“Azərbaycanda çıxarışı olmayan özbaşına tikililərlə bağlı illərdir davam edən problemlər yenidən gündəmə gəlib. Məsələ ilə bağlı müxtəlif dövrlərdə qanunvericiliyə, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə bir sıra dəyişikliklər edilsə də, problem hələ tam şəkildə həllini tapmayıb”.
Bu fikirləri Əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı KONKRET.az-a açıqlamasında səsləndirib:
“Bu problemin tam və sistemli şəkildə həlli çoxmənzilli binalardakı qeyri-yaşayış obyektlərinin istismarı ilə bağlı həyata keçirilən tədbirlərlə eyni müstəvidə aparılmalıdır. Bu istiqamətdə bir sıra hüquqi addımlar atılıb, normativ aktlara dəyişikliklər edilib, Prezidentin müvafiq fərmanları imzalanıb və bəzi məsələlər həllini tapıb. Fərdi yaşayış evləri ilə bağlı da oxşar addımlar atılmalı, kompleks tədbirlər həyata keçirilməlidir”.
Ekspert Qeyd edib ki, ötən il bu sahədə ciddi və fundamental dəyişikliklərin ediləcəyi ilə bağlı rəsmi açıqlamalar olsa da, bu vədlər hələ gerçəkləşməyib.
“Ədliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron portalın hazırlanması üçün birgə işlər görülsə də, məsələ il ərzində yekun həllini tapmayıb.
Problemin uzanması ölkədə özbaşına tikililərin artımına səbəb olur, eyni zamanda onların qeydiyyata alınmaması iqtisadi və hüquqi sahələrdə əlavə problemlər yaradır.
Bu istiqamətdə də digər sahələrdə olduğu kimi, ölkə başçısının müvafiq fərmanı ilə kompleks tədbirlər planı hazırlanmalı və məsələ köklü şəkildə həll olunmalıdır”.
Aynurə İsmayıl
KONKRET.az