Hərbçilərin pensiyası ilə bağlı qanun layihəsi plenar iclasa göndərildibackend

Hərbçilərin pensiyası ilə bağlı qanun layihəsi plenar iclasa göndərildi

Noyabrın 30-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

KONKRET.az xəbər verir ki, komitə sədri Ziyafət Əsgərov gündəliyə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Ziyafət Əsgərov qanun layihəsində hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib. O, diqqətə çatdırıb ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrində qiyabi təhsilin mövcud olmaması səbəbindən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin peşəkar, bilikli və bacarıqlı hərbi qulluqçularla komplektləşdirilməsi məqsədilə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının rəsmiləşdirilmiş icazəsi olduqda mülki təhsil müəssisələrində təhsil ala biləcəklər.

Bildirilib ki, dövlət vəsaiti hesabına təhsil almış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə töhfə verməsinin və təcrübələrini gənc zabitlərlə bölüşməsinin təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliklərin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməyəcəkdir.

Komitə sədri layihədə qadınların həqiqi hərbi xidmətdə ehtiyatda olmalarının son yaş hədlərinin kişi cinsli hərbi qulluqçularla bərabərləşdirilməsini nəzərdə tutan dəyişikliyin gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi baxımından məqsədəmüvafiq olduğunu söyləyib.

O, qeyd edib ki, sənəddə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 45-dən 48-ə artırılması təklif olunur. Bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində hərbi xidmətdə olmalarının təmin edilməsi, onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.

Ziyafət Əsgərov nəzərə çatdırıb ki, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması təklif olunur. Bu dəyişiklik hərbi qulluqçuların pensiya təminatında hər hansı azalmanı istisna etməklə, bir sıra qurumların hərbi qulluqçularının pensiya təminatında artımı nəzərdə tutur. O, qeyd edib ki, minimum xidmət müddətinin artırılması ilə yanaşı, həmin dövrə görə qulluq stajına görə əlavənin faizinin də 50-dən 65-ə qaldırılması təklif olunur.

Komitə sədri qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsinin nəzərdə tutulduğunu deyib. O, bildirib ki, sənədə əsasən, 20 təqvim ili hərbi xidmət müddətini tamamlamasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara, habelə qanun layihəsi qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara da “Əmək pensiyaları haqqında” Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq ediləcək. Bu normalar hərbi qulluqçuların qazanılmış hüquqlarından istifadəsinə hərtərəfli imkan verəcək.

Məsələ ətrafında müzakirələrdə komitə üzvləri Arzu Nağıyev, Aydın Mirzəzadə və Elman Məmmədov qanun layihəsi barədə fikirlərini və bəzi qeydlərini diqqətə çatdırıblar. Deputatlar təklif olunan dəyişikliklərin mütərəqqi olduğunu qeyd ediblər, məsələ ilə bağlı geniş təbliğat işinin aparılmasının əhəmiyyətindən söhbət açıblar.

İclasda iştirak edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev qanun layihəsinin ordunun gücləndirilməsi, hərbi qulluqçuların təcrübəsindən daha geniş istifadə olunması, orduda gender bərabərliyinin təmin olunması baxımından vacibliyindən danışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov hərbi qulluqçuların pensiya təminatı ilə bağlı sənədə təklif edilən dəyişikliklər barədə fikirlərini açıqlayıb.

Çıxışlarda deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*