Elektron resept sisteminin apteklərlə inteqrasiyası son dövrlərdə səhiyyə sahəsində müzakirə olunan əsas mövzulardandır. Yeni sistemin tətbiqi ilkin mərhələdə müasir yanaşma kimi dəyərləndirilsə də, praktikada həkimlər və xəstələr arasında müəyyən narazılıqlar yaranıb.
Məsələnin çətinlikləri ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, sistemin əsas məqsədi xəstələrin müalicə keyfiyyətini artırmaq olsa da, hazırda bu, daha çox formal yanaşma ilə müşahidə olunur.
Onun sözlərinə görə, elektron resept sisteminə keçid həkimlərin iş yükünü xeyli artırıb:
“Biz elektron resept sisteminə keçmişik, amma bu, hələlik sadəcə zahiri bir görünüşdür. Həkimlər xəstəyə baxmaqdan çox, yazı yazmaqla məşğuldur. Çünki onlardan əsasən yazı tələb olunur. Bir xəstəni qəbul edib onun bütün məlumatlarını sistemə daxil etmək üçün çox vaxt gedir. Əgər həkim xəstəyə həm diqqətlə baxsa, həm də bütün yazıları elektron sistemə doldursa, bir xəstəyə azı bir saat yarım vaxt sərf etməli olur”.
Rasif Bağırov qeyd edib ki, bu vəziyyət həm həkimlərdə, həm də xəstələrdə narazılıq yaradır:
“Elektron reseptdə bir reseptə yalnız üç dərman yazmaq mümkündür. Əgər xəstəyə beş dərman lazımdırsa, həkim əlavə səhifələr açıb hər dəfə yeni resept tərtib etməlidir. Bu isə prosesi daha da ləngidir. Xəstələr növbədə çox gözləyir, həkim isə real müayinə və diaqnoz üçün kifayət qədər vaxt tapa bilmir”.
Terapevtin sözlərinə görə, sistemin məqsədi düzgün olsa da, tətbiq mərhələsində texniki və təşkilati çətinliklər aradan qaldırılmasa, elektron reseptlərin müsbət nəticə verməsi çətin olacaq.
Aynurə İsmayıl
KONKRET.az