Bu gün Azərbaycan xalqı tarixi günlər yaşayaraq, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı böyük qələbəni qeyd edir. Təəssüf ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bu şanlı qələbəsinə kölgə salmaq istəyən bəzi ermənipərəst qüvvələr yenidən aktivləşib.
Bununla bağlı KONKRET.az-a danışan deputat Aydın Hüseynov qeyd edib ki, bəzi antimilli ünsürlər yenidən fəallaşıblar: “Qısa araşdırma aparsaq görərik ki, Ermənistan mətbuatında Azərbayacana və cənab prezident İlham Əliyevin qələbəmizin əldə edilməsi istiqamətində atdığı çox mühüm addımlara qarşı hansı çıxışlar, başlıqlar, münasibətlər və aqressiyalar varsa, “sapı özümüzdən olan baltalar”, özünü müxalifət adlandıran, radikal qaragüruhların fəaliyyətində də oxşar yanaşmalar var. Ermənilərlə onların mövqeyi tamamilə üst-üstə düşür. Onların fəaliyyətinə başqa ad verməyin yeri yoxdur.
Azərbaycan demokratik dövlətdir. Dövlətimiz demokratik prinsiplər əsasında idarə edilir. Ölkəmizdə mətbuat və söz azadlığı var. Əgər Azərbaycanın uzun müddətdən sonra əldə etdiyi qələbəyə və sevincə kimsə kölgə salmağa çalışırsa, onun cavabını qanundan öncə biz vətəndaşlar verməliyik. Onlara qarşı ictimai fikir və qınaq olmalıdır. Hər kəs o ünsürlərə qarşı müasibətini bildirməlidir. Çünki hər hansı ünsürün Azərbaycan xalqının bu böyük sevincinə və qələbəsinə kölgə salmaq ixtiyarı yoxdur. Hesab edirəm ki, həmin ermənipərəst qüvvələrlə bağlı vahid vətəndaş mövqeyi və ictimai qınağın olması vacibdir”.
Nərgiz Mirzəyeva,
Konkret.az