21 mayda Macarıstanda keçirilən Türkdilli Dövlətlər Təşkilatının (TDT) qeyri-rəsmi sammitində Şimali Kipr Türk Respublikasının (ŞKTR) iştirak etməməsi diqqətdən yayınmadı. Xatırladaq ki, TDT-nin daimi üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandır. Türkmənistan, Macarıstan və Şimali Kipr isə müşahidəçi statusuna malikdir.
KONKRET.az xəbər verir ki, Şimali Kiprin lideri Ersin Tatarın sammitə dəvət olunmamasının səbəbləri barədə rəsmi açıqlama verilməsə də, Ankarada hesab edirlər ki, rəsmi Budapeşt onu bilərəkdən iştirakçılar siyahısından çıxarıb. Səbəb isə adanın yunan hissəsi və bütövlükdə Yunanıstan tərəfindən gələ biləcək neqativ reaksiyalardan çəkinməkdir.
Ankaradakı diplomatik mənbələrin yaydığı məlumata görə, Macarıstan tərəfi əvvəlcədən Türkiyəni bu qərarı barədə məlumatlandırıb. Onlar izah ediblər ki, Baş nazir Viktor Orbanın administrasiyası Brüssellə, xüsusən də Kipr məsələsində onsuz da gərgin olan münasibətləri daha da çətinləşdirmək istəmir. Çünki Macarıstan, eləcə də Yunanıstan və Kiprin yunan hissəsi Avropa İttifaqının üzvləridir, bu isə Şimali Kiprin tanınması məsələsini olduqca həssas edir.
ŞKTR lideri Ersin Tatar ilk dəfə TDT-nin 2024-cü ilin iyulunda Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirak etmişdi. Bu, Azərbaycanın təşəbbüsü ilə baş vermişdi. Daha sonra, həmin ilin noyabrında Tatar Qırğızıstanda keçirilən görüşdə də müşahidəçi kimi iştirak etmiş və bu, Şimali Kiprin türk dünyası vasitəsilə beynəlxalq səviyyədə legitimləşdirilməsi barədə müzakirələri gücləndirmişdi.
Lakin 2025-ci ilin yazında vəziyyət kəskin şəkildə dəyişdi. Apreldə Səmərqənddə Avropa İttifaqının Qazaxıstan, Özbəkistan və Qırğızıstanla sammiti keçirildi. Görüş nəticəsində Brüssel bu ölkələrə 12 milyard avroluq investisiya paketi təklif etdi və bunun şərti olaraq Kipr Respublikasını (yunan hissəsi) diplomatik olaraq tanımağı tələb etdi. Qazaxıstan, Özbəkistan və Qırğızıstan bu şərti qəbul etdilər və yaxın zamanda Nikosiyaya səfir təyin edəcəklərini bəyan etdilər.
Ankaranın bu addıma reaksiyası nisbətən təmkinli oldu. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirdi ki, belə məsələlər “ailə daxilində”, yəni qapalı qapılar arxasında həll olunmalıdır – bu isə türkdilli ölkələrin ortaq və razılaşdırılmış mövqeyinə işarə idi.
Buna baxmayaraq, Budapeştdə Ersin Tatar iştirak etməsə də, Türkiyə Şimali Kipr məsələsinin gündəmdə qalması üçün müəyyən səylər göstərdi. Xüsusilə, prezident Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı ŞKTR-nin TDT-də iştirakı məsələsini vurğuladı:
“Türk dünyasının ailə fotosu Şimali Kiprsiz heç vaxt tam olmayacaq. Ümid edirəm ki, yaxın gələcəkdə Şimali Kiprin təşkilatımıza tamhüquqlu üzv kimi daxil olduğunu görəcəyik”.
Buna cavab olaraq, Ersin Tatar Ərdoğana məktubla təşəkkür edib və türkdilli ölkələrin Kipr türklərinə həmrəyliyinə ümid bəslədiyini bildirib.
Budapeştdəki sammitin yekununda imzalanan deklarasiyada Qazaxıstan, Özbəkistan və Qırğızıstanın yunan Kiprinə yaxınlaşmasına baxmayaraq, Şimali Kipr mövzusuna xüsusi yer ayrılıb. Sənəddə qeyd edilir ki, ŞKTR türk dünyasının ayrılmaz hissəsi kimi TDT-nin fəaliyyətinə töhfə verir. Eyni zamanda, Kipr məsələsinə “adasının reallıqlarına əsasən” və kiprli türklərin dövlətin qurucu tərəfi kimi bərabər hüquqlarının tanınması ilə həll tapması tələb edilir.
Beləliklə, Avropa İttifaqı ilə yaxınlaşan Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Özbəkistan və Qırğızıstan – formal olaraq kiprli türklərin maraqlarına sadiq qaldıqlarını sənəddə təsbit etməklə diplomatik manevr üçün özlərinə yer saxladılar. Bu isə analitiklərin marağına səbəb oldu: Şərq və Qərb arasında tarazlaşdırma cəhdləri getdikcə incə diplomatik alətlərlə aparılır.
Qeyd olunur ki, TDT-nin bu il keçiriləcək ikinci sammiti Azərbaycanda baş tutacaq. Ankarada əmindirlər ki, Türkiyənin müttəfiqi olan və digər üzv ölkələrlə müqayisədə Avropa İttifaqından daha az asılı olan Bakı, mütləq Ersin Tatarı bu görüşə dəvət edəcək. Bu isə Şimali Kiprə bir daha beynəlxalq səviyyədə söz demək fürsəti verəcək – baxmayaraq ki, hələlik bu format dünyadakı əksər dövlətlər tərəfindən tanınmayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az