backend

Ermənistan-Azərbaycan sərhədində baş verən son insidentlərin səbəbi bilindi - TƏFƏRRÜATLAR

İyunun 20-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Artıq MSK tərəfində namizədlərin qeydiyyatı başa çatıb. Beləliklə, bu dəfəki parlament seçkilərində 23 siyasi partiya və 4 siyasi blok parlament çoxluğu uğrunda mübarizə aparacaq. Qeyd edək ki, Ermənistanda seçkilər mojaritar qaydada keçirilir. Ona görə də bu tip seçkilərdə fərdlər deyil, siyasi güclər mübarizə aparır. Təsadüfi deyil ki, seçki gününə bir xeyli müddət qalmağına baxmayaraq, Ermənistanda siyasi gərginlik durmadan artır. İstər- istəməz bu gərginlik bir qonşu ölkə olaraq Azərbaycana da təsir edir. İctimai fikirdə müəyyən təbəddülatlar yaradır, müəyyən narahatlıqlar təzahür edir. Xüsusilə də son günlər Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr ölkəmizdə həyəcanla izlənilir.

Bəs əslində nə baş verir?

Baş verən ən böyük hadisə Ermənistandakı seçki oyunudur. Bu oyunun senarisi Kremldə yazılsa da, Ağ ev və Yelisey sarayının da müəyyən traktovkaları var. Və əslində Ermənistandakı siyasi gərginliyi də yaradan Rusiya ilə Qərbin mübarizəsidir. Burda hansısa demokratik seçkidən danışmaq sadəcə gülüncdür. Ermənistanda seçki oyunu Moskvanın böyük planının bir parçasıdır. Moskvanın planına görə, 20 iyun seçkilərində bütün hallarda Nikol Paşinyanın başçılıq etdiyi fraksiya qalib olacaq. Bu hesaba da Kreml bir güllə iki quş vuracaq.

Birincisi, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan və ölkəsini geri dönüşü çətin olan iqtisadi böhrana salan Nikol Paşinyana “ümumxalq dəstəyi”ni göstərməkdir. Bununla da Paşinyanın əleyhdarlarını, xüsusilə də Njde ideologiyasının daşıyıcılarını birdəfəlik siyasi meydandan qovub çıxarmaqdır.

İkincisi, Nikol Paşinyan dolayısı ilə Qərbin adamı hesab edilir. Paşinyanın yenidən seçkilərdə qalib gəlməsi bu mənada Moskvanın işinə çox yarayır. Çünki Qərbin “adamı” ilə işləmək artıq Kreml üçün çox asandır. Seçkilərdə iştirak edən siyasi qüvvələrin rənginə baxsaq görərik ki, Paşinyanın “Mənim addımım” fraksiyası narıncı rəngdədir. Digər partiyaların rəngi isə Moskvadan əsən küləklərə uyğun dəyişir. Yəni buqələmundur. Amma Rusiyanın siyasi hakimiyyəti üçün indiki vaxtda büqələmunlarla “demokratik seçki” oynamaq o qədər də maraqlı deyil. Amma Paşinyanla oyun qurmaq bütün mənada Moskvanın böyük maraqlarına uyğundur. Və bu oyun senarisi Qərbin xoşuna gəlməsə də, onunla razılaşmaq məcburiyyətindədir. Çünki istər ABŞ, istərsə də Avropa Ermənistanda heç bir siyasi təsir imkanına malik deyil. Amma Paşinyanın hakimiyyətdə qalması Qərbi biabırçılıqdan az-çox sığortalayır. Guya ki hakimiyyətdə Qərbin adamı oturur. Amma bu, sadəcə illüziyadır. Ancaq sadəlöhv adamlar buna inana bilər. Hələ onu demirəm ki, Ermənistanda 7-dən 77-dək hamı Rusiyaya nicat yeri kimi baxır.

İndi isə gələk Moskvada yazılan və İrəvanda uğurla oynanılan seçki tamaşasının senarisinə. Bu senari ötən ilin payızında yazılsa da, bu ilin martında öz təsdiqini tapıb. Bu senarinin birinci hissəsi Ermənistan üçün yazılıb. Və  senariyə görə Nikol Paşinyan 20 iyun seçkilərində “qalib” elan olunur. Amma müxalifətə də parlamentdə az da olsa, yer verilir. Bundan sonra Paşinyan ümumxalq barışı elan edir. Robert Koçaryan, Serj Sarkisyan və Moskvanın digər adamları haqqında 2018-ci ildən sonra açılmış cinayət işləri birmənalı şəkildə ləğv olunur. Necə deyərlər “qurdla quzu bir yerdə otlayır”. Beləliklə, Ermənistanın bütün infrastrukturu və istehsal sahələri Rusiyanın sifarişinə əsasən işləyir. Ermənistan üçün bütün siyasi-iqtisadi qərarlar Moskvadan verilir.

