Amerikalı dietoloq Nikol Endryusun fikrincə, yalnız spirtli içkilər və emal olunmuş ət məhsulları xərçəng riskini artırır. Lakin bu yanaşma ilə hər kəs razı deyil.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, xərçəngin yaranmasına səbəb olan amillər çoxşaxəlidir və yalnız bir-iki faktorla məhdudlaşmır:

“Spirtli içkilər və emal olunmuş ət məhsulları xərçəng riskini artırmır, onlar birbaşa səbəb ola bilir. Ancaq bu, tək amil deyil. Xərçəngin yaranmasının dəqiq səbəbi hələ də tam məlum deyil. Müxtəlif versiyalar var. İlk sırada qida, tütün məhsulları, alkoqoldan sui-istifadə, emal olunmuş ət məhsulları və hərəkətsizlik dayanır. Qadınlarda hormonal pozuntular, travmalar da riski yüksəldir”.
Onkoloqun sözlərinə görə, genetik meyillilik, stress, hava çirkliliyi, radiasiya və şüalanma kimi ekoloji faktorlar da onkoloji xəstəliklərin artmasında mühüm rol oynayır:
“Bütün bu səbəblər ümumilikdə onkoloji xəstəliklərin sürətlə yayılmasına gətirib çıxaran əsas amillərdir”.
Aynurə İsmayıl
KONKRET.az
