Fuad Muradov komitəyə gələndən sonra nə dəyişdi? – Xatirə Sadiq yazırbackend

Fuad Muradov komitəyə gələndən sonra nə dəyişdi? - Xatirə Sadiq yazır

Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyəti göz önündə olan və dərhal nəzərə çarpan qurumlardan biridir. Demokratiya və söz azadlığı mühitində hər hansı dövlət qurumu barədə müxtəlif fikirlər söyləmək, hətta tənqidi rəylər səsləndirmək baxımından hər kəs sərbəstdir. Amma bu düşüncələr qərəzli olanda arxasında hansı məkrli məqsədlərin dayandığı açıq-aşkar görünür.

Son günlər xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının zəif olması, xüsusilə də Vətən müharibəsi zamanı erməni diasporuna və təbliğatına uduzduğu iddia edilir, buna görə Diasporla İş üzrə Dövlət Komitəsinin ünvanına tənqidi fikirlər səslənir.

Hərçənd komitənin pandemiyadan öncəki fəaliyyətinə qısa bir nəzər salmaq həmin tənqidlərin əsassız olduğunu görmək üçün yetərlidir. Çünki 2018-ci ildə bu qurumun rəhbərliyinə Fuad Muradov gətirildikdən sonra dövlətin diaspor siyasətinin sistemli və ardıcıl şəkildə həyata keçirildiyi göz önündədir. Dövlət Komitəsinin rəhbərliyindən tutmuş bütün əməkdaşlarına qədər hər kəs xaricdə yaşayan soydaşlarımızla son dərəcə nəzakətlə və həssaslıqla davranır, onların demək olar ki, nazı ilə oynayır. Bu qurumda diaspor təşkilatlarına hər hansı təzyiq göstərməkdən söhbət belə gedə bilməz. Çünki komitə əməkdaşları diaspor fəaliyyətinin Vətən sevdalılarına məxsus xüsusiyyət olduğunu, bu missiyanın könüllülük əsasında həyata keçirildiyini unutmurlar.

  • İndi hər kəsin xaricdə yaşayan qohum və ya dost-tanışı var. Adının çəkilməsini istəməyən dostlarımızdan biri Fuad Muradovun Avropada yaşayan diaspor təşkilatlarının nümayəndələri və soydaşlarımızla görüşündən maraqlı məqamları danışmışdı. Sən demə, Dövlət Komitəsinin sədri bütün görüşlərində siyasi baxışlarından asılı olmayaraq, soydaşlarımızı Vətən naminə birləşməyə, həmrəy olmağa, şəbəkələşməyə çağırışlar edib. Onlara yerli dilləri mükəmməl öyrənməyi, yaşadıqları ölkələrin içtimai-siyasi, elm və mədəni həyatına sıx inteqrasiya etməyi, lobbi fəaliyyətini gücləndirməyi nəzakətlə tövsiyə edib.

Ən əsası, 2019-cu ildən başlayaraq komitənin sədri həmvətənlərimizin diqqətini ölkəmizə ermənilərin havadarları tərəfindən edilən basqı və təzyiqlərə, dövlət müstəqilliyimizə yaranmış təhlükələrə cəlb edərək, onların mütəşəkkil şəkildə fəaliyyət göstərmələrinin vacibliyindən danışıb.

Dövlət Komitəsinin tövsiyələri yalnız söz olaraq qalmayıb. Məhz komitənin xahişi ilə Azərbaycan diasporunun hələ yəhudi, yunan, türk, erməni diasporları qədər güclü maliyyə imkanlarına malik olmadığını nəzərə alan dövlətimiz Azərbaycan Diasporuna Dəstək Fondunu yaradıb. Fəaliyyəti tam şəffaf olan bu fondun hesabına xaricdə yaşayan soydaşlarımızın və icmaların çoxlu sayda layihələri gerçəkləşdirilib. Bütün bunları görmək üçün Diasporla İş üzrə Dövlət Komitəsinin pandemiyadan öncəki fəaliyyətinə nəzər salmaq kifayətdir.

Soydaşlarımızın fəaliyyətlərinin sistemli şəkil alması üçün 26 ölkəni, 121 diaspor təşkilatını əhatə edən 11 Koordinasiya Şurası təsis olunub. 10 ölkədə soydaşlarımızı bir araya gətirmək, tədbirlərini keçirmək və yerli ictimaiyyətə sıx inteqrasiya olmaq məqsədilə 12 Azərbaycan evi yaradılıb. “Diaspor Gənclərinin Yay Düşərgələri”, “Liderliyin inkişafı”, “Beyinqazanma proqramı”, “Azərbaycan Diaspor Gəncləri”, “Azərbaycan Diaspor Könüllüləri” kimi layihələr gerçəkləşdirilib.

