Xəbər verdiyimiz kimi, FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən 1999-cu ildən bəri yaşadığı ABŞ-də vəfat edib.
KONKRET.az xəbər verir ki, Pensilvaniya ştatında vəfat edən Gülənin meyiti hazırda St. Luke xəstəxanasının morqundadır.
Türkiyədə vətən xaini elan edilən və 16 iyul çevrilişinin təşkilatçısı olan Fətullah Gülən vəsiyyətində Türkiyədə dəfn olunmağını istəsə də, vətən torpağında basdırılmaq ona qismət olmayacaq.
Belə ki, artıq onun üçün malikanəsində məzar da qazılması üçün xüsusi texnika gətirilib. Anadolu agentliyinin təqdim etdiyi fotolarda onun malikanəsinin həyətində ekskavatorlar əks olunub.
Görüntülərə görə qazılan çuxurun başında Gülənin qardaşı Məsih Gülən dayanıb və oturacaqda əyləşərək qazıntı işlərini seyr edir.
Fətullah Gülənin yerinə kim gələcək?
Çoxlarını maraqlandıran sual Fətullah Gülənin yerinə kimin gələcəyidir. CNN-in canlı yayımında açıqlama verən Hande Fırat bildirib ki, təkcə Afrikadakı məktəblərdən illik 200-250 milyon dollar axın var. Onun dediyinə görə, bu qədər pulu idarə edəcək şəxsin kimliyinə ABŞ qərar verəcək.
ABŞ-nin Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin ölümündən sonra onun yerinə gətiriləcək şəxslər sırasında Mustafa Özcanın adı çəkilir. O, Fətullah Gülənin İstanbul məsələləri üzrə yardımçı imamı olub. Fətullah Gülənin yerini alacaq şəxslər sırasında ikinci şəxs kimi “Büyük abi” adı ilə tanınan İsmail Büyükçelebinin adı çəkilir./ Milli.Az