Fevralın 11-də Ermənistanın humanitar yardımı Türkiyəyə göndərilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan tvitter hesabında yazıb.
Türkiyə-Ermənistan arasında sərhədlərin açılması gündəmdə yeni suallar doğurub. Sərhədlərin açılmasının Azərbaycan üçün təhlükəsi varmı? İki dövlət arasında münasibətlərdə yeni mərhələ başlaya bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, münasibətlərin normallaşması Azərbaycanın regionda sülhün əldə olunması üçün əsas şərtlərindəndir:
“Ümumiyyətlə, Ermənistan-Türkiyə sərhədlərinin açılması məhz üçtərəfli razılaşmanın bəndlərindəki kommunikasiyaların davamıdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Ermənistan-Türkiyə sərhədlərinin açılması prosesi Azərbaycanın regionda sülh və stabilliyin qurulması üçün əsas şərtlərindən biridir. Bu gün Ermənistan-Türkiyə sərhədinin açılmasını birdəfəlik sərhədin açılması kimi də qiymətləndirə bilərik. Əslində bu, ermənilər üçün həm də arzuedilən bir imkan oldu. Ermənistan da bunu cəmiyyətinə yedirə bildi”.
Politoloq vurğulayıb ki, Ermənistanın Türkiyədən iqtisadi asılılığı Azərbaycanın xeyrinədir:
“Türkiyə-Ermənistan sərhədinin açılmasının Türkiyə iqtisadiyyatının, maliyyəsinin Ermənistana daxil olması deməkdir. Bu da Ermənistanın İran və Rusiyadan iqtisadi asılılığını qismən Türkiyəyə tərəf dəyişəcək. Bu asılılıq Türkiyəyə yeni balans gətirəcək. İstər Rusiya, istərsə də İran bazarı keyfiyyətinə və qiymətinə görə Türkiyə bazarına uduzur. Bu da Türkiyə bazarının Ermənistan üçün birmənalı olaraq faydalı olacağını deməyə əsas verir. Ermənistanla mövcud problemlərin həlli qismində bu, ilk növbədə Türkiyənin özünə lazımdır. Azərbaycan üçün isə istər Rusiya, istərsə də İrandan iqtisadi asılı olan Ermənistandan daha çox, Türkiyənin iqtisadi bazarından asılı olan Ermənistan daha faydalıdır. Sərhədlərin yenidən bağlanması ehtimalı hər zaman var. Ancaq vəziyyət onu göstərir ki, Rusiyanın da yük daşımaları məhz Ermənistan ərazisindən Türkiyəyə daxil olduğu üçün bu yol açıq qalacaq. Prosesin davamında isə Türkiyə və Ermənistan arasındakı münasibətlərin liberallaşmasını izləyəcəyik”.

Politoloq Məhəmməd Əsədullazadə isə KONKRET.az-a bildirib ki, iki ölkə arasında sərhədlərin açılması Azərbaycan üçün təhlükəli deyil: “Türkiyə-Ermənistan əlaqələri hazırda humanitar müstəvidə davam edir və baş verən zəlzələ sərhədlərin açılması ilə nəticələnib. Türkiyə-Ermənistan arasında diplomatik əlaqələrin qurulması, normallaşma prosesinin başlanması üçün işçi qrupu yaradılıb və bunun üçün görüşlər keçirilib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da bununla bağlı müəyyən irəliləyişlərin olduğunu vurğulayıb. Düşünürəm ki, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşarsa, sərhədlər açıq qala bilər.
İndiki halda Türkiyənin Ermənistana iqtisadi təsirləri ola bilər. Ancaq hazırda sərhədlərin açılması Azərbaycan üçün təhlükəli deyil. Bu gün Ermənistan zəifləmiş dövlətdir və Rusiya ilə də münasibətləri pozulub. Qərb də Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşmasına çalışır ki, Rusiya bu ölkədən keçə bilsin. Real durum ondan ibrətdir ki, biz sərhədlərin hansı vəziyyətdə olacağını bilmək üçün zəlzələnin törətdiyi fəsadların aradan qaldırılmasını gözləməliyik. Bundan sonra sərhədlər bağlana bilər. Çünki Türkiyənin də müəyyən şərtləri var ki, onlar yerinə yetirilməlidir. Sərhədlərin açılması məsələsinə gəldikdə isə bu, Azərbaycan üçün təhlükəli məqam deyil”.
Fidan Ali,
KONKRET.az