Genefondumuzu məhv edən şəbəkələr barədə MÜHÜM DETALLARbackend

Genefondumuzu məhv edən şəbəkələr barədə MÜHÜM DETALLAR

“Ay alan, məmləkəti-Rey satıram,

Kimə dəxli ki, mən şey satıram”. Bu sətirləri Mirzə Ələkbər Sabir düz 115 il əvvəl yazıb. Lakin ötən 115 ildə həyatımızda çox şey dəyişsə də, təfəkkürümüzdə heç nə dəyişməyib. Yenə feodal təfəkküründə ilişib qalmışıq. O vaxt olduğu kimi indi də  hamı alıb-satmaqla məşğuldur. Kimi dövlətin torpağını, kimi vəzifə, kimi banan, kimi narkotik, kimisi də zəhərli ərzaq satır. Satmağa bir şey tapmayan “soydaşlarımız” ana-bacısını, bəzənsə Vətənini satır.

Bir sözlə, hamı satmaqla məşğuldur. Necə deyərlər “Şakaya pul lazımdır”. Çünki bizim cəmiyyətdə ancaq pul hökm edir, hörmət gətirir. Ona görə də bir çox hallarda pul qanunlardan və milli dəyərlərdən, dövləti maraqlarından üstün tutulur.

Mən bu yazımda bu alverçi şəbəkəsinin bir halqası-ticarət şəbəkələri haqqında danışacam.

Bəlkə də dünyada yeganə xalqıq ki, alveri “anamızın qarnında” öyrənirik. Və ayağımız yer tutandan başlayırıq alverə. Ən pisi də odur ki, pul xatirinə öz övladlarımızın sonunu gətirəcək təhlükəli və keyfiyyətsiz məhsulları belə satırıq. Baxmayaraq ki, Həsən bəy Zərdabi hələ 147 il əvvəl yazırdı ki, “müsəlmanın iki böyük eybi var. Birincisi odur ki, varlısı xəsisdir, kasıbı oğru. İkinci eybi odur ki, müsəlman heç zaman ticarət elmini öyrənmir”.

Bəli, bu gün vəzifəsindən və sosial durumundan asılı olmayaraq, hamı ticarətlə məşğuldur. Məmurlarımızın ticarət şəbəkələri, ortababların isə dükanları var. Və indi istənilən ticarət şəbəkəsinə girsən, orada vaxtı keçmiş ərzaq və qeyri-ərzaq məhsullarına rast gəlmək olar.

Ən dəhşətlisi də odur ki, vətəndaşlar bilərəkdən və yaxud bilməyərəkdən həmin məhsulları məmnunluqla istehlak edirlər. Bunun bir səbəbi savadsızlıqla bağlıdırsa, digər və əsas səbəbi vaxtı keçmiş məhsulların nisbətən ucuz qiymətə təklif olunmasıdır. Çünki sosial durumu ağır olan vətəndaş üçün keyfiyyət yox, qiymət daha önəmlidir. Əhalinin sosial durumunun ağır olması səbəbi ilə işbazlar son illər hərəkətə keçib. Əhaliyə aşağı keyfiyyətdə və vaxtı keçmiş məhsullar təklif edirlər. Və bu bədnam proses total şəkildə aparılır.  Məsələn, bu gün ölkədə geniş şəbəkəyə malik “Al” və “Oba” mağazalarında əhaliyə təklif olunan məhsullar bir qədər aşağı qiymətədir. Hansı ki, qonşuluqdakı ticarət subyektindəki anoloji məhsullar nəzərə çarpacaq dərəcədə bahadır. Məlumdur ki, “Oba” mağazaları “Araz” supermarketlər şəbəkəsinə bağlıdır. O da bəllidir ki, “Araz” supermarketlər şəbəkəsindəki qiymətlər digər şəbəkələrlə müqayisədə xeyli bahadır. Bu da gəzən söhbətlərin doğruluğuna əsas yaradır ki, bu şəbəkədə satılmayan vaxtı keçmiş və keyfiyyətsiz məhsullar “Oba”da asanlıqla realizə olunur.

Ötən günlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində ““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.

