“Fransa Senatı gələn həftə Dağlıq Qarabağın “müstəlliyini” tanımağa çağıran “qətnamə” layihəsini müzakirəyə çıxaracaq. Qətnamə layihəsinin müəlliflərindən biri Senatda “respublikaçılar” fraksiyasının nümayəndəsi Bruno Retayo deyib ki, “tanınma Türk İslamçı ekspansionizmi qarşısında Dağlıq Qarabağdakı ermənilərin hüquq və azadlıqlarına etibarlı zəmanət verə bilər”. “Qətnamənin” müəllifi daha sonra müsahibə verərək Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan haqqında təhqiramiz fikirlər söyləyib. Deməli, bunlara elə gəlir ki, Azərbaycan ordusundan başqa müharibədə Fransanın bütün rəbiqləri iştirak edib.”
KONKRET.az Cebhe.info-ya istinadən xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, Azərbaycan da aktiv fəaliyyətə keçib bu qətnamənin regionda hansı problemlər yaradacağını onu qəbul edən qurumlara başa salmalıdır:
“Belə bir ölkə hələ həmsədrliyi davam etdirməkdə iddialıdır. Parisin meri Ann İdalqo da “qətnamə” müəllifləri ilə həmfikirdir.
Senatın “qətnaməsi” məsləhət xarakteri daşıyır. Fransa Prezidenti Emmanuel Makron nə qədər ermənipərəst və anti-türk olsa da, həmin qətnamənin dəstəklənməsinin ölkəsinə hansı problemlər yaradacağının fərqində olmalıdır. Buna baxmayaraq, biz müşahidəçi olmamalı, Fransaya və bu ölkənin təxribatçı siyasətini davam etdirmək istəyən ölkə və siyasi mərkəzlərə bu mesajı ünvanlamalıyıq: “Sizin “qətnamələr” bölgədə kövrək sülhə zərbə vuracaq və yenidən müharibə risqini artıracaq”. Yəni onlara anlatmalıyıq ki, “qətnamələriniz” erməniləri qorumaq əvəzinə onların problemlərini artıracaq.”