Güclü külək Mingəçevirdə fəsadlar törətdi – FOTOLARbackend

Güclü külək Mingəçevirdə fəsadlar törətdi - FOTOLAR

Gecədən əsən güclü külək növbəti dəfə Mingəçevirdə fəsadlara yol açıb.

KONKRET.az-ın bölgə müxbiri xəbər verir ki, iri ağaclar küləyin təsiri altında gövdəsindən ayrılaraq binaların üzərinə, hasarlara, yollara və insanların sıx şəkildə dolaşdığı istirahət məkanlarına düşüb. Bəzi ərazilərə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb.

Analoji təbiət hadisəsinin fəsadları ən çox Heydər Əliyev prospekti, M.Füzuli, İ.İslamzadə, Həzi Aslanov küçələrində qeydə alınıb.

Belə ki, Həzi Aslanov küçəsi, 2 ünvanında iri çinar ağacı 5 mərtəbəli binanın üzərinə aşıb. Ağacın bir hissəsi qırılaraq binanın üzərində qalıb, gövdənin digər hissəsi aynəbəndin şüşələrini sındırıb, yağış qoruyucularını sıradan çıxarıb.

Sakinlərin iddiasına görə, binaya bitişik hələ bir neçə təhlükəli ağac var. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə müraciət olunsa da, hər hansı tədbir görülmür.

Heydər Əliyev mərkəzinə bitişik olan və sakinlərin ailəvi üz tutduğu böyük istirahət məkanında isə iri çinar hərəkət zolağına və atraksionların ətrafına aşıb. Eyni vaxtda özü ilə bərabər iki həmişəyaşıl ağacı da aşırıb.

Bu ərazidə vegetasiya dövrünü başa vurmuş daha 11 qurumuş ağac var ki, onların kəsilməsi üçün aidiyyəti qurumlara müraciət olunub.

Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəis müavini Tahir Abdullayevin verdiyi məlumata görə, bugünkü gecə də daxil olmaqla son günlər ərzində baş verən təbiət hadisələri zamanı Mingəçevirdə 100-ə qədər irili-xırdalı ağac tamamən və ya qismən aşaraq nəqliyyat yollarına və piyada səkilərinə, avtomobillərin, binaların, qaz borularının və elektrik xətlərinin üzərinə, hətta piyadaların üstünə aşıb, çoxsaylı fəsadlar yaradıb.Tahir Abdullayevin sözlərinə görə, ilk növbədə qaz boruları, elektrik xətləri və həyat əhəmiyyətli digər sahələr üzərindəki fəsadlar aradan qaldırılır. İdarə rəsmisi nömrələnmiş təhlükəli ağaclarla bağlı sakinlərin haqlı gileyinə də aydınlıq gətirib. Bildirib ki, vətəndaş müraciəti əsasında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birgə monitorinq aparılıb və yalnız ekoloji rəy verildikdən sonra əhali üçün təhlükə yaradan ağaclar kəsilərək zərərsizləşdiriləcək.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*