backend

"Fazil Qəzənfəroğlu, insanların mənəviyyatı ilə oynama!" - Surxay Atakişiyev

Surxay Atakişiyev

Deyirlər, gündə bir söz eşitməsən, qulağın uzanar. Amma oxuduğum bir fikir qulaqlarımı deyil, gözlərimi böyütdü. Hörmətli millət vəkilimiz Fazil Qəzənfəroğlu deyir ki, “Dünyada koronavirusun ən böyük mənəvi xeyri,  iddia edirəm ki, Azərbaycan xalqına dəyib”. Vallah Məşədi İbad demiş mən Tarixi-Nadiri yarıyacan oxusam da, bundan bir şey başa düşmədim. Görəsən dəyərli oxucularımız necə,  bir şey anladılarmı?

Əvvəla, nə vaxtdan hansısa pandemiyanın, müharibənin gətirdiyi bəla bir millətə, dövlətə xeyir, xoşbəxtlik  gətirib? İkincisi, nə qədər mənəviyyatımızı itirmiş olmalıyıq ki, dünyasını dəyişən böyüklərimizi bu qədər urvatsız şəkildə son mənzilə yola salmalıyıq. Axı, kamil insanın ən böyük arzularından biri də fani dünyadan haqq dünyasına layiqli şəkildə, islami qaydada köçmək istəyidir.

Hələ onu demirəm ki, dəfn və təziyyə günləri Qafqaz Müsəlmanları idarəsinin qərarı ilə deyil, Allahın əmri, Peygəmbərimizin sünnəti ilə icra olunur. Bəlkə Fazil müəllim islamdan imtina etməyi bizlərə təklif edir? Hə, bu, başqa bir məsələdir… Amma hörmətli deputatımıza bir-neçə xatırlatma etmək istəyirəm. Birincisi, irad tutduğunuz 3, 7 və 40 məclislərinin təşkili islami qaydalardır. Ölən üçün bu günlərin hər birinin islamda öz elmi izahı var. Bunun izahı indiki halda çox uzun çəkər deyə onları sadalamayacağam. İkincisi, dünyasını dəyişən insana ehtiram etmək və əzizini itirən adamın yanında durmaq ən böyük humanistlik, savab və mənəvi dəyərdir.

Fazil müəllim təklif edir ki, bundan sonra dünyasını dəyişən insana nə ehtiram edək, nə də geridə qalan, acı çəkən yaxınlarının yanında duraq. Əvəzində isə əzizini itirənə bir telefon açıb -“Keçmiş olsun” deməklə işimizi bitmiş hesab edək. Vəssəlam. Rəhmətlik Bəkir Nəbiyev demiş burda bir haşiyəyə çıxmaq istəyirəm. Bizim dəyərli ziyalımız, yazıçı Mir Cəlal bir dəfə auditoriyada tələbələrə belə bir sual verdi: “Uşaqlar insanlar bilirsiniz harda saflaşır?” Auditoriyadakı susqunluğu görüb dedi – “Qəbirstanlıqda… İnsanlar yalnız burda bu dünyada hər şeyin fani olduğunu dərk edir, özlərinə gəlirlər…”

Bu dəyərli fikirlərin sonralar dəfələrlə isbatını gördüm. Gördüm ki, insanlar dəfnə gedən də çox hüznlü və mehriban olur, bir-birlərinə çox nəzakətlə davranırlar. Amma dəfn mərasimi qurtaran kimi bayaqkı mehriban insanlar arxalarına baxmadan qəbiristanlıqdan qaçır, bayaq yol verdikləri adamın ayağını belə tapdalayır, maşınla onu toza verirlər.

Özlərinə gələn insanlar bir andaca yenidən əvvəlki nadan vəziyyətlərinə dönürlər… Yas mərasimləri də həmçinin…. İnsanlar yalnız burda bərabər tutulur, ən başlıcası əzizini itirən adamın ağır günündə tək olmadığını, yanında yüzlərlə insanın olduğunu göstərirlər. Bu isə özlüyündə bu günədək sələflərimizdən bizlərə miras qalan ən böyük dəyərdir. Ehsana gələndə isə fikrimi bir el sözü ilə qüvvətləndirmək istəyirəm. “Min tikədən biri ovsanaya düşər”. Yəni ehsan dünyasını dəyişən insanın günahlarının bağışlanılması üçün keçirilən bir mərasimdir. Müsəlman olduğumuzu göstərən bir ayindir. İndi deyirsiniz ki,bu dəyərlərimizdən imtina edək. Yox, Fazil Qəzənfəroglu, daha bu qədər də olmaz… Deputatsan, partiya sədrisən, danışmaq, gündəmdə olmaq istəyirsən, ol!. Amma insanların mənəviyyatı ilə oynama.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*