Ermənistan parlamentinin ratifikasiya etdiyi Roma əsasnaməsi Rusiya ilə Ermənistan münasibətlərinə ciddi zərbə vurdu. Bütün hallarda Rusiyanın mənafeyinə zidd olan Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qoşulma əslində ABŞ-ın ideyasıdır. Nikol Paşinyanı hakimiyyətə gətirən Qərb indi Ermənistan baş nazirindən onun qarşısına qoyulan şərtləri yerinə yetirməyi tələb edir.
Həmin tələblərin mütləq əksəriyyəti Rusiya ilə bağlıdır və bütün hallarda Ermənistanın Rusiyadan uzaqlaşmasına hesablanıb. Paşinyanın Rusiya əleyhinə verdiyi bəyanatlar həmin layihənin bir hissəsi idi və baş nazir üzərinə götürdüyü öhdəliyi layiqincə yerinə yetirməkdədir.
Qərbin istəyinə uyğun hərəkət edən rəsmi İrəvanın qarşısında duran əsas vəzifə yaxın vaxtlarda KTMT-dən çıxmaq və Rusiyadan canını birdəfəlik qurtarmaqdır. Bunun üçün tarixi müttəfiqlər arasında bütün körpülər yanmalı və Ermənistan yaxın “dostuna” əlvida deməlidir.
Amma nəzərə almaq lazımdır ki, Ermənistanın dövlət sərhədlərini “yaxın dost” qoruyur və eyni zamanda Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərazisindədir. Deməli, Rusiya asanlıqla Ermənistanı tərk etməyəcək. ABŞ isə prosesin tezliklə başa çatdırılması üçün çalışır və Ermənistan rəhbərliyini Rusiya əleyhinə işləməyə təhrik edir. Rusiya isə forpostunun ona qarşı çıxacağını bu qədər təxmin etmirdi. Cənubi Qafqazda Rusiyanın hesabına süni dövlət əldə edən ermənilər bu cür xəyanətlərə adətkardırlar. Birinci dünya müharibəsi dövründə Osmanlı Türkiyəsinə xəyanət edən ermənilər indi də ruslara qarşı buynuz çıxarırlar. Böyük ehtimalla vaxtı gələndə Qərb tərəfdaşlarına qarşı da eyni mövqedə olacaqlar. Mayaları satqınlıqla yoğrulan bir toplumun yüz illərdir millət kimi formalaşmasında ciddi problemlər yaradan amil də məhz xəyanətkar olmalarıdır. Cilddən-cildə düşən bu xalq dünyanın müxtəlif regionlarında hələ də vətən axtarışındadır.
Tarixi vətənlərini hələ tam xatırlaya bilməyən ermənilər cəmi 200 il əvvəl gəldikləri Cənubi Qafqazı “qədim erməni torpağı” elan edib və özlərinin saxta tarixlərini uydurublar. Bütün bunların hamısını “böyük qardaşlarının” verdiyi geniş imkanlar hesabına əldə edən ermənilər tarixi Azərbaycan torpaqlarında qondarma dövləti də məhz rusların hesabına yaradıblar. 35 il əvvəl “miatsum” hərəkatı da rusların xeyir-duası ilə başlayıb, nəticədə 1-ci Qarabağ müharibəsi dövründə ən böyük havadarının köməyi ilə Azərbaycanın 20 % ərazisini işğal edib, bir milyona yaxın vətəndaşını öz doğma yurd-yuvasından didərgin salıb. Yüzlərlə şəhər və kəndimiz yer üzündən silinib.
Bütün hallarda 3 il əvvəlki 44 günlük müharibədə də Rusiyanın köməyinə arxalanan Ermənistan müttəfiqindən hər cür hərbi-siyasi dəstək alıb və Azərbaycanın şəhər və rayonlarını atəşə tutub. Deməli, Ermənistan üçün “dost” amili həm də müttəfiqinin onun yerinə döyüşməsindən başlayır.
Ermənistan da Rusiyadan bunun heyfini çıxır və əldən gedən mövqelərə görə “böyük qardaşı” ittiham edir. Artıq Rusiya ilə aralarındakı körpüləri tamam yandıran Ermənistan eyni zamanda Putinə də meydan oxuyur.
Vəli Həsənov,
KONKRET.az