“Erməni tərəfinin danışıqlarda yalnız bir təsir rıçaqı qalıb” – Tomas de Vaalbackend

“Erməni tərəfinin danışıqlarda yalnız bir təsir rıçaqı qalıb” - Tomas de Vaal

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi” ifadəsi yanlışdır. Çünki bu, yalnız çərçivə sazişidir və danışıqlar üçün əsas olacaq”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Karnegi Fondunun aparıcı tədqiqatçısı, Qarabağ münaqişəsi üzrə ekspert Tomas de Vaal deyib.

Onun sözlərinə görə, hər şey Moskva və Bakıdan asılıdır. Ekspert pərdəarxası danışıqların getdiyini, lakin bu barədə məlumatların az olduğunu bildirib:

“Əlbəttə, Laçın dəhlizində yolun açılmasının zəruriliyi ilə bağlı çağırışlar var, lakin hər şey Bakının ilk növbədə Rusiyaya qarşı tələblərindən asılıdır. Düşünürəm ki, bu məsələni həll etmək olar. Amma Əliyev üçün müxtəlif məsələlərlə bağlı daha iddialı gündəm var. “Dağlıq Qarabağ” adlı müstəqil dövlət olmayacaq, 2020-ci il müharibəsi ilə bu məsələ birdəfəlik bağlanıb və ATƏT-in Minsk Qrupunun prinsipləri sona yetib”, – ekspert vurğulayıb.

“Bundan əlavə, Qarabağda beynəlxalq missiya rolunu hansı ölkələrin üzərinə götürə biləcəyi əsas və mürəkkəb məsələdir. Brüsseldə Əliyevlə Paşinyan arasında ikitərəfli görüşlər zamanı bu məsələdə ortaq məxrəcə gəlmək mümkün idi. Amma Ermənistan tərəfi qorxur ki, Naxçıvanla Azərbaycanı birləşdirən nəqliyyat dəhlizinin açılmasına razılaşsa, bu zaman son kartı da əlindən çıxacaq. Çünki bu, ermənilərin əlində qalan yeganə təsir rıçağıdır”, – Tomas de Vaal bildirib.

Xarici ekspert müharibə ilə bağlı məsələyə də toxunub. O bildirib ki, müasir Azərbaycanda yeni müharibəyə tələb yoxdur:

“Keçən il mən Bakıda idim və orada yeni müharibə tələbi yoxdur. Amma ümumi vəziyyət çox gərgindir. Əgər Laçın dəhlizində yol tezliklə açılmasa, eskalasiya olacaq”, – ekspert fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*