Hazırda Gəncə Mərkəzi Şəhər Kitabxanasının binasında üzləmə işləri aparıldığına dair KONKRET.az-ın redaksiyasına şikayət daxil olub.
Şikayətçi iddia edir ki, aparılan işlər zamanı tarixi bina müasir tikinti materialı olan penoplast (istilik izolyasiyası məqsədilə istifadə edilən plastik əsaslı material) ilə üzlənir. Ancaq bu da hamısı deyil. Məlumdur ki, illər öncə Bakının Binəqədi rayonu ərazisində yanan bina da penoplastla üzlənmişdi. Tez alışan materialı olması səbəbindən, bina bir anın içində yandı və xeyli insan həyatını itirdi. Məhz bu hadisədən sonra ölkə rəhbərliyi səviyyəsində verilən qərarla binaların fasadlarının penoplastla üzlənməsi qadağan edildi. Ancaq Gəncədəki tarixi binanın məhz bu materialla üzlənməsi haqlı narahatlıq doğurub.
Şikayətçi iddia edir ki, bu cür materialların istifadəsi binanın tarixi simasının pozulmasına, həm də uzunmüddətli perspektivdə binanın strukturuna zərər vurmasına gətirib çıxara bilər:
Gəncənin mərkəzində yerləşən Gəncə Mərkəzi Şəhər Kitabxanası sovet dövründən qalan bir memarlıq nümunəsidir. Onun üstünü ucuz penoplastla örtmək nə dərəcədə düzgündür?”
Qeyd edək ki, Gəncə Mərkəzi Şəhər Kitabxanası şəhərin tarixi mədəniyyət məkanlarından biri sayılır.
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun sözçüsü Gülnar Fazilqızı KONKRET.az-a cavabında bildirdi ki, bu penoplastları binanın üzünə vurmurlar, əksinə sökürlər: “Bu günədək binanın üzü penoplast üzlüklə örtülüb, indi onlar sökülür. Yalnız binanın pəncərələrinin kənarlarına penoplast vurulur. Bu da FHN-lə razılaşdırılmış şəkildə və təhlükəsizlik qaydalarına əməl olunmaqla həyata keçirilir. Belə ki, pəncərələrin arxasında karkas qurulur və penoplastla binanın fasadı arasında məsafə saxlanılır. Əlavə olaraq daha 6 binanın üzərində olan penoplast üzüklər söküləcək”, – deyə İcra Hakimiyyətinin sözçüsü vurğulayıb.
![]()
![]()
![]()
Müşviq Tofiqoğlu
KONKRET.az