Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən, sonda Fransa senatı …fransızlığını etdi.
Fransız senatorların “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamə qəbul etməsi təəccüblü və gözlənilməzdirmi? Xeyr. Zatən ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi rəsmi Parisin qərəzli münasibəti, ermənipərəst mövqeyi, 27 il ərzində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, torpaqlarımızın erməni işğalından azad edilməsini istəmədiyi məlum idi.
Amma bu qətnamə təkcə ölkəmizə, xalqımıza, torpaqlarımızı canları və qanları bahasına erməni faşistlərinin işğalından azad edən şəhidlərimizə qarşı böyük həqarət deyil. Həm də II Dünya müharibəsi dönəmində Fransa müqavimət hərəkatı tərkibində fransızların vətənlərinin alman faşistlərindən azad olunması uğrunda mübarizə aparmış azərbaycanlı partizanlar Əhmədiyyə Cəbrayılov, Mirzəxan Məmmədov, Hüseyn Rza Məmmədov, Xələf Hacıyev və daha 30-a yaxın həmyerlimizin ruhunu təhqir etməkdir. Fransanın Milli Qəhrəmanı kimi çox yüksək fəxri ada layiq görülən Ə.Cəbrayılovun qəhrəmanlığına general, sonradan Fransanın prezidenti olan Şarl de Qoll özü şahid olmuşdu və bunu unutmamışdı.
Bundan başqa, erməni diasporunun gücünə baxmayaraq, görkəmli dövlət xadimi Heydər Əliyevin Fransaya 19-22 dekabr 1993-cü il tarixli səfəri zamanı prezident Fransua Mitteran Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıdığını bəyan etmişdi. O zaman Heydər Əliyev fransız həmkarının bu bəyanatını yüksək qiymətləndirdiyini bildirmişdi.
İndi baş verənlər Qolla və Mitteranla müqayisədə Fransanın siyasi elitasının deqradasiyaya uğramasının təzahürüdür. Çünki belə olmasaydı, Emmanuel Makron utanmadan Azərbaycana suriyalı muzdlularla bağlı iftira atmazdı. Azərbaycan Prezidenti İlham Əliyevin dəlil-sübut tələbi qarşısında Makronun geri çəkilməyə məcbur olması fransız xalqının lidersiz və başsız qaldığının göstəricisidir. Bu adam özünü elə diskreditasiya edib ki, artıq Rusiyanın dövlət başçısı Vladimir Putinlə olan telefon danışıqları təhrif edilərək yerli mətbuata sızdırılır.
Amma görün Azərbaycan ermənipərəstliklərini gizlətməyən bir ölkəyə necə həssaslıqla, diqqətlə və diplomatcasına yanaşır. Bu ölkənin şirkətləri Azərbaycanın enerji layihələrində yaxından iştirak edir. 2019-cu ilin məlumatlarına əsasən, “Suez”, “Total”, “Thales“ kimi şirkətlər bizdə dövlət sifarişi ilə həyata keçirilən çoxsaylı layihələrin mühüm iştirakçılarıdır. Ölkəmizdəki sənaye, xidmət, rabitə, ticarət, bank və sığorta, kənd təsərrüfatı sahələrində 45 Fransa kapitallı şirkət fəaliyyət göstərir. Fransa şirkətləri Azərbaycanda həyata keçirilən və dəyəri 6,2 milyard dollar olan layihələrdə podratçı qismində də iştirak ediblər. Azərbaycan tərəfindən Fransaya 2,6 milyard dollar, Fransa tərəfindən isə Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollardan çox investisiya yatırılıb. Azərbaycan kosmik peyklərini orbitə məhz Fransanın kosmodromundan çıxarır.
Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Fransada çoxsaylı layihələr reallaşdırılıb. Parisdə terror qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə, Fransanın müxtəlif regionlarındakı 20-dək kilsənin bərpasına yardım, Strasburq kafedralının XIV əsrə aid olan beş vitrajının, Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılması, Kann şəhərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsi açılması, Nantda “Qarabağ” həftəsonu Azərbaycan məktəbinin fəaliyyətə başlaması bunlara misaldır.
Azərbaycanda isə 300-dən çox məktəbdə fransız dili tədris olunur, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransa–Azərbaycan Universiteti fəaliyyət göstərir. Bütün bu addımlar Azərbaycanın Fransaya olan hörmətini göstərir.
Lakin Azərbaycanın siyasi, diplomatik və humanitar cəhdlərinə, xalqımızın üstün cəhətlərini, söz və əməl sahibi olduğunu Yelisey sarayındakılarının nəzərinə dəfələrlə çatdırmasına baxmayaraq, rəsmi Paris ermənipərəst mövqeyindən əl çəkmir və əsas problemimiz olan Qarabağ münaqişəsinin həllinə ədalət gözü ilə baxmır.
Atalar nahaqdan deməyiblər: “Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə söyləyər “Acıdır”. Bu məsəl sanki ermənilər və fransızlar haqqında deyilib.
Əgər belə olmasaydı, Fransanın öncə 305, sonradan səsvermə qeydiyyatında dəyişiklik edilməsi nəticəsində 297 senatoru 1828-ci ildə çar Rusiyası tərəfindən Azərbaycanın əzəli torpaqlarına gətirilən, 1988-ci ildən başlayaraq milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparan, evindən-eşiyindən didərgin salan, faşistcəsinə Xocalı soyqırımını törədən, 28 il Azərbaycan torpaqlarını vəhçicəsinə istismar edən, tarixi abidələrimizi, məscidləri, pravoslav kilsəsini təhqir edən erməni cinayətkarlarının quldur və qeyri-qanuni rejimini utanmazcasına, abırsızcasına müdafiə etməyə qalxmazdı.
Azad olunmuş torpaqlarımıza qədəm basan xarici jurnalistlər və diplomatlar nə gördülər? Bütün dünyanın gözü qarşısında bu yırtıcı, vəhşi quldurlar Füzulini, Ağdamı, Cəbrayılı, Zəngilanı xarabalığa çevirib; igid oğullarımızın qanı və canı bahasına əldə edilən sülh danışıqlarının nəticəsində işğalda saxladıqları və əbədi yiyələnməyi arzuladıqları Kəlbəcəri, Ağdamı, Laçını tərk etməyə məcbur olanda isə bir vaxt soxulduqları azərbaycanlı evlərinə, məktəblərə, xəstəxanalara od vurub yandırıblar; Kəlbəcərin sıx meşələrində unikal ağacları qırmaqla yaşıllığı məhv ediblər, qadağan olunmuş ağ fosfor bombasını tətbiq etməklə Topxana meşəsini alova bürüyüblər, bölgədə ekoloji terror və vandalizm aktları həyata keçiriblər.
Görəsən, ermənilər daha hansı vəhşiliyi törətməlidir ki, insan hüquqları deyilən məfhum ədalət hissini tamamilə itirmiş fransız senatorlarının yadına düşsün?!
Söhbət heç də ondan getmir ki, ölkəmiz iqtisadi cəhətdən güclü, Ermənistan isə dilənçi durumunda olduğuna görə Fransa ölkəmizə münasibətini dəyişməlidir. Söhbət bütün dinlərin sütununu təşkil edən ədalətdən, demokratiyanın təməl prinsiplərindən olan insan hüquqlarından və ərazi toxunulmazlığından gedir.
30 ilə yaxındır ki, Azərbaycan xalqı dünya birliyindən, o cümlədən Fransadan yalnız ədalət, milyona yaxın məcburi köşkünün hüquqlarının qorunmasını və ərazi bütövlüyünün təmin olunmasını tələb edir. Bütün dünyaya tarixi faktlarla sübut edirik ki, Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon əzəli Azərbaycan torpaqlarıdır. Millətlərin müqəddəratını təyinetmə prinsipinin ermənilərə dəxli yoxdur, çünki onların Ermənistan adlı dövləti mövcuddur və Azərbaycan öz torpaqları hesabına 50-60 minlik erməniyə ikinci dövlət qurulmasına yol verməyəcək.
Biz bu mövqeyimizi 44 günlük müharibə ərzində sübut etdik: ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızın azadlığa çıxması uğrunda apardığımız haqlı mücadiləmizlə beynəlxalq aləmdən gözlədiyimiz ədaləti təkbaşına özümüz təmin etməyə məcbur olduq.
Odur ki, indi fransız senatorların canfəşanlıq edib, quldur rejimi tanımaq cəhdi xalqımızı, ordumuzu və dövlətimizi öz Vətənimizə sahib çıxmaqdan saxlaya bilməz.
Fransız senatorların qətnaməsi də tarixin zibil qutusuna atılacaq. Bu, oxşar kağız parçası qəbul etməyə hazırlaşan belçikalı parlamentarilərə və ölkəmizə qarşı sanksiyaların tətbiq olunmasına çalışan niderlandlı deputatlara da aiddir.
Bizim parlament də boş dayanmayıb. Milli Məclis Azərbaycan hökumətini öz bitərəfliyini şübhə altına salan Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət etməyə, bu ölkə ilə mövcud siyasi münasibətlərə yenidən baxılmasına və iqtisadi əlaqələrin dərindən təhlil edilərək lazımi tədbirlər görülməsinə çağırıb.
Dünən isə Xarici İşlər Nazirliyi qəti etiraz notasını Fransanın Azərbaycandakı səfiri Zakari Qrosa təqdim etdi. Fransa səfirinin diqqətinə çatdırıldı ki, senatorların hərəkəti beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinə ziddir.
Xatirə SADİQ,