Yoxa çıxdığı deyilən məmur danışdı – EKSKLÜZİVbackend

Yoxa çıxdığı deyilən məmur danışdı - EKSKLÜZİV

Ötən gün Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında “Nəqliyyat” MMC-nin keçmiş rəisi Xannı Rüstəmovla bağlı mediada yayılan xəbərlərdə bildirilirdi ki, o, qanunsuz vergi toplayaraq yoxa çıxıb.

KONKRET.az-ın əməkdaşı Xannı Rüstəmovla görüşüb və haqqında yayılan xəbərlərə aydınlıq gətirməsini istəyib.

X.Rüstəmov mediada haqqında harasa yoxa çıxması ilə bağlı yayılan informasiyaları təkzib edərək bildirib ki, hazırda səhhəti ilə əlaqədar müalicə alır: “Təəssüf edirəm ki, mediada guya qanunsuz olaraq pul toplayıb qaçdığım barədə əsassız məlumatlar yayılıb. Amma gördüyünüz kimi, mən burdayam. Belə məlumatlar məni Sumqayıt ictimaiyyəti qarşısında nüfuzdan salmağa xidmət edir. Bu cür halları qətiyyətlə pisləyir və bəyan edirəm ki, mən Vətənimdəyəm və hazırda səhhətimlə bağlı müalicə olunuram”.

Xannı Rüstəmov bildirib ki, o, həmişə dövlətə və dövlətçiliyə xidmət edib və bu gün də Heydər Əliyev siyasi kursuna sadiqdir: “Mən Azərbaycanda öz fəaliyyətim boyu daim dövlətçiliyə sadiq olmuşam. Heydər Əliyev ideyaları mənim əsas amalım olub. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin son illər apardığı islahatları bütün varlığımla dəstəkləyirəm. Mən və ailəm, yaxın qohumlarım hər zaman dövlətimin və onun Prezidentinin bundan sonra da yanında olacağıq”.

DOSYE: Xannı Rüstəmov Laçın rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Rusiyada, Uzaq Şərqdə hərbi xidmətdə olub. İrkutskda əvvəlcə texnikuma, sonra isə İrkutsk Politexnik İnstitutunun avtomobil nəqliyyatı fakültəsinə daxil olub. Təhsilini bitirməyə az qalmış Ermənistan-Azərbaycan müharibəsinin başlanması onu Vətənə qayıtmağa vadar edib. Müharibə illərində Laçın rayonunda ən qaynar nöqtələrdə olub. Elə o vaxtdan Azərbaycanda qalmaq qərarını verib və ali təhsilini Bakı Politexnik İnstitutunda davam etdirib. Sumqayıt və Abşeronda müxtəlif vəzifələrdə çalışıb. Sonuncu iş yeri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında “Nəqliyyat” MMC-nin rəisi vəzifəsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*