Heydər Əliyev dövlətçiliyimizin mənəvi qidasıdır – Ramiz Qasımlı yazırbackend

Heydər Əliyev dövlətçiliyimizin mənəvi qidasıdır - Ramiz Qasımlı yazır

Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Bu gün milli düşüncəmizin, eləcə də milli təhsil və vətəndaşlıq təlimimizin nüvəsini milli ideologiyamız olan Azərbaycançılıq məfkurəsi təşkil edir. Azərbaycan xalqının ümummilli ideologiyası kimi Azərbaycançılıq məfkurəsinin formalaşması və bitkinləşməsi ümummilli lider Heydər Əliyevin xidmətləri və zəngin təcrübəsi sayəsində mümkün olmuşdur. Özünəqədərki ideoloji tezisləri təcrübə edən və ümumiləşdirən dahi lider Heydər Əliyev uzunmüddətli liderlik dönəmində bu məfkurənin həyata keçirilməsi və kütləviləşməsi yolunda əvəzsiz xidmətlər göstərmişdir. Əgər nəzərə alsaq ki, milli ideologiya gələcəyə doğru ümummilli inkişaf yoludur, milli inkişaf strategiyasıdır, birləşdirici mənəvi dəyərdir, təlim və tərbiyə vasitəsidir və sair, o zaman belə mühüm və zəruri təlimin hazırlanmasındakı xidmətin əvəzsizliyini də aydın təsəvvür etmək olar. Belə bir mühüm və nəhəng xidmətin öhdəsindən də yalnız Heydər Əliyev kimi fenomenal bir şəxsiyyət, müdrik bir insan, təcrübəli bir lider gələ bilərdi. Bu baxımdan bu ideologiyanın formalaşmasını da məhz bütün kamil liderlik xüsusiyyətlərini öz şəxsiyyətində təzahür etdirən dahi lideri Heydər Əliyev həyata keçirmiş oldu.

Məlumdur ki, dünyada 5000-dən artıq xalq mövcuddur. Amma daha ibrətamizi və düşündürücüsü odur ki,  BMT iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin cəmi sayı bu gün 200-dən bir qədər çoxdur. Bu mənada, Azərbaycanın da bu sırada layiqli yer tutması xalqımızın böyük tarixi nailiyyəti kimi hər bir azərbaycanlı üçün qürur verir. Bu baxımdan, ölkəmizin müstəqil dövlətlər arasında mövcudiyyətini göstərməsi və milli ideologiyamızın müəyyənləşməsi sahəsindəki misilsiz nailiyyətlərə görə məhz müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə minətdarıq və onun fəaliyyətinə borcluyuq.

Artıq qeyd edildiyi kimi, Azərbaycançılıq ideologiyasının kamil bir milli ideologiya kimi formalaşmasında ulu öndər Heydər Əliyev əvəzsiz rol oynamışdır. Bu mənada ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli ideologiyası olan Azərbaycançılıq məfkurəsinin müəllifi və banisidir. Akademik İsa Həbibbəylinin də dediyi kimi: “Azərbaycançılıq anlayışı milli siyasi müstəvidə özünün ən yüksək ifadəsini ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində tapa bilmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyev çoxəsrlik tariximizdə ilk dəfə olaraq Azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyası səviyyəsində çatdırmağa nail olmuşdur. Böyük və uzaqgörən siyasətçi Heydər Əliyevin apardığı müdrik siyasətin nəticəsində artıq Azərbaycançılıq dünya azərbaycanlılarının vahid milli amalına çevrilmişdir”. Bu mənada Azərbaycançılığın milli ideologiya kimi bitkinləşməsi və formalaşmasının müəllifi, banisi məhz ümummilli lider Heydər Əliyevdir.

Bütün məsuliyyəti ilə demək olar ki, milli idolologiya kimi formalaşmış Azərbaycançılığın müddəa və tezislərinin müəllifi də məhz ulu öndər Heydər Əliyevdir. Onun müdrik və uzaqgörən fikirləri bu ideyanın əsas məğzi, mənası və müddəalarını təşkil edir. Dahi lider həm xalqımızın və dövlətimizin, həm də hər bir vətəndaşın və azərbaycanlının qarşısında duran mühüm vəzifələri, məqsəd və məramı ən mükəmməl şəkildə müəyyənləşdirmiş və ifadə etmişdir. Əbədiyaşar lider demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz ən əsası Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənlərini yaşatmalıyıq”. Dahi liderin: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirləri də Azərbaycançılığın təməl prinsipi, başlıca şərti, “andnaməsi”, “kəlmeyi-şəhadəti” kimi səslənir. Müdrik və uzaqgörən rəhbərin: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” – müdrik kəlamı Azərbaycançılıq ideologiyasının məzmunu, məğzi, miqyası, parametrləri və atributları, azərbaycanlı və azərbaycançı vətəndaşın vəzifələri, məqsədi, ideyasınının müfəssəl, proqram xarakterli manifestidir.

Dahi liderin şəxsiyyəti xalqımızın ümummilli məsələlərinin təcəssüm və hərəkət xəritəsidir. Ümummilli lidеrimiz öz şəxsiyyəti ilə vətənçilik, vətəndaşlıq, azərbaycanlılıq və Azərbaycançılıq kimi vacib ümummilli xaraktеrin idеal daşıyıcısıdır. Onun vətəndaşlıq nümunəsi böyük təlim-tərbiyə mənbəyidir. Təsadüfi deyilmir ki, Heydər Əliyev ən ideal vətəndaş, bütün zamanların ən böyük azərbaycanlısı və Azərbaycançısıdır. Dahi rəhbər Heydər Əliyev həm də öz uzaqgörənliyi və müdrikliyi ilə dünya azərbaycanlılarının həmrəylik ideyasının müəllifi və onun lideridir. Bu mənada görkəmli elm adamı və ictimai xadim akademik Ramiz Mehdiyevin bu fikirləri tamamilə doğru ifadə və mükəmməl təsdiq edir ki: “İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyünəcəyi çox uğurları var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır”.

Ümummilli liderimiz Heydər Əliyev öz dərin, yığcam ibarəsi ilə: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, – deyərək azərbaycanlılığın və Azərbaycançılığın məğzini ifadə etmişdir. Dahi lider azərbaycanlılığın qarşısında ən böyük vəzifə və məqsədi müstəqillik, azadlıq və bütövlük üzərinə müəyyənləşdirmişdir: “Hər bir vətənpərvər adam millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir. Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur”. Azərbaycan bir vətən kimi müqəddəs mənasını “Bizim hamımızın bir vətəni var – bu Azərbaycandır”, – deyən bu böyük dahinin fikir və nümunəvi ideal sevgisində tapmış, Azərbaycançılıq məfkurəsinin Vətənçilik prinsipinin uğurlu düsturunu özündə təcəssüm etdirmişdir. Bu, həm də müstəqil, azad Azərbaycanın bütün dünya azərbaycanlılarının vahid, ümumi evi, ana vətəni, əbədi yurdu olduğuna qəti bildirişdir.

Dahi rəhbərin zəngin, müdriklik dolu fikirlərində Azərbaycan müqəddəs vətən, qibləgah və səcdəgahdır. Bu böyük insanın qüdrətli xaraktеr və şəxsiyyətinin məzmununda, fəaliyyət təhrikində müstəqilliyi əbədi və dönməz оlan bütöv, böyük Azərbaycanın konturları çulğaşıb. Fikrimizcə, Heydər Əliyevin ömür yolu, həyat fəaliyyəti və fikir ümmanında Vətən qibləsinə durub Azərbaycan adlı Tanrıya səcdə edən, iman dolu sözlərini imanla ifadə edən vətən qazisinin ibadəti görünür. Müdrik liderin siyasi kursunun uğurlu davamçısı olan cənab İlham Əliyevin: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir. Bu yüksək ideyaların birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs amalı idi” kimi fikirləri də Azərbaycançılıq ideologiyasıın mükəmməl şərhini təqdim dir. Birmənalı və qətiyyətli qənaətdir ki, Heydər Əliyev Azərbaycançılıq məfkurəsi və milli ideologiyanın yaradıcısıdır. Bütün bunların davamı olaraq qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev ana dilimiz olan Azərbaycan dilini və dövlətçilik atributlarını ümumilikdə Azərbaycançılığın müqəddəs dəyərləri olaraq qəbul edərək dövlətin də, millətin də, hər bir vətəndaşın da ali vəzifəsi olaraq bu dəyərlərə sahib çıxmaq, qorumaq və yaşatmağı vacib vəzifələr olaraq müəyyənləşdirmişdir. Əlbəttə, dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. “Azərbaycan ədəbiyyatanda milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası” əsərində deyildiyi kimi: “Milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amildir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur”. Əlbəttə ki, bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Bu mənada, başda ana dilimiz Azərbaycan dili olmaqla milli dəyərlərimiz, adət-ənənələrimiz bizi birləşdirən dəyər qazanır. Buna görə də Ümummilli Liderimiz Heydər Əliyevin siyasətində ana dili həmişə başlıca yer tutmuş, Azərbaycan dilinin dövlət dili qazanmasından tutmuş onun inkişafı üçün yaradılan bütün imkanlar məhz bu böyük şəxsiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan Ümummilli Lider Heydər Əliyev demişdir: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.

Beləliklə, Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində Ümummilli Lider Heydər Əliyev fenomeninin misilsiz xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyev zəngin və çoxcəhətli təcrübəsi və bilikləri ilə Azərbaycançılıq ideologiyasının yetkinləşməsinə xidmət etmiş, siyasi cəhətdən bitkinləşməsi və ümummilli ideologiya olmasında əvəzsiz xidmətlər göstərmişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin ideoloqu və dünya azərbaycanlılarının əbədi lideridir. İndi bu ideologiyanın daha da möhkəