“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ehtimalı azdır” – Aleksey Nejivini ilə MÜSAHİBƏbackend

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ehtimalı azdır” - Aleksey Nejivini ilə MÜSAHİBƏ

Rusiyanın hərbi-siyasi ekspetləri Cənubi Qafqazda baş verən hadisələrə ciddi yanaşır, bölgədəki prosesləri daim diqqət mərkəzində saxlayırlar. Baş verənləri müxtəlif rakurslardan şərh edən təhlilçilər hesab edirlər ki, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması Ermənistana baha başa gələcək.

Rusiyanın Siyasi və Sosial Texnologiyalar Laboratoriyasının rəhbəri Aleksey Nejivini ilə müsahibə də bu mövzudadır.

KONKRET.az onunla müsahibəni təqdim edir.

– Rusiyanın Cənubi Qafqazdakı siyasətini necə qiymətləndirirsiniz?

– Ötən il Rusiya siyasətçiləri səviyyəsində çoxlu bəyanatlar səsləndi ki, Moskva heç vaxt üzünü Qərbə çevirməyəcək. Əvəzində Türkiyə, Azərbaycan və İrana tərəf yönələcək. Ermənistana gəlincə, onlar özlərini Qərbə mümkün qədər baha satmaq istəyirlər. Lakin qərb cinahında, xüsusən də iqtisadi sahədə kifayət qədər problemlər olduğundan, Ermənistanın Qərblə yaxınlaşmaq cəhdləri çətin ki, istənilən nəticəni versin.

– Ötən il Bakı ilə İrəvan arasında sülh sazişi ilə bağlı yekun razılıq əldə olunmadı. Bu il üçün proqnozlar necədir?

– Bu məsələyə Qərbin müdaxilə siyasəti kontekstindən baxmaq lazımdır. Qərbin ancaq müharibə istədiyini nəzərə alsaq, yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ehtimalı azdır. Çox güman ki, ABŞ və Fransa Ermənistandan alət kimi istifadə edəcək və bu, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasının mümkünlüyünü şübhə altına salacaq.

– Ermənistanın yaxın gələcəkdə KTMT-dən çıxma ehtimalı varmı?

– Bəli, bu ehtimal kifayət qədər yüksəkdir.

– Rusiya Ermənistanı öz təsir orbitində saxlamaq üçün hansısa addımlar atacaqmı?

– Hazırda Ermənistanı Rusiyanın maraqları orbitində saxlamaq üçün heç bir mexanizm görmürəm. Digər tərəfdən, Ermənistan Rusiya üçün o qədər də strateji əhəmiyyətə malik deyil. Ona görə də böyük ehtimalla seçim erməni elitasının və bu ölkənin rəhbərliyinin ixtiyarında olacaq.

– Moskva bu il “Zəngəzur dəhlizi”nin açılmasına təkan verəcəkmi?

– Rusiya bu məsələdə yaxından iştirak edəcək. Çünki Moskva açıq şəkildə münaqişənin sülh yolu ilə həllində maraqlıdır.

– İrəvanda revanşist qüvvələr xeyli fəallaşıb. Sizcə, yeni toqquşmalar baş verə bilərmi?

– Bu, bir qədər də Qərbin erməni revanşizminə dəstəyindən asılıdır. Əgər Qərb Ukrayna və Yaxın Şərqdəki münaqişəyə baxmayaraq, Ermənistana dəstək verməyə çalışsa, Ermənistanın Ukrayna ssenarisini təkrarlamaq istəməsi ehtimalı yüksəkdir.

– Fransa hələ də Ermənistan üzərindən Cənubi Qafqaza nüfuz etməyə cəhd edir. Bununla bağlı sizin fikiriniz maraqlıdır.

– Məncə, Fransa Afrikadan qovulduqdan sonra artıq siyasi meyitə çevrilib. Lakin ola bilsin ki, ABŞ və Fransa Ermənistan vasitəsilə regiona daxil olmağa çalışsın. Amma nəzərə almaq lazımdır ki, Ukrayna münaqişəsi Avropa dövlətlərini hərbi təchizat baxımından tükəndirib. Hesab edirəm ki, Qərb öz resurslarını Ukraynada xərclədiyindən Ermənistan ikinci plana keçəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*