Ölkədə son illər problemli kreditlərin sayı artmaqdadır. Bu hal xüsusilə istehlak kreditlərinə aiddir. Borcunu vaxtında ödəyə bilməyən vətəndaşların bir çoxu banklar tərəfindən məhkəməyə verilir. Bəs, bank vətəndaşı istehlak kreditinin gecildirilmiş ödənişinə görə məhkəməyə veribsə, kredit götürən şəxs nə etməlidir?
Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, bank vətəndaşı məhkəməyə veribsə, şəxs ilk növbədə prosesdə iştirak etməlidir.
“Əgər borcun məbləği ilə razı deyilsə, məsələn, faizlər düzgün hesablanmayıbsa və ya başqa səbəblər varsa, bu barədə məhkəmədə etirazını bildirməlidir. Bəzən insanlar elə başa düşürlər ki, “ödəyə bilmirəm” demək kifayətdir. Halbuki, bu, məhkəmədə arqument sayılmır.
Ekspert qeyd edib ki, məhkəmə qərarı qəbul edildikdən və iş icraya göndərildikdən sonra “ödəyə bilmirəm, hissə-hissə ödəyəcəm” ifadələrini işlətmək artıq gec olur.
“Məhkəmə prosesində əsas iki suala cavab verilir: borc var, ya yox? Əgər varsa, məbləği nə qədərdir. Məhkəmə başqa məsələləri araşdırmır”.
Aynurə İsmayıl
KONKRET.az