Mədəniyyət Nazirliyi ətrafında yaranan gərginlik hələ də davam edir. Səslənən iddialar, sənətçilərin açıq etirazı və idarəçilikdəki qeyri-müəyyənliklər qurum daxilində ciddi problemlərin olduğunu göstərir. Xüsusilə iki ad – tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva və mətbuat xidmətinin rəhbəri Aynur Kərimova narazılıqların əsas hədəfinə çevrilib. Maraqlıdır ki, son 5 ildə bu qurumda qalmaqallar səngimir.
Nazirlik məsuliyyət mexanizmini işə salacaq, yoxsa problem yenə də daxildə ört-basdır ediləcək? Adıçəkilən şəxslərlə bağlı tədbir görülə bilərmi?
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, deputat Fazil Mustafa bildirib ki, məsələyə şəxslər üzərindən yanaşmaq düzgün deyil.
Onun fikrincə, Mədəniyyət Nazirliyi rəhbərliyi bu istiqamətdə öz tədbirlərini görəcək və obyektiv araşdırmanın nəticələri barədə ictimaiyyəti məlumatlandıracaq:
“Bu narazılıq həm obyektiv, həm də subyektiv səbəblərdən həmişə mövcud olub. Hazırkı məsələdə konkret olaraq mədəniyyət nazirinin hədəfə çevrilməsini də doğru hesab etmirəm. Bildiyim qədər, nazirin birbaşa təşəbbüsü ilə həyata keçirilən xeyli mütərəqqi layihələr var. Bu sahədə vəziyyət olduqca çətindir. Çünki işçilərin sosial vəziyyəti, maaşları və qonorarları çox vaxt onların gözləntilərini qarşılamır. Bu isə əsasən nazirliyin imkanları ilə bağlıdır və büdcə vəsaitlərinin artırılmasına ehtiyac yaradır”.
Millət vəkili ümumiyyətlə, belə mövzularda tənqidin olmasını da normal qarşıladığını deyib:
“Nazirlik tənqidin ölçüsünü və əhatəsini öz idarəetmə mexanizmləri çərçivəsində araşdıracaq və nəticələrini müvafiq şəkildə əldə edəcək”.
Qeyd edək ki, noyabrın 24-də müğənni Nura Suri, Almaxanım Əhmədli, Təranə Mahmudova, kaman ifaçısı Şəhriyar Musayev Mədəniyyət Nazirliyi ilə bağlı açıq müraciət yayımlayıb.
“Mədəniyyət Nazirliyinin əməkdaşı Mənzər Nurəliyeva ilə bağlı tərəfimizdən səsləndirilmiş açıqlamalardan sonra bizim səhnə fəaliyyətimizdə, şəxsi həyatımızda və sair baş verə biləcək hər hansı neqativ hal və ya xoşagəlməz – zərər verə biləcək hadisə ilə bağlı bütün məsuliyyətin Mənzər Nurəliyevanın üzərinə düşdüyünü ictimaiyyətə bildiririk.
Qeyd edirik ki, onun müxtəlif qurumlarla geniş əlaqələrə malik olması səbəbindən ailə üzvlərimizdə narahatlıq yaranıb. Bu müraciət həmin narahatlığın əsaslı şəkildə qeydə alınması və mümkün risklərin əvvəlcədən qeyd olunması məqsədi daşıyır”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, müğənni Nura Surinin Mədəniyyət Nazirliyinin məmuru – tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyevanı rüşvətdə ittiham etməsi ilə bağlı bir sıra qalmaqallı hadisələr gündəmə gəlib. İfaçı iddia edir ki, bəzi sənətçilər, o cümlədən Xalq artistləri, tədbirlərə dəvət almaq üçün Mənzər adlı şəxsə hədiyyə və pul verirlər. Nura Suri paylaşımında bu faktı açıqladıqdan sonra sənət yoldaşları da onun sözlərinə dəstək verərək iddiaları təsdiqləyiblər.
