backend

“Güclü zəlzələ baş versə, bu binalarda ciddi problemlər yaranacaq” – Ekspert XƏBƏRDARLIQ ETDİ

Qardaş Türkiyədə baş verən güclü zəlzələ və binalarda dağıntıların çox olması, Azərbaycandakı tikililərin vəziyyətini gündəmə gətirib. Bir çoxları ölkədə tikilən binaların keyfiyyətini şübhə altına qoysa da, bəzi ekspertlər əks fikir səsləndirirlər. Bəs görəsən Bakıda tikilən binalar güclü zəlzələyə davamlıdırmı?

Mövzunu KONKRET.az-a şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, Azərbaycanda bəzi binaların tikintisində standartlara əməl edilmir: “Belə ki, standartlara uyğun olaraq beton tökülərkən onun tam quruması üçün 90 gün gözləmək lazımdır. Amma bizdə bəzi binalarda bu standart nəzərə alınmır. Yəni cəmi 30-40 gün vaxt keçdikdən sonra mərtəbələri tikməyə davam edirlər. Bu məsələyə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri rəy bildirməlidirlər. Amma qeyd etmək lazımdır ki, Azərbaycanda bina tikintisində standartların nəzərə alınmasına nəzarət qardaş Türkiyə ilə müqayisədə daha ciddidir. Türkiyədə 4-5 mərtəbəli apartman tipli binalar tikilir. Bizdə isə monolit betonlarla inşa edilən hündürmərtəbəli binalar çoxluq təşkil edir. Türkiyədə isə tikilən binalarda monolit betondan istifadə son illərə təsadüf edir. Bu baxımdan binaların tikintisi bizdə daha keyfiyyətlidir”.

Şirkətlərin fırıldağına son: Daha eyni mənzili bir neçə şəxsə sata  bilməyəcəklər - 11.04.2022, Sputnik Azərbaycan

Ramil Qasımzadə əlavə edib ki, zəlzələyə dözümlülük binanın möhkəmliyi ilə deyil, elastikliyi ilə ölçülməlidir: “Armaturların bir-birinə bağlanması daha çox önəm daşıyır. Yaponiyada hətta 12 ballıq zəlzələdə belə heç bir dağıntı baş vermir. Çünki onlarda armaturların bir-biri ilə bağlantısı dəqiq həyata keçirilir, elastiklik güclü olur. O vaxt Azərbaycanda tikilən “Xuruşovka” tipli binalar azmərtəbəli olsa da, bünövrəsi çox möhkəm qurulurdu. Amma “Leninqrad” layihəli binalar hündürmərtəbəli olsa da, 2000-ci ilin zəlzələsində dağıntı baş vermədiyini müşahidə etdik. Çünki Sovet dövründə inşa edilən binalar elastiklik və armaturların birləşməsi cəhətdən yaxşı idi. Ondan sonrakı dövrlərdə bəzən vətəndaşlar ana divarları sökərək layihə dəyişikliyi edirlər. Bu, gələcəkdə bizə fəsad verə bilər. Əgər Türkiyədəki kimi zəlzələ baş verərsə, bu gün Bakı şəhərindəki bəzi köhnə binalarda ciddi dağıntılarla üzləşəcəyik”.

Ekspert yeni tikili binaların əksəriyyıtinin zəlzələyə davamlı olduğunu desə də, bəzi neqativlərdən də söz açıb: “Bizdə texniki cəhətdən standartlara uyğun olmayan yeni tikili binalar var ki, onlara çıxarış verilmir. Çıxarışla təmin olunmayan binalarda bu təhlükə mövcuddur. Xüsusilə də FHN-in rəyini ala bilməyən binalar var ki, faktiki olaraq vətəndaşlar yaşayır. Amma onlar dövlət qeydiyyatına alınmayıb. Buna səbəb isə həmin binalara seysmoloji dayanıqlıqla bağlı rəyin verilməməsidir. Ümumi götürsək, Bakı və digər iri şəhərlərdəki binalar zəlzələyə hazır deyil. Xüsusilə də, yaşayış olsa da, istismara qəbul edilməyən binalardan söhbət gedir. Əgər güclü zəlzələ baş versə, bu binalarda ciddi problemlər yaranacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*