Hər birimizə əziz və doğma olan “Qarabağ” kəlməsi Birinci vitse-prezident Mehriban xanımın göstərişilə xaricdə brendə çevrilib. Fransanın Nant, İsveçrənin Bern şəhərlərində təsis olunmuş Azərbaycan həftəsonu məktəbləri və Rotterdamda yaradılan idman klubu böyük iftixar hissi ilə “Qarabağ” adını daşıyır.

Dövlət Komitəsi soydaşlarımızın dərsliklərlə bağlı xahişlərini yerinə yetirib. Komitənin təşəbbüsü ilə ölkəmizdə “Azərbaycan dili” dərslikləri nəşr edilib və həftəsonu məktəblərə çatdırılıb. Xaricdə doğulan azərbaycanlı uşaqlrın öz doğma dilini unutmamaları məqsədilə həmin dərsliyin elektron variantı komitənin saytında yerləşdirilib.

Təkcə Gürcüstanın Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təsis olunması faktına görə Dövlət Komitəsini alqışlamaq olar. Çünki bu Mərkəzdə yaradılmış kurslarda əldə etdikləri bilik sayəsində 35-dən artıq azərbaycanlı gənc 4+1 proqramına əsasən Gürcüstanın müxtəlif ali məktəblərinə qəbul olunub. Hansı dövlət məmurunun Gürcüstanın Laqodexi rayonunun Qabal kəndinə və Saqareco rayonunun Qaraçöp mahalına səfər etdiyinin şahidi olmuşuq? Pandemiyadan öncə Fuad Muradov həmin ucqar mahalda da olmuş və soydaşlarımızın problemləri ilə yerində maraqlanmışdı. Həmin problemlər Gürcüstan hökumətinin üzvləri ilə görüşlərdə qaldırılmış və onların həlli istiqamətləri müzakirə edilmişdi.

Vaxtilə Azərbaycanın tarixi günlərində müxalif düşüncəli mühacirlərin Ermənistanın xaricdəki səfirlikləri və ya dövlət qurumları önündə keçirdikləri azsaylı aksiyalar arxada qalıb. Komitənin fəaliyyəti sayəsində Azərbaycanın tarixi günlərilə əlaqədar dünyanın müxtəlif ölkələrində izdihamlı mitinqlər, aksiyalar keçirilir, müxtəlif konfranslar, “dəyirmi masa”lar, müsabiqələr, sərgilər, konsertlər və sair təşkil edilir.

Ötən il fevralın 22-də Berlin şəhərində Avropanın 30-dan çox ölkəsinin nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş mitinq təşkil edildi. Mitinqdə çıxış edən soydaşlarımız yaşadıqları ölkələrin dillərində dünya ictimaiyyətinə müraciət edərək Xocalıya ədalət tələb etdilər. Həmin mitinq bütün dünyada böyük əks-səda doğurdu, xarici KİV-lər bu hadisəni geniş şəkildə işıqlandırdılar, xocalılılara qarşı qanlı qətliamı və amansız hərbi cinayəti həyata keçirən erməni faşistlərini növbəti dəfə ifşa etdilər.

Lakin bütün dünyanı cənginə alan koronavirus pandemiyası soydaşlarımızın və komitənin də fəaliyyətinə öz mənfi təsirini göstərdi. Planlaşdırılan layihələrin əksəriyyəti təxirə salındı: onların potensial iştirakçılarının ölüm saçan xəstəliyə yoluxmalarına imkan vermək olmazdı. Komitə dərhal fəaliyyətini onlayn rejimə keçirməklə, bu çətin sınaqdan çıxa bildi. Komitədə həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən operativ qərargah yaradıldı və həmin dönəmdə xaricdə müvəqqəti olaraq çətin duruma düşən, hətta xəstəliyə yoluxan soydaşlarımıza maddi-mənəvi dəstək göstərildi, azərbacanlıların təxliyə olunması məqsədilə müvafiq dövlət orqanları ilə birgə hərəkətə keçildi, dünyasını dəyişənlərin nəşinin Vətənə gətirilməsi ilə bağlı müraciətlər cavabsız qoyulmadı. Rusiya–Azərbaycan sərhədinin Dağıstan hissəsində toplaşan azərbaycanlıların Vətənimizə təhlükəsiz şəkildə keçirilməsi məqsədilə Dövlət Komitəsi rəhbərliyinin və əməkdaşlarının digər müvafiq qurumların nümayəndələri ilə birlikdə həftələrlə bu ərazidə qaldıqları və yorulmadan çalışdıqları, yəqin ki, diaspor fəaliyyətinin necə olması barədə “məsləhət” vermək istəyənlərin ağlına belə gəlmir.