Bu barədə Dövlət Xidmətinin yaydığı məlumatda deyilir: “Araz” supermarketlər şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlıqlı reklamda əmtəələrin qiyməti, əldəetmə və ödəniş şərtləri barədə həqiqətəuyğun olmayan məlumatlar yayımlanıb. Eyni zamanda həmin reklamda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib. Bununla yanaşı, reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib”.

Qərara əsasən, “Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabətə yol verdiyinə görə MMC-yə 2 milyon 484,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Məsələnin digər maraqlı tərəfi supermarketlərdə həyata keçirilən kampaniyalardır. Bütün supermarketlər bir qayda olaraq kolbasa və kolbasa məmulatlarına endirim tətbiq edir. Hətta bəzi supermarketlər bu ərzaq məhsullarının hədiyyə kampaniyasını da həyata keçirir.

Bəllidir ki, kolbasa və kolbasa məmulatları tez xarab olan ərzaq kateqoriyasına daxildir. Bununla belə bu məmulatlar günlərlə, həftələrlə açıq şəraitdə satılır. Bu yerdə vacib bir məqamı da xatırlatmaq istəyirəm. Hazırda kolbasa və sosislər 4-5 manata istehlakçıya təklif olunur. Halbuki, bazarda toyuq ətinin qiyməti 8-10, mal ətinin qiyməti isə 10-12 manat arasında dəyişir. Bəs necə olur ki, kolbasa və sosislər ətin qiymətindən 2-3 dəfə aşağı qiymətə satılır.

Burda bildiyim bəzi acı həqiqətləri söyləmək istəyirəm. Kolbasa və kolbasa məhsulları üçün ətlər əsasən xaricdən gətirilir. Bu ölkələrdən birincisi Hindistandır. Əldə etdiyimiz məlumata görə, GMO ətlər əsasən Çində hazırlanır. Çində hazırlanan süni ətlər Hindistana daşınır və oradan da Azərbaycana gətirilir.

Bundan əlavə, bildiyimiz kimi kolbasa və sosislərin istehsalında soyadan geniş istifadə edilir. Hazırda Azərbaycanda istehsalatda istifadə olunan soya da GMO-dur. Bu da insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Hələ onu demirəm ki, “tovarnı vid” almaq üçün bəzi işbazlar soyadan nəzərdə tutulduğundan daha çox istifadə edirlər. Bu isə artıq cinayətdir.

Bəs bu cinayətə qarşı niyə mübarizə aparılmır? Yada salaq ki, hazırda əhalinin ərzaq təhlükəsizliyinə birbaşa cavabdeh olan dövlət qurumu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. Yaranmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu təşkilat özfəaliyyətlə məşğuldur. Və özündən əvvəlki anoloji qurumların getdiyi yolla gedir. Yəni başlarını aşağı salıb pullarını qazanırlar. Xalq isə keyfiyyətsiz və mənşəyi məlum olmayan ərzaqlardan gündə bir xəstəlik tapır. Xərçəng, sonsuzluq və digər müalicəsi mümkün olmayan xəstəliklərin törədicilərindən biri də ərzaq məhsullarıdır.

Ən dəhşətlisi odur ki, Azərbaycan bəlkə də yeganə ölkədir ki, burada keyfiyyətsiz və vaxtı keçmiş məhsulların ticarəti cinayət məsuliyyəti yaratmır. Ən yaxşı halda bu dələduzlar inzibati məsuliyyətə cəlb olunurlar. O da xırda cərimələrdir. Yəni  istehlakçı siyasətimiz yox dərəcəsindədir. Əgər zəhərli məhsul satılarsa, heç bir dövlət orqanı buna müdaxilə etmək ixtiyarında deyil. Belə hallar üçün uzun və mənasız prosedur var. Qidanın təhlükə riskini aradan qaldıran qurum yalnız AQTA-dır. Onun da problemin qarşısını almaq hüququ yoxdur. Belə ki, hansısa fakt aşkarlanarsa, AQTA onu 7-15 gün müddətində araşdıra bilər və nəticələr barədə müvafiq qurumlara məlumat verə bilər. Vəssalam…

Bəs, AQTA, ümumiyyətlə, nə işlə məşğuldur? Bu barədə növbəti yazımızda…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*