Gənc həkimlərin Azərbaycanı kütləvi tərk etməsinin günahı kimdədir?backend

Gənc həkimlərin Azərbaycanı kütləvi tərk etməsinin günahı kimdədir?

“1400 gənc həkimin ölkədən Almaniyaya getməsinin günahkarı bizik. Burada söhbət təkcə 1400 rəqəmindən yox, keyfiyyətdən gedir. Obrazlı şəkildə desək, xaricə gedən həkimlərimiz “qaymaqlarımız”dır. Onlar ən savadlı və ən yaxşı oxuyan həkimlərimizdir ki, qısa müddətə alman dilini də öyrəniblər”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında həkim-radioloq Aydın Əliyev deyib.

O, gənc həkimlərin ölkədən getməsinin, habelə Avropaya beyin axının səbəblərindən söz açıb.

A. Əliyevin fikrincə, biz bu istedadları, səhiyyəmizin beynini itiririk:

“Təəssüflər olsun ki, bu, çox acınacaqlı bir durumdur. Tək Almaniyaya 1400 həkim gedib. Axı bunun ABŞ-ı, Fransası, İngiltərəsi, İtaliyası, Türkiyəsi VƏ digər ölkələri var. Yaxşı oxuyan tələbələrimizin əlində şans olan kimi onlar bunu dəyərləndirib dərhal Avropaya gedirlər. Səhiyyə məmurlarımız hələ bunu başa düşmür. Amma bir neçə ildən sonra biz bunun fəsadlarının ən ağır bədəllərini verəcəyik.

Bunun səbəbi nədir, deyim. Səbəb birmənalı şəkildə ölkəmizdə həkimlərə qarşı olan etinasızlıq və sayğısızlıqdır. Bu gün həkimlərin maddi rifah halı yaxşı deyil. Həkimlərin maaşını 100 manat qaldırıblar, amma keçən dəfə oxuyuram ki, TƏBİB-in rəhbəri Vüqar Qurbanov deyir ki, biz yaxşı işləməyən həkimlərin maaşlarını kəsəcəyik. Hələ verməyiblər, artıq kəsməkdən danışırlar. Təsəvvür edirsiniz, bu, nə deməkdir?”

Müsahibimiz söyləyib ki, bu gün həkimlərə bonuslar verilmir, maaşlar gecikdirilir:

“Xüsusən də bölgələrdə həkim çatışmazlığı var. Oraya getmək üçün həkimləri stimullaşdıraraq onlara 5-10 qat artıq əməkhaqqı vermək lazımdır. Həkim mənzil şəraiti və xidməti avtomobil ilə təyin edilməlidir. Lakin heç biri yoxdur. Ona görə də istər-istəməz tələbələrimiz bunu görüb ölkədən gedirlər. Çünki III kursdan etibarən, Tibb Universitetinin tələbələri Bakı şəhərinin müxtəlif klinikalarında təcrübələr keçirlər. Gedib oradakı həkimlərin vəziyyətinə, şəraitə baxırlar, avtomatik olaraq da dəyərləndirirlər ki, onların burada qalmağındansa, inkişaf etmiş xarici ölkələrə getmələri daha yaxşıdır”

Həkim-radioloq onu da diqqətə çatdırıb ki, bir neçə xəstəxana və klinikaları çıxmaq şərti ilə, klinikaların əksəriyyətində maddi-texniki baza bərbad gündədir:

“Heç olmasa, bunu yaxşılaşdıra bilmirlərsə,  həkimlərin maddi rifah halını nəzərə alsınlar. XXI əsrdə biz avtomatla, silahla həkimin qarşısını ala bilmərik ki, sən xaricə getmə. Burada rəqabət var. İnkişaf etmiş ölkələrdə savadlı insanlar niyə yığışır? Çünki o insanlara həmin ölkələrdə şərait yaradırlar. Avropa və Qərb ölkələrinin çoxundakı həkimlərin məvaciblərinə gəlin baxaq. Orada tibb bacılarının, hətta orta tibb işçisinin aldığı məvacib həkimlərimizin aldığı məvacibdən qat-qat üstündür. Bu, əlbəttə ki, nonsensdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*