Bu dövrdə təkcə Dövlət Komitəsi fədakarlıqla çalışmırdı, diaspor təşkilatları da müvəqqəti çətinliklə üzləşmiş soydaşlarımıza dəstək göstərmək naminə müxtəlif xeyriyyə tədbirləri həyata keçirdilər, evdə qalmağa məcbur olan Azərbaycan vətəndaşlarına mənəvi dəstək olaraq müxtəlif video aksiyaları nümayiş etdirirdilər.

12 iyul 2020-ci il tarixli Tovuz hadisələri isə sanki diasporumuzun ikinci nəfəsini açdı. Pandemiya təhlükəsinə baxmayaraq, Vaşinqton, Nyu-York, Toronto, London, Paris, Berlin, Brüssel, Haaqa, Praqa, Varşava, Budapeşt və digər şəhərlərdə keçirilən izdihamlı etiraz aksiyaları dünya ictimaiyyətinin diqqətini Ermənistanın işğalçı və təcavüzkar siyasətinə, xalqımızın haqlı mövqeyinə cəlb etdi. Azərbaycan səfirliklərinin önündə sipərə çevrilən, Los-Anceles, Brüssel, Haaqada erməni qulduqlarının fiziki zorakılığına məruz qalan soydaşlarımız böyük fədakarlıqla Ermənistan silahlı qüvvələrinin və havadarlarının dövlət müstəqilliyimizə qəsd etmək cəhdində olduğunu, Qarabağ məsələsində Azərbaycanın haqlı və ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdıra bildilər. Bu aksiyalar bir daha azğın ermənilərin maskasının yırtılması ilə nəticələndi. Dünya ictimaiyyəti hətta demokratik ölkələrdə belə ermənilərin qeyri-qanuni hərəkətlərə yol verməkdən, etnik zəmində qorxunc cinayətlər törətməkdən, hətta azərbaycanlıların xaricdə belə yaşamaq haqqını tapdalamaqdan cəkinmədiklərinə şahid oldu.

Tanınmış hüquqşünas Aslan İsmayılovun hər qurumu tərifləmədiyini hamı bilir. Amma məhz hörmətli hüquqşünas həmin günlərdə Azərbaycan diasporunun, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə yüksək qiymət verdi. Çünki Azərbaycan diasporunun “Qarabağ Azərbaycandır!” nidalı şüarını hayqırmasını eşitməyən dövlət və xalq qalmadı. Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında ermənilərin havadarlarının önündə cəsarətlə və qətiyyətlə bəyan etdiyi bu vacib şüar indiyədək Amerikanın və Avropanın müxtəlif şəhərlərindəki körpülərdən, bilbordlardan, binalardan, səmalardan nümayiş etdirilməkdədir.

  • Təsadüfi deyil ki, böyük Azərbaycan ailəsinə çevrilmiş diasporumuzun bu cür möhtəşəm fəaliyyəti Ermənistanın diaspor siyasətinə öldürücü zərbə vurdu. Və nəticə özünü çox gözlətmədi. Ötən ilin avqustunda Ermənistanın Baş naziri Nikol Paşinyan Diasporla İş üzrə Komissarlığın Aparatındakı 10-dan çox yüksək vəzifəli məmuru işdən azad etdi. Onların arasında Avropadakı Erməni İcmaları İdarəsinin, Qərbi Avropa İcmaları ilə əlaqələr şöbəsinin, Cənubi Amerika və Avstraliyada icmalarla əlaqələr şöbəsinin, Diasporun Potensialının qeydiyyatı və analitik informasiya idarəsinin, repatriasiya və tədqiqat şöbəsinin, bütün ermənilər, beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin, ermənipərəst və beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin, Yaxın və Orta Şərqdəki erməni icmaları ilə iş şöbəsinin, Dost Diasporlarla əlaqələr şöbəsinin, Erməni Apostol Kilsəsi və digər kilsə quruluşları ilə əlaqələr şöbəsinin, eləcə də Rusiya, Belarus, Ukrayna və Moldovadakı icmalarla iş şöbəsinin müdirləri vardı.

Bu, xaricdə fəaliyyət göstərən icmalarımızın, diasporumuzun və Diasporla İş üzrə Dövlət Komitəsinin erməni diasporu üzərində, Azərbaycan dövlətinin Ermənistanın diaspor siyasəti üzərində əldə etdiyi tarixi qələbə kimi qiymətləndirilə bilər.

44 günlük Vətən müharibəsi dönəmində də diasporumuzun fəaliyyəti daha qabarıq göründü. Komitənin koordinasiyası üzrə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı Ermənistanın hərbi təcavüzü ilə bağlı 23 dildə 500-dən artıq bəyanatı yaşadıqları ölkələrin hökumət və parlament başçılarına, deputatlarına, eləcə də nüfuzlu beynəlxalq qurumların rəhbərlərinə göndərdi. Avropa Parlamentinin üzvlərinə 775, müxtəlif ölkələrin 641 parlamentarilərinə bəyanat və müraciətlər birbaşa təqdim olundu. Komitənin təşəbbüsü ilə Azərbaycanda yaşayan müxtəlif xalqların icma rəhbərləri BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara, müxtəlif dövlətlərin başçılarına birgə bəyanat ünvanladılar. Onlar Azərbaycanın Qarabağ məsələsində haqlı olduğunu, Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasəti yürüdərək Dağlıq Qarabağı qeyri-qanuni olaraq zəbt etdiyini, ölkəmizdə bütün xalqlara irqindən, dinindən asılı olmayaraq tolerant münasibət göstərildiyini əsas gətirərək, bu müharibədə Azərbaycanın mövqeyini dəstəklədiklərini bəyan etdilər.

Bu dönəmdə 36 xarici ölkədə 198 tədbir keçirildi. Onların 111-i etiraz aksiyası, nümayiş və avtoyürüş oldu. İstər Tovuz hadisələri, istərsə də Vətən müharibəsi dönəmində keçirilən bütün tədbirlərdə Türkiyə, İsrail, Pakistan, Ukrayna kimi dost ölkələrin icmalarının da nümayəndələri iştirak etdilər.

Soydaşlarımız təkcə etiraz mitinqləri keçirmədilər, həm də ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza, həlak olmuş döyüşçülərimizin və yaralanmış qazilərimizin ailələrinə dəstəklərini nümayiş etdirdilər, Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş Gəncə, Bərdə, Tərtər, Mingəçevirdə baş verən hərbi cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılması üşün müxtəlif anım mərasimləri və səhnələşdirilmiş aksiyalar təşkil etdilər, bombardman zamanı həlak olan və yaralanan dinc sakinlərin ailələrinə yardım etdilər. Silahlı Qüvvələrə Yardım Fonduna ianələr köçürüldü, əlil arabaları alınıb göndərildi.

Müharibə dönəmində dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil olundu, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirdilər. Həmin məqalələrdə Azərbaycanın haqlı və ədalətli mövqeyi, Qarabağ bölgəsinin Azərbaycanın əzəli torpağı olduğu, ermənilərin çar Rusiyası dönəmində bu bölgəyə köçürüldükləri, faşist təfəkkürlü Ermənistan rəhbərliyinin xalqımızın başına gətirdiyi müsibətlər ətraflı şəkildə dünya ictimaiyyətinin nəzərinə çatdırıldı.

Azərbaycan Diaspor Könüllüləri isə xaricdə və Azərbaycanda yaşayan gənclərimizlə birlikdə dünyanın aparıcı siyasətçilərinə və ABŞ konqresmenlərinə müxtəlif dillərdə məktublar ünvanlayaraq məhz Ermənistanın işğalçı və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın öz ərazisində əks-hücuma keçməklə torpaqlarını işğaldan azad etməyə və ərazi bütövlüyünü bərpa etməyə vadar olduğunu bildirdi.

Müharibədən sonra isə “ağıl” yürüdənlərdən fərqli olaraq Dövlət Komitəsi ağır pandemiya şəraitində diaspor təşkilatlarının və icmalarımızın vasitəsilə erməni lobbisinin müxtəlif ölkələrdəki təxribatçı hərəkətlərinin qarşısını almağa şalışır. Bu fəaliyyət ermənipərəstliyi ilə fərqlənən Kanada kimi ölkənin Senatının qondarma “DQR”-in tanınmasına dair təşəbbüsün rədd etməsilə sonuclandı. 53 senator qətnamə layihəsinin əleyhinə, 16 senator lehinə səs verdi, 5 senator isə bitərəf qaldı. Qətnamə layihəsinin müəllifi, ermənipərəst senator Leo Housakos bunu erməni xalqı üçün kədərli gün adlandırdı. Bu “kədərli” nəticənin əldə olunmasında Kanada Azərbaycanlıları Şəbəkəsinin fəaliyyəti də böyük rol oynadı. Və bu gün də Niderlandda, Belçikada, Fransada soydaşlarımız separatçıların xeyrinə verilən qərarların ləğv olunması uğrunda mücadilələrini davam etdirirlər, xarici telekanallarda ermənilərlə debatlara çıxaraq, onların ədalətsiz və təcavüzkar mahiyyətini ifşa edirlər.

Bu məqamda “5-ci kolon” adlndırılan keçmiş ideoloqlara bağlı qüvvələrin “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunanların ətrafında səs-küy yaratmaları maraq doğurur. Elə təəssürat yaranır ki, sanki medal yalnız bir dəfə xaricdə yaşayan azərbaycanlılara təqdim olunacaq və qarşıdakı illərdə bu mükafata heç kim layiq görülməyəcək. Məgər bütün siyasi-ictimai, elm, incəsənət və mədəniyyət, idman xadimlərinin hamısına birdən orden və medal təqdim olunur? Elə müharibədən sonrakı təltiflər zamanı sosial media şəbəkələrində Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin döyüş rəhbərlərindən və Şuşanın azadlığı uğrunda döyüşlərin komandirlərindən biri olan Tehran Məsimovun ətrafında yaradılan səs-küyü kim unudar? Nə oldu? Tehran Məsimov sonradan digər qrup hərbçilərlə bərabər ordenlə və medallarla təltif olundu. Məgər kimin nə iş gördüyünü Prezident, Ali Baş Komandan İlham Əliyevdən yaxşı bilirdilər?

Əvvəla, diaspor fəaliyyətini kimsə hansısa mükafata və ya medala görə həyata keçirirsə, o zaman bu missiya ilə heç məşğul olmasa yaxşıdır. Çünki Vətənin səsini bütün dünyaya yaymaq və ona xidmət etmək təmənnasız olmalıdır. Belə təmənnasız soydaşlarımız isə xaricdə kifayət qədərdir. Onlar bəzən heç adlarının çəkilməsini belə istəmirlər.

İkincisi, o siyahıda “Əsgər marşı” ilə bütün əsgər və zabitlərimizi ruhlandıran, qələbəyə aparan görkəmli bəstəkar Cavanşir Quliyevin adının olması komitənin bu məsələyə ədalətli yanaşmasının, fərqli siyasi baxışlı, tənqidçi ruhlu soydaşlarımız arasında ayrı-seçkiliyə yol vermədiyinin göstəricisidir. Bəli, kimsə siyahıdan narazı qala bilər, hətta medalından imtina edə bilər. Burada faciə yoxdur. Necə ki, vaxtilə Azərbaycan Prezidenti Heydər Əliyevin layiq gördüyü “Şöhrət” ordenindən deputat Sabir Rüstəmxanlı imtina etmişdi. Amma 2005-ci ildə İlham Əliyevin təqdim etdiyi “Xalq şairi” fəxri adını məmnuniyyətlə qəbul edən də Sabir Rüstəmxanlıdır, bir çağırış millət vəkili olmadıqdan sonra 2020-ci ildə yenidən parlamentə qayıdan da Sabir Rüstəmxanlıdır. Əminəm ki, bütün narazılıqlara dərhal reaksiya verən, soydaşlarımıza həssas münasibət sərgiləyən komitə də yol verilmiş müəyyən yanlışlıqdan nəticə çıxaracaq və gələcəkdə medalların təqdim olunması üçün siyahıların müəyyənləşdirilməsinin daha optimal variantını düşünüb tapacaq. Çünki hansısa tələsgənlik qərəzkarlıqdan deyil, fərqlənənlərin heç olmasa bir hissəsini həmən mükafatlandırmaq, onların müsbət fəaliyyətini qeyd etmək niyyətindən irəli gəlib.

Həyatda ən yaxşı cəhət ədalət prinsipidir. Yaxşı iş görənləri tərifləmək hər birimizin insanlıq borcumuzdur. Ağına-bozuna baxmadan kiməsə iftira atmaq, qara yaxmaq, hər şeyə təmənna və pulun gözü ilə baxmaq vicdansızlıqdır. Qəbahətli olmayın, soydaşlarımızın və dövlət qurumlarının da uğurlu fəaliyyətinə sevinməyə çalışın və hərtərəfli, o cümlədən ruhən sağlam olun!

Xatirə SADİQ,

KONKRET.az

  • Willhelm Dieckmann
    Fevral 14, 2021 - 11:31

    Gözünüzün içinə qədər yalan danişirsiniz, sizdə dəsmal daşiyanlardan birisiniz, xanimsiniz özünüzə hörmət edin, heç nə dəyişməyib hamisi bərbad haldadir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*