Evi plana düşənlərin NƏZƏRİNƏ: 2 dəfə çox kompensasiya almaq üçün…backend

Evi plana düşənlərin NƏZƏRİNƏ: 2 dəfə çox kompensasiya almaq üçün…

Paytaxtda aparılan kütləvi söküntülər tikinti şirkətləri ilə ev sahibləri arasında ciddi narazılıqlara səbəb olur. Sakinlər bildirirlər ki, şirkətlər təklif etdikləri kompensasiyanı bazar qiymətlərinə uyğun hesablamır. İddialara əsasən, bəzi hallarda vətəndaşlara hər kvadratmetrə görə 2500 manat ödənildiyi halda, eyni ərazidə inşa olunan yeni binalarda mənzillərin satış qiyməti 1 kvadratmetr üçün 5000 manata qədər yüksəlir.

Buna səbəb nədir? Ödəniş necə olmalıdır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, tikinti şirkətləri müəyyən hallarda evləri razılaşma olmadan sökür və vətəndaşların mülkiyyət hüquqlarına müdaxilə edir:

“Kompensasiyanın aşağı məbləğdə təklif olunmasının əsas səbəbi şirkətlərin daha çox qazanc əldə etmək niyyətindən irəli gəlir. Bununla yanaşı, bəzi hallarda vətəndaşların normadan artıq kompensasiya tələbi də mübahisələrə səbəb olur. Xüsusilə böyük ərazilərin köçürülməsi zamanı tikinti şirkətlərinin maliyyə imkanları tələb olunan məbləği qarşılamaya bilər. Lakin istənilən halda vətəndaşların hüquqları üstünlük təşkil edir və konstitusiya ilə qorunur. Hətta vətəndaşın daşınmaz əmlaka mülkiyyət hüququ olmasa, lakin həmin ünvanda qeydiyyatda olarsa, onun kompensasiya hüququ nəzərə alınmalıdır. Əmlak qanunsuz tikili olduqda isə vəziyyət fərqli qiymətləndirilə bilər. Bu halda vətəndaşın normadan artıq vəsait tələbi əsaslı sayılmaya bilər, çünki onun həmin əmlak üzərində mülkiyyət hüququ yoxdur. Digər tərəfdən, bir və ya iki otaqlı mənzillərdə bir neçə ailənin yaşaması kompensasiya məsələsini daha da mürəkkəbləşdirir. Nəticədə mübahisələr çox vaxt məhkəmə mərhələsinə qədər gedib çıxır”.

Ekspert bildirib ki, tikinti şirkətləri hər hansı layihəyə başlayarkən riskləri və mümkün mübahisələri əvvəlcədən nəzərə almalıdırlar:

“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun və müvafiq normativ standartlara əsasən, hər bir əmlak fərdi qaydada qiymətləndirilməlidir. Məsələn, müəyyən ərazidə bütün evlərə eyni məbləğdə, yəni hər kvadratmetrə sabit qiymət tətbiq olunması ədalətli yanaşma deyil. Qiymətləndirmə zamanı mənzilin təmir vəziyyəti, aşınma dərəcəsi, tikilinin yaşı və digər xüsusiyyətlər nəzərə alınmalıdır. Fərdi evlərdə aparılmış əlavə tikililər və yaxşılaşdırmalar – hovuz, zirzəmi, mansard və digər qurğular da qiymətləndirməyə daxil edilməlidir. Lakin praktikada şirkətlər çox vaxt bu məsələlərə ümumi yanaşır. Bu səbəbdən müstəqil qiymətləndirmə ekspertlərinin prosesə cəlb olunmasına ehtiyac var”.

Elnur Azadov qeyd edib ki, vaxtilə Nazirlər Kabinetinin 86 saylı qərarı köhnəlmiş yaşayış fondunun sökülməsi ilə bağlı pilot layihələrin icrasını tənzimləyir və yerli icra hakimiyyətlərinin prosesdə iştirakını təmin edirdi:

“Bu mexanizm vətəndaşların hüquqlarının müəyyən qədər qorunmasına şərait yaradırdı. Qərar 2019-cu ildə ləğv edildikdən sonra isə söküntü aparan tərəflə vətəndaşlar arasında tənzimləyici mexanizm zəifləyib. Nəticədə, xüsusilə 2020-ci ildən sonra müxtəlif ərazilərdə mübahisəli hallar artıb. Hazırda tikinti şirkətləri müvafiq dövlət qurumlarından icazə və sərəncam aldıqdan sonra ərazidə köçürülmə prosesinə başlayırlar. Bu zaman vətəndaşların seçim imkanları məhdud olur və onlar faktiki olaraq təklif olunan şərtlərlə razılaşmağa məcbur qalırlar. Daha şəffaf mexanizm üçün söküntü və yenidənqurma layihələrinin tender yolu ilə həyata keçirilməsi məqsədəuyğun olardı. Bu halda tikinti şirkətləri rəqabət əsasında təkliflər verər, vətəndaşlar isə daha əlverişli şərtləri seçə bilərdilər. Prosesdə yerli icra hakimiyyətləri və şəhərsalma orqanlarının koordinasiyaedici tərəf kimi iştirakı vətəndaşların hüquqlarının daha effektiv qorunmasına xidmət edər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*