Həmin direktordan növbəti şikayət: “50-dən çox adamı işdən çıxarıb…”backend

Həmin direktordan növbəti şikayət: “50-dən çox adamı işdən çıxarıb...”

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlının təzyiqlərə məruz qalması ilə bağlı şikayətindən sonra redaksiyamıza kollec rəhbərliyi ilə bağlı daha bir neçə müraciət daxil olub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə kollecin müəllimləri heç bir əsaslı səbəb olmadan kütləvi şəkildə işdən çıxarıldıqlarını deyirlər.

Həmin kollecdə iqtisadiyyat fənnini tədris edən Kəmalə Nəsirovanın sözlərinə görə, ümumilikdə 5-dən çox işçi heç bir xəbərdarlıq olunmadan işdən azad olunub: “Saat azlığı bəhanəsi ilə işdən çıxarılmağımıza baxmayaraq, yeni müəllimlər işə götürür. Kim haqqını tələb edirsə, hədə-qorxu gəlinir, təhdid olunurlar. Ümumilikdə 50-dən çox işçi yeni rəhbərlik tərəfindən işdən çıxarılıb. Buna heç bir əsaslı səbəb də göstərmilər. Mən 2024-cü ildən kollecdə çalışmışam. Müddətli müqaviləmin vaxtının bitməsinə 1 gün qalmış mənə işdən azad olunduğum bildirilib. Halbuki qanunla 10 gün  əvvəldən mənə bildiriş göndərilməli və xəbərdarlıq olunmalı idim. Mən 2027-ci ilə qədər analıq məzuniyyətində olan müəllimi əvəz edirdim və hələ davam edə bilərdim. Kollecdə dərs saatları qeyri-bərabər şəkildə bölünüb, müəllimlər arasında komanda yaradılıb, hüquq pozuntusu baş alıb gedir və şikayətlərə baxılmır. Bəzi müəllimlərə 750 saat, bəzilərinə isə 250 saat dərs verilir. Dəfələrlə direktor Hicran Əyyubovaya müraciət etmişəm, amma şikayətimə baxılmayıb. Sanki yeni direktor çalışır ki, əvvəlki rəhbərliyin dövründən bir nəfər də qalmasın. Kollecdə kim ona yaltaqlanmır, öz sözünü deyir, işdən azad olunur”.

K.Nəsirova müvafiq qurumlara şikayət ərizəsi ilə müraciət etdiyini əlavə edib.

Digər şikayətçi Sura Muradova isə 1991-ci ildən bu kollecdə işlədiyini və heç bir xəbərdarlıq olunmadan işdən çıxarıldığını söyləyib: “Pensiya vaxtım çatdığı üçün müqavilə ilə çalışırdım. Kollecə bu ilin iyulunda Hicran Əyyubova direktor, Gülnar Kərimova isə müavin təyin olundu. Direktor gəldikdən sonra 1 ay işləyib məzuniyyətə çıxdım. Məzuniyyətdən cəmi 8 gün idi ki qayıtmışdım, direktor məni çağırıb işdən azad olunduğumu dedi. Mənə heç bir bildiriş göndərilməyib, xəbərdarlıq edilməyib. Bu, özbaşınalıqdır. Hicran Əyyubova ancaq öz qohum-əqrəbasını, yaxınlarını kollecə yerləşdirir. Öz qanunsuz əməllərini müavini Gülnar Kərimova vasitəsilə həyata keçirir. İşçilər təhdid olunurlar. Bəzi işcilərə ərizə yazıb işdən çıxmaq deyilir. Etiraz edənlərin maaşa əlavəsi kəsilir, məzuniyyət verilmir, saxta aktlar tərtib olunur və maddə ilə çıxarılmaqla təhdid olunurlar. Çox xahiş edirəm, aidiyyəti qurumlar bu məsələni araşdırsınlar və bu haqsızlıqlara son qoyulsun”.

Növbəti şikayətlərlə bağlı İqtisadiyyat və Humanitar Kolleci ilə yenidən əlaqə saxladıq. Orta ixtisas məktəbindən sorğumuza cavab olaraq bildirildi ki, müəllimlər K.Nəsirova və S.Muradova tərəfindən irəli sürülən iddialar həqiqətə uyğun deyil: “Kollecdə əmək münasibətləri mövcud qanunvericiliyin tələblərinə əsasən tənzimlənir. İşçilərin kütləvi şəkildə işdən azad edilməsi, hər hansı bəhanə ilə  işçinin işdən azad edilməsi, kollecin rəhbərliyi tərəfindən işçilərə qarşı hər hansı təzyiq, təhdid edilməsi, məzuniyyət hüququnun pozulması, saxta aktların tərtib olunması, işçilərin maaşına əlavənin kəsilməsi kimi hallar yoxdur.

Hər hansı işçi işdən azad edilərkən Əmək Məcəlləsinin tələblərinə əməl olunub. O cümlədən, müddətlə işə qəbul edilmiş Kəmalə Nəsirova və Sura Muradova ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədər əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilib. İşçilərin işə qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğun aparılır. İşə qəbul edilərkən qeyri-qanuni meyarlar əsas götürülmür.

Qeyd edirik ki, kollecin maliyyə vəsaitlərinin düzgün idarə edilməsi, israfçılığın qarşısının alınması məqsədilə kollecdə müvafiq tədbirlər görülür və həmin tədbirlər konkret işçiyə deyil, bütovlükdə kollecin işçilərinə şamil olunur. Kollecdə hər bir əməkdaşın hüquqları qorunur, onların əmək haqqı qanunvericiliyə uyğun olaraq ödənilir, məzuniyyət hüquqları və digər hüquqları təmin olunur. Kollec şəffaf və ədalətli idarəetmə prinsipləri ilə idarə olunur. Kəmalə Nəsirova və Sura Muradovanın şikayəti qərəzlidir, onlar bitmiş əmək müqaviləsinin müddəti uzadılmadığına görə kollec rəhbərliyi barəsində bu cür əsassız, iddialarla çıxış edirlər. Həmin məlumatlar qeyd etdiyimiz kimi  həqiqəti əks etdirmir və ictimaiyyətdə yanlış təəssürat yaratmaq məqsədi daşıyır”.

Xatırladaq ki, daha əvvəl redaksiyamıza müraciət edən kollecin dəftərxana müdiri N.Haşımlı də rəhbərlik tərəfindən işdən çıxmasının tələb olunduğunu, təzyiqlərə məruz qaldığını iddia edirdi. Rəhbərliyin dəyişməsindən sonra maaşa olan əlavəsinin kəsildiyini, əmək hüququnun pozulduğunu bildirirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*