Son vaxtlar bir çox toy dəvətnamələrində cütlüklərin qonaqlardan məclisə uşaqlarla gəlməməyi xahiş etməsi yeni tendensiyaya çevrilib. Bəs bu yanaşma Qərb toy modellərinin Azərbaycana transferi kimi qiymətləndirilə bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən sosioloq Üzeyir Şəfiyev bildirib ki, toylar xalqımızın minillik adət-ənənələrinin daşıyıcısı olmaqla yanaşı, sosial varisliyin ötürülməsində mühüm rol oynayır:

“Toy mərasimlərimizdə mənəvi-əxlaqi dəyərlər, adət-ənənələr gələcək nəsillərə məhz bu mühitdə aşılanır. Uşaq və yeniyetmələrin bu məclislərə buraxılmaması düzgün yanaşma deyil. Onlar toyda iştirak etməlidirlər ki, ənənələrimizi görüb mənimsəsinlər və gələcəyə daşısınlar,” – deyə sosioloq vurğulayıb.
Üzeyir Şəfiyevin sözlərinə görə, uşaqların toy məclislərindən kənarlaşdırılması milli arxetiplərə ziddir:
“Toylar bütün nəslin iştirak etdiyi mərasimlərdir – uşaq, yeniyetmə, gənc və yaşlı nəsil orada bir arada olmalıdır. Kənar təsirlərdən uzaq duraraq toylarımızı milli ənənələr çərçivəsində saxlamağa çalışmalıyıq. Çünki məhz bu mühitdə gənc nəsil sosiallaşır, mənəvi və əxlaqi dəyərləri öyrənir.”
Sosioloq qeyd edib ki, yalnız ağır və emosional yükü olan mərasimlərdə, məsələn, yas məclislərində uşaqların iştirak etməməsi normal hesab edilir.
“Toy isə sosiallaşmanın vacib hissəsidir və uşaqların bu mühitdən kənar qalması doğru deyil,” – deyə o, əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
