni dilemması adlandırmaq olar: düşdükləri halda qalsalar, mənəvi qiyamət dərinləşəcək; revanş yolu isə real sona aparır.

Qəzənfər Həmidoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*