Həkim və hakim intiharları – Əsl səbəb bu imişbackend

Həkim və hakim intiharları - Əsl səbəb bu imiş

Azər Cabbarov

Hazırda Ümumdünya Səhiyyə Təşkilatı intihar hadisələrini istisnasız olaraq dünyanın bütün regionlarına xas olan qlobal problem hesab edir. Təşkilatın hesablamalarına görə, son 50 ildə dünya üzrə intihar halları 60%-dən çox artıb. Rusiya da daxil olmaqla, bəzi ölkələrdə isə intiharlar 15-45 yaş arası insanlar arasında üç əsas ölüm səbəblərindən birinə çevrilib.

Xoşbəxtlikdən Azərbaycan bu sarıdan bir çox ölkələrdən çox geri qalır. Amma, bizdə də bu kədərli statistikanın artan şkala üzrə inkişaf etdiyini anlamaq üçün dərin araşdırmaya ehtiyac yoxdur. Son dövrlər mediada intihar faktları ilə bağlı müntəzəm xəbərlər görürük. Nə yazıq ki, azyaşlıların, yeniyetmələrin, tələbələrin canına qıyması faktları cəmiyyəti çox da təəccübləndirmir. Hansısa uzaq dağ kəndində bir insanın çətinliklərə boyun əyib həyatına son qoyması kimi xəbərlərə də alışmışıq. Kiminsə hündürmərtəbəli binadan özünü atması görüntüləri isə sosial mediada anında trend olaraq sürətlə yayılır və insanımız bu dəhşətli kadrları adi hal kimi rahat şəkildə təkrar-təkrar izləyə bilir.

Gəlin razılaşaq ki, biz altşüurumuzda psixi problemləri, sosial və məişət çətinlikləri olan, həssas sosial təbəqə insanlarının intiharlarını bəlkə də məntiqi sonluq kimi qəbul edirik. “Yazıq nə etsin? Başqa yolu yox idi. Belə yaşamaqdansa…” və s. Ardınca təskinlik olaraq təsirli bir cümlə də düşünmüşük: “Günahkar cəmiyyətdir”.

Bəli zəif insanlar bəzən çıxış yolunu mübarizə aparmaqda deyil, təslim olmaqda görürlər. Amma, təkcə onlarmı? Bəs güclü, intellektual, nüfuzlu, zəngin adamlar necə? Statistika göstərir ki, intihar hallarına elə bu təbəqədən olan insanlar arasında da az rast gəlinmir. Dünyaca məşhur yazıçılar, idmançılar, adları “Forbes” siyahısında olan neçə-neçə milyarderlər bu üsulla həyata vida ediblər. Deməli, bu faciərin kökündə mənən balaca və ya böyük insan olmaq, kasıb və ya zəngin yaşamaq, tənha və ya geniş çevrəyə malik həyat sürmək dayanmır.

Son günlər ahıl yaşlı, cəmiyyətdə kifayət qədər nüfuza malik  iki şəxsin ard-arda özünə qıyması xəbərləri medianın gündəmini ildırım sürətilə dəyişdi. Ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, 70 yaşlı professor Nəsib Quliyev və  Ali Məhkəmənin 62 yaşlı hakimi İlqar Dadaşovun 3 gün fərqlə baş verən intiharları cəmiyyətdə çoxsaylı suallar yaratdı. Nədən? Əsl səbəb nədir? Axı siz niyə? İş yerindəki anlaşılmazlıq dünya görmüş həkim üçün intihara səbəb ola bilərmi? Yaxud təcrübəli hakim şəkər xəstəliyi ucbatından həyatına qəsd edərmi? Hər iki mərhumun çox önəmli peşə xüsusiyyəti var idi. Hər ikisi həyatda insanların başına gələ biləcək ən pis situasiyaları yetərincə görmüş şəxslər idi. Görünür, hər ikisi üçün də artıq həyat onu könüllü tərk edəcək qədər maraqsızlaşıbmış.

Ümumdünya Səhiyyə təşkilatı intihar hallarının artması səbəblərindən birini də belə halların tez-tez baş verməsi zamanı digərinə də sıçramasında görür. Yəni, loru dildə desək, intiharlar yoluxucudur və qəribə psixoloji bulaşıcılıq xüsusiyyətinə malikdir. İnsanlar kiminsə belə əməlindən cəsarətlənərək bunu təkrarlaya bilir. Bu əməlləri məşhur şəxslər edəndə isə onların davamçıları daha çox olur. Hər halda, bəziləri “filankəs də ölümü seçdisə, mən nə edə bilərəm?” sualı ilə bu dəhşətli addımı atırlar.

Təəssüf ki, Azərbaycanda son illər kənardan güclü, uğurlu görünən iinsanların intiharlarına tez-tez rast gəlinir. Onların arasında psixoloq, həkim, hakim, müəllim də var. Hər biri cəmiyyətdə hörmət qazanmış önəmli peşə sahibləri, maddi problemlərdən uzaq, insanlar olub. Həkimlə hakimin həyata bu şəkildə vida etməsi isə cəmiyyətə ciddi siqnaldır.

Səbəb aydın deyilmi? –Etinasızlıq!

Lütfən ətrafımıza diqqətli olaq. İş yerlərindəki sıradan qanqaraçılıqlar, adi xəstəliklər intihar üçün səbəblərə çevrilməsin! “Depressiya sindromu” deyib kənara çəkilməyək, üzümüzü yana çevirməyək. Müasir dövrün amansız mərəzinə çevrilmiş mənəvi tənhalığın üzərinə gedək! Heç kim depressiya uçurumuna yuvarlanmasın! Belə insanları bu uçurumdan çəkib çıxaracaq əllərə o qədər ehtiyac var ki…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*