30 ilə yaxın müddət ərzində Ermənistan işğal altında saxladığı torpaqlarımızda əsl vandalizm aktı törədib. İşğal nəticəsində torpaqlarımız zəbt edilməklə yanaşı, xalqımıza məxsus çoxəsrlik tarixi-dini abidələr də dağıdılıb. Tarixi dəyərlərimizin demək olar ki, əksəriyyəti saxtalaşdırılıb. Evlər, sosial və digər infrastruktur tamamilə məhv edilib. Təcavüzkar vandal əməllərlə xalqımızın tarixi keçmişini, mənəvi yaddaşımızı məhv etməyə çalışıb.
KONKRET.az xəbər verir ki, bu fikirləri teleqraf.com -a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, sentyabrın 27-dən etibarən başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız erməni işğalından azad edildi:
“Azad edilmiş ərazilərimizdəki mənzərə ilə dünya bir daha erməni vəhşiliyinin şahidi oldu. Cənab Prezidentin noyabrın 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı erməni vəhşiliyi İlə bağlı müxtəlif fikirlər söylədi. Dövlət başçısı bildirdi ki, görün biz necə də vəhşi bir düşmənlə üz-üzə olmuşuq”.
Sevin Fətəliyeva qeyd edib ki, Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb:
“Milli mənsubiyyət və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya dəyişdirilməsinə cəhdlər edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri təhqir olunub. İşğal olunan ərazilərimizdəki məscidlərdə donuz, mal-qara saxlanılıb. Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilib. Ermənistanın mədəni-tarixi, dini irsimizin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı soyqırımıdır. Buna görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcək”.
Millət vəkili vurğulayıb ki, cənab Prezidentin dediyi kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş dağıntılar ayrıca qiymətləndiriləcək:
“Artıq bu istiqamətdə araşdırmalar, hesablamalar başlayıb. Yerli qurumlarla yanaşı, beynəlxalq təşkilatlar da bu prosesə cəlb ediləcək. Ermənistan işğal müddətində törətdiyi vandalizm aktları ilə Azərbaycana on milyardlarla dollar həcmində ziyan vurub. Əlbəttə ki, onlar bütün bunlara görə cavab verməli, bu cinayətlərinə görə təzminat ödəməlidirlər. Azərbaycan dövləti bunun üçün bütün lazımi addımları atacaq və beynəlxalq məhkəmələrə müraciət edəcək. Ermənistan bütün bu cinayətlərinin hesabını ödəcəyək və dünya ictimaiyyəti bir daha erməni vəhşiliyi ilə açıq şəkildə tanış olacaq”.