Ermənistan dünyaya meydan oxudu: Təhlükəli “Metsamor” AES ölkənin vahid enerji sisteminə qoşuldubackend

Ermənistan dünyaya meydan oxudu: Təhlükəli “Metsamor” AES ölkənin vahid enerji sisteminə qoşuldu

Konkret.az xəbər verir ki, Ermənistan Atom Elektrik Stansiyasının 2-ci blokunda N3 turbin generatoru 2019-cu ildə planlaşdırılan ilkin təmirdən sonra bu ölkənin vahid enerji sisteminə qoşulub. Erməni mətbuatının yaydığı prez-relizdə bildirilir ki, stansiya ətrafındakı radiasiya fonu güc qurğularının normal işləməsinə uyğun səviyyədədir. Qeyd olunur ki, planlaşdırılan ehtiyat təmir işləri çərçivəsində reaktorun üst bloku əsaslı təmir edilib. Reaktorun İdarəetmə və Mühafizə Sistemi təkmilləşdirilib.

Ötən il başlayan 3 saylı turbinin modernləşdirilməsi işləri başa çatıb. Qeyd edək ki, 2014-cü ildə Ermənistan hökuməti “Rosatom” Dövlət Korporasiyasına daxil olan “Rusatom Service” Səhmdar Cəmiyyətinin himayəsi altında Metsamor Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddətini 10 il (2026-cı ilədək) artırmaq layihəsini qəbul etmişdi.

Layihənin həyata keçirilməsi üçün Rusiya hökuməti Ermənistana 270 milyon dollar məbləğində kredit və 30 milyon dollar qrant ayırmışdı.

Məlumdur ki, beynəlxalq ictimaiyyət Ermənistan AES-in 2-ci enerji blokunun təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə stansiyanın fəaliyyətini məhdudlaşdırmağa çağırıb. MAQATE-nin (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) Əməliyyat Təhlükəsizliyi üzrə Müşahidə Missiyası müntəzəm olaraq stansiyaya nəzarət etsə də, regionda ciddi təhlükə hələ də qalır.

HAŞİYƏ: Ermənistanın Metsamor şəhərində yerləşən Atom Elektrik Stansiyası 1980-ci ildə işə salınıb. 1988-ci il zəlzələsindən sonra stansiya dayandırılıb və yenidən 1995-ci ildə işə salınıb. Stansiyanın iki enerji bloku 400 meqavat gücündə BBЭР-440 Rusiya reaktorları ilə təchiz olunub.

Hazırda birinci blok dayandırılıb, ikinci blokun istismar resursu isə 2019-cu ildə tükənməli idi. Amma buna baxmaraq ikinci blok vahid enerji sisteminə qoşuldu. Qeyd edək ki, Ermənistanda istehsal olunan elektrik enerjinin 45 faizi Metsamor Atom Elektrik Stansiyasının payına düşür.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*