“1988-ci ildə başlamış işğalçılıq siyasətinə nəhayət son qoyuldu. Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasət, güclü ordu quruculuğu, müdafiə sənayemizin güclənməsi, yüksək döyüş qabiliyyətinə malik Ordumuzun yaranması, media sahəsində həyata keçirmiş olduğumuz köklü islahatlar nəticəsində Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük vətən müharibəsi uğurla başa çatdı və torpaqlarımız işğaldan azad edildi”.
Bunu KONKRET.az-a açıqlamasında deputat Ramil Həsən bildirib.
Millət vəkili qeyd edib ki, biz bu tarixi proses çərçivəsində dostu və düşməni tanımaq şansını da əldə etmiş olduq: “Yüz ildən sonra bir daha tarixi çətinlik və sınaq qarşısında qalmış Azərbaycan xalqı yenə keçən əsrdə olduğu kimi, qardaş Türkiyənin dəstəyini almış oldu. Bu proseslərdə ATƏT-in Minsk Qrupu, xüsusilə Fransa aqressiv mövqe tutaraq öz tərəfini müəyyən etdi. Bütün hüquq normalarına, Minsk Qrupunun qəbul etdiyi bütün prinsiplərə ziddiyyət təşkil edən Fransanın mövqeyi açıq şəkildə Ermənistanı müdafiə etmək oldu. Münaqişə başladığı gündən Minsk Qrupunun həmsədr institutu və Fransa hər zaman Ermənistanı dəstəkləyən addımlar atıb. Fransa prezidenti Emmanuel Makronun “Azərbaycana Qarabağı bir daha fəth etməsinə icazə verməməliyik”, – kimi əsası olmayan fikir səsləndirməsi və beynəlxalq hüquqla ziddiyyət təşkil edən belə bir açıqlama verməsi onun iç üzünü açıq-aydın ortaya qoydu.
Deputat vurğulayıb ki, 44 günlük savaşda Azərbaycan Ali Baş Komandanımız cənab İlham Əliyevin dəmir iradəsi ilə cəbhədə qazanmış olduğumuz uğurlarımızın masaya daşınaraq 10 noyabr tarixində Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı qələbə sazişini imzalanmasının şahidi olduq. Bundan sonra Fransanın Xarici İşlər naziri tərəfindən yenə də tamamilə reallıqlara, beynəlxalq hüquq normalarına və həmsədrlik institutunun ruhuna ziddiyyət təşkil edən açıqlamalar gündəmə gəlməyə başladı. Bildirdi ki, “Həmişə olduğu kimi, Ermənistanın yanındayıq və hər cür dəstək göstərməyə davam edəcəyik”. Daha da qabağa gedərək işğaldan azad etdiyimiz torpaqlarımızın ermənilərə aid olması ilə bağlı sərsəm açıqlamalar da verdi. Bu da onu göstərir ki, Fransa və digər dövlətlər Ermənistana dəstək verərək, status-kvonun qorunub saxlanılmasına, torpaqlarımızın işğalda qalmasına şərait yaradan dövlətlər kimi tarixə keçəcəklər. Bugünki real vəziyyət ondan ibarətdir ki, cənab Prezidentin beynəlxalq media orqanlarına vurğuladığı kimi nə qədər güclü olarsınız sizin sözünüz beynəlxalq normalar çərçivəsində qəbul olunur. Əgər zəifsinizsə, heç kim sizi dinləməyəcək və beynəlxalq hüquqdan istədikləri formada istifadə edəcəklər. Əlbəttə, bütün bunlar qələbə sazişinin imzalanmasında, torpaqlarımızın işğaldan azad edilməsində özünü açıq şəkildə göstərdi”.
Deputat Fransanın qərəzli mövqedə olduğunu qeyd etdi: “Bu dövlət heç bir zaman haqqı və hüququ müdafiə etməyib. Ona görə də mən hesab edirəm ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Fransa ilə münasibətlərimizə yenidən baxmalıyıq. Əlbəttə, Azərbaycan bununla bağlı lazım olan addımlarını atacaq.
Ümumiyyətlə, Fransanın bu proseslərdən uzaqlaşdırılması Azərbaycanın tələblərindən biri olmalıdır. Azərbaycan xalqı tarixi ədaləti və 30 illik arzusunu reallaşdırıb. Əlbəttə, qardaş Türkiyə bu proseslərdə Azərbaycanın yanında yer alıb. Qardaş Türkiyə ilə yanaşı Ukraynanın, Pakistanın, İsrailin və başqa dinlərə, adət-ənənəyə malik ölkələrin də Azərbaycanın haqq səsinə dəstək verməsini heç vaxt unutmayacağıq.
Əminəm ki, bundan sonra gələcək nəsillərimiz dastanlar yazacaq. Başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Müzəffər Azərbaycan Ordusu və qəhrəman oğullarımız haqqında dərsliklərdə böyük səlnamələr yazılacaq”.
Nərgiz Mirzəyeva,
KONKRET.az