“İndi aksiya genişlənib. Yəni aksiyada nazir və deputatlardan başqa bütün sferaları təmsil edən Azərbaycan vətəndaşlarını görmək olar”.
KONKRET.az xəbər verir ki, bu iki cümlə dekabrın 14-ü yayılan “İrəvan AKSİYALARI Şuşa-Xankəndi ETİRAZINA uduzur” başlıqlı məqaləmizdəndir.
– Milli Məclisdə deputatların Şuşa-Xankəndi yolunda keçirilən aksiyalarda iştirak etmələri təklif edilib.
Bu isə parlamentin 16 dekabr plenar iclasında səsləndirilib. Bəli, 2 gün sonra, etirazların isə 5-ci günüdür. Təklifin gec səsləndirilməsi plenar iclasın bu gün keçirilməsi ilə əsaslandırıla bilər. Amma dekabrın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Tahir Mirkişili, Əli Məsimli, Mahir Abbaszadə, Elnur Allahverdiyev, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Vahid Əhmədov, Aydın Hüseynov, İmamverdi İsmayılov, Rüfət Quliyev, Araz Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ziyad Səmədzadə, Ağalar Vəliyev gündəlikdəki 26 məsələ barədə söhbət açıblar. Etirazlara qatılmaqdan söz edilməyib.
Dekabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Hicran Hüseynova, Jalə Əliyeva, Nigar Arpadarai, Tamam Cəfərova, Rauf Əliyev, Pərvin Kərimzadə, Rəşad Mahmudov, Sevil Mikayılova, Ramin Məmmədov, Könül Nurullayeva, Sədaqət Vəliyeva bu komitənin üzvü olan millət vəkilləri gender bərabərliyinin təmin edilməsindən danışıblar. Həqiqətən də, Şuşa-Xankəndi etirazlarında kişilər kimi qadınlar da iştirak edir. Nədənsə deputatlar bu mövzuya toxunmayıblar. Yəqin Rəşad Mahmudov “Düşünürəm ki, deputatların bu aksiyaya qoşulması onun əlamətdarlığını artırar və dünyaya mesajını daha doğru şəkildə verilməsinə dəstək olar” çıxışını plenar iclasa saxlamışdı. Di gəl ki, təklifi komitə iclasında da səsləndirmək olardı.
Jurnalist olaraq bir acı gerçəyi də xatırladım ki, Milli Məclisin komitə iclasları elə də diqqətlə izlənilmir. Hətta jurnalistlər komitə iclaslarında çox oturmurlar. Yəni 1-2 şəkil-video çəkir, ən yaxşı halda hansısa deputata müzakirə olunan gündəliyin mövzularına aid olmayan başqa aktuallıq barədə sual verir.
Məsələni ona görə bu cür qabardırıq ki, təklif daha əvvəl səslənsəydi, artıq bir qrup millət vəkili əraziyə gedərdi. Elə Tural Gəncəliyev də sülhməramlılara Xankəndi üzrə deputat seçildiyini bildirib şəhərə keçməyə cəhd edərdi. Və daha nələr-nələr…
Rəsmiyyə Şərifova,
KONKRET.az