“Komandan (XTQ-nin sabiq, Quru Qoşunlarının hazırkı komandanı general–polkovnik Hikmət Mirzəyev – red.) da mənimlə birgə əsgərlərin sırasında hərəkət edirdi”.
KONKRET.az xəbər verir ki, bunu Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir yazıb.
O, 44 günlük müharibədə keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb:
Onun sonadək getməkdə qətiyyətli olduğunu görərək dedim:
“— Cənab komandan, siz geri — komanda məntəqəsinə qayıdın. Biz onsuzda həmişəki kimi bir neçə saata təyin edilmiş həddə oturacağıq.
— Bu yolu keçək, ondan sonra qayıdaram.
Döyüş düzülüşündə olan bütün bölmələr Cəbrayıl–Füzuli yolunu Süleymanlı kəndinə tərəf keçdikdən sonra biz demək olar ki, düşmənin müdafiə xəttinin arxasına keçmiş olurduq və düşmən Füzuli rayonunun Qarğabazar və Cəbrayıl rayonunun Arakül kəndləri istiqamətindən girərək arxamızda olan yolu bağlaya bilərdilər. Ona görə də tabeliyimdə olan 5 tankın, mayor Almuradovun komandiri olduğu taborla, yolun Füzuli və Cəbrayıl istiqamətlərinə mövqelənərək düşmənin bütün fəaliyyətinin qarşısını almaq və yolun bağlanmamasını təmin etmək tapşırığını verdim.
Biz hərəkət etdiyimiz Daşkəsən kəndindən Süleymanlı kəndinə doğru uzanan dərənin eninin təxminən 1 km idi. Cəbrayıl tərəfdən gələn asfalt yol dərəyə enərək 500 metr sonra yenidən Füzuli istiqamətində yoxuşa qalxırdı. Tabor iki hissəyə ayrılaraq 3 tankla Füzuli istiqamətinə, 2 tankla Cəbrayıl istiqamətinə mövqelənməyə başladı.
Mən yenidən komandanın geri getməsini təkidlə bildirdim. O, sonunda razılaşdı:
— Zaur, şəxsi heyəti qoru. Amma nəyin bahasına olursa-olsun, bu gün bizimkiləri qarşı tərəfə (Ərgünəş dağı silsiləsi — Hadrutun şərq kənarındakı yüksəkliklər nəzərdə tutulurdu) keçirməlisən.
— Oldu. Sizi uşaqlar geriyə, maşına qədər müşayiət etsinlər, qaydarlar, — dedim.
— Yox, denən, SandCat gəlsin, elə buradan gedərəm.
— Bura gəlsə, vura bilərlər, cənab komandan. Bir az geridən minsəniz, daha yaxşıdır.
— Yox, görsəydilər bayaqdan atardılar. Qoy gəlsin bura.
Mən rabitə ilə komandanın zirehli avtomobilini çağırdım, gələcəyi yeri və gələrkən təhlükəsiz yerdə dönmə edərək geri-geri gələrək komandanı götürməsini izah etdim.
SandCat zirehli avtomobil dediyim kimi bizə yanaşdı və komandan mənimlə görüşərək zirehli avtomobilə əyləşdi. Zirehli avtomobil yerindən tərpəndikdən bir an sonra düşmənin KS-19 topundan atılan mərmi düz avtomobilin dayanmış olduğu yerə düşdü. Düşmən bizi görərək atəşə tutduğuna əmin idim: Avtomobil sürətini artıraraq təpənin arxasına keçdi. Növbəti mərmi Füzuli istiqamətində mövqelənməyə çalışan tankın qülləsinə dəydi və tankı səfər vəziyyətində idarə edən (səfər vəziyyətində sürücü-mexanik başını lyukdan çıxararaq ətrafı daha yaxşı görərək idarə edir) sürücü-mexanik həlak oldu”.