“Azərbaycan üçün Ermənistan 2.5 milyard kubmetr qaz istehlak edən ölkədir. Ancaq hazırkı şəraitdə Ermənistan bazarında qaz satmaq sərfəli deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, Ermənistan bazarında qaz satışı sanksiyalarla boğuşan Rusiyaya sərf edir:
“Regional qiymət əsas götürülür. “Qazprom”un satış qiyməti 160 dollardır. Azərbaycan niyə bu bazarda qaz satsın ki?!
İkinci tərəfdən, Rusiyanın əl-qolu sanksiyalarla hər yerdən bağlanıb. Buna görə 1 milyard kubmetr qazı satmaq da bir qazancdır”.
Ekspert qeyd edib ki, Azərbaycan son illər Gürcüstan bazarında qaz həcmini azaldıb:
“Gürcüstan bazarında payımızı son 2 ildə azaltmağa başlamışıq. Əvvəl Azərbaycan qazının payı 95% həcmində idi. İndi 75-dir. Rusiyanın Gürcüstan bazarında payı artıb. Əvəzində bu həcmləri Avropa bazarına çıxarırıq. Qoy elə Ermənistan bazarını da Rusiya təmin etsin”.
İ.Şaban vurğulayıb ki, Türkiyənin qazla təminatı Iğdır-Naxçıvan kəməri ilə hıyata keçirilə bilər:
“Ermənistan ərazisindən keçməklə Naxçıvanı təmin edə bilərik. Digər tərəfdən, Naxçıvanla Türkiyə arasında Iğdır-Naxçıvan qaz kəməri var. Türkiyənin şərq bölgəsinin təminatını elə bu kəmərlə təmin edə bilərik. Bu, biznesin şaxələndirilməsidir”.
İqtisadçı diqqətə çatdırıb ki, Ermənistan bazarı Azərbaycan üçün o qədər də sərfəli deyil:
“Ermənistan bazarında qaz satışını kommersiya baxımından cəlbedici görmürəm. Kasıb bazar nəyimizə lazımdır?! Daha varlı bazarlara yönəlmişik. Vaxtı ilə o qədər pul qoyub 3500 kilometrlik boru xəttini niyə çəkmişik?!”
Xatırlatma: noyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Kopenhagendə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək barədə razılığa gəliblər.