Senarinin ikincisi hissəsi ondan ibarətdir ki, Paşinyanın növbəti “qələbəsi”ndən sonra Rusiya Ermənistanda daha da möhkəmlənir. Və Rusiyanı (Ermənistanı yox haaaa) iqtisadi blokadan çıxarmaq üçün 10 noyabr bəyanatı və 11 yanvar anlaşması “tıkır-tıkır” işləməyə başlayır. Rusiya Azərbaycan üzərindən İrana və ən əsası, çətin günün dostu-Türkiyəyə əlverişli çıxış əldə edir. Bununla da Rusiya üzdə sülh təminatçısı kimi görünsə də, mahiyyətcə Qərbin sanksiyalarından qurtulmaq üçün Azərbaycan üzərindən Orta Şərqə sığınmaq istəyir. Vəssalam…

Təsadüfi deyil ki, Serj Sarkisyan bu senarini oxuduğu üçün “seçkilərə” qatılmadı. Robert Koçaryan isə Moskvanın ehtiyat variantıdır. O zor-xoş seçkilərə qatıldı. Ona görə ki, Moskva Paşinyana münasibətdə “itlə dostluq et, amma çomağı yerə qoyma” prinsipi ilə yanaşır.

Maraqlıdır ki, bunu Nikol da yaxşı başa düşür. Amma Moskvanın verdiyi rolu oynmaq məcburiyyətindədir. Çünki alternativ variant yoxdur. Qərb artıq sönüb. Ocaqları ancaq Rusiya yandırır. Nəzərə alaq ki, Paşinyan rolunu hələ ki, pis oynamır. Amma o da Moskavaya tam güvənmir. Ona görə də arada cığallıq edir. Bu cığallıq isə ən çox Azərbaycanı cırnadır. Son 4 gündə atəşkəsin pozulması, sərhəddə bir-birinin ardınca insidentlərin baş verməsi Paşinyanın Moskvaya güc göstəricisidir. Çünki Koçaryanın hər çıxışı Paşinyanda şübhə yaradır. Düşünür ki, Moskva birdən fikrini dəyişər və Koçaryana stavka edər. Bu vəziyyətdə isə Paşinyanın son kartı atəşkəsi pozmaqdır. Çünki atəşkəs pozularsa, həmən an Ermənistanda hərbi vəziyyət elan olunacaq. Hərbi vəziyyətdə isə bütün seçkilər və onun nəticələri təbii ki, ləğv ediləcək. Ona görə də Paşinyan sərhəd bölgəsində gərginliyin 21 iyuna qədər saxlanılmasında maraqlıdır.

Bu variant daxili auditoriya üçün də maraqlı senaridir. Guya Paşinyan kapitulyasiya ilə barışmır, heç bir sülh sazişinə getmir və hətta Qarabağı geri qaytarmaq eşqindədir. Bununla da Paşinyan 2018-ci ildəki eloktratı öz ətrafına toplamaq istəyir. Təsadüfi deyil ki, Paşinyanın əsas adamlarından biri Andranik Koçaryan ötən gün bəyan etdi ki, hər an müharibə başlaya bilər, hər an ölkədə hərbi vəziyyət elan oluna bilər.

Ona görə də 20 iyuna qədər Ermənistanda hələ çox “sürprizlər” olacaq. Rusiyadan daha möhkəm təminat almaq üçün Paşinyan hələ çox sərsəm açıqlamalar verəcək. Amma son nəticədə heç nə dəyişməyəcək. Paşinyan Rusiyanın boyunduruğunda itaətkarcasına yaşamalı olacaq.

Əslinə Paşinyanın hakimiyyətdə qalması bütün tərəflərə-həm Qərbə, həm Rusiyaya və hətta Azəraycana da sərf edir. Rəsmi Bakının İrəvanın son sayıqlamalarına və “ərköyünlüklərinə” səbrlə yanaşması da fikrimizi sübut edir. Ona görə də qarşıdan gələn seçkilərdə Paşinyanın “qələbəsi”nə hamı inanır. Hətta Nikolun özündə də bir əminlik var. Belə olmasa idi, seçki öncəsi radikal kadr dəyişikliyinə getməzdi. Həyat yoldaşı Anna Akopyanı nazir müavini təyin etməzdi, anti-Rusiya meyilli Ara Ayvazyanı istefaya göndərməzdi.

Və bütün bunlardan sonra əminliklə demək olar ki, sərhədyanı bölgədə baş verən insidentlər məqsədyönlü və bəlkə də Moskva ilə razılaşdırılmış bir oyundur. Necə deyərlər: “Ayının min oyunu var, bir armudun başında”. Nikol Paşinyanın da bütün “ərköyünlükləri” də hakimiyyətdə qalmağa hesablanıb.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*