Bu gün Cenevrədə yaxın Şərqdəki gərginliyin yumşaldılması və İranın yaratdığı təhlükəsizlik problemlərinin həlli məqsədilə aparılan diplomatik görüşlər davam edir. Fransa Xarici İşlər Naziri Jean-Noël Barrot bildirib ki, İranın nüvə proqramı son illərdə ciddi şəkildə inkişaf edərək həm İsrail, həm region ölkələri, həm də Avropa dövlətləri üçün ekzistensial təhlükə mənbəyinə çevrilib.
KONKRET.az xəbər verir ki, görüşlərdə yalnız nüvə proqramı deyil, həmçinin İranın bölgədə terror qruplarına dəstəyi, Rusiyaya raket və pilotsuz uçuş aparatlarının tədarükü, eləcə də Avropa vətəndaşlarının, xüsusən Jak Pari və Sesil Kolerin 3 ildir İranda qeyri-insani şəraitdə saxlanması məsələsi müzakirə olunur.
Barrot vurğulayıb ki, İranın nüvə məsələsinin hərbi yolla həlli mümkün deyil və belə əməliyyatlar yalnız problemi gecikdirə bilər. Ona görə də yeganə yol dialoq və diplomatik danışıqlardır. Onun sözlərinə görə, 10 il öncə İranla imzalanan nüvə sazişi proqramda əhəmiyyətli geriləmə yaratmışdı və Avropanın təhlükəsizliyinə müsbət təsir göstərmişdi.
Fransa XİN başçısı əlavə edib ki, İran xarici işlər naziri danışıqları davam etdirməyə hazır olduğunu bildirib və ABŞ-ın da dialoq prosesində iştirakına ümid edilir. Bu dialoq yeganə yoldur ki, yaxın Şərqdə və Avropada böyük risklər doğuran böhran sülh yolu ilə həll olunsun.
Natiq Səlim,
KONKRET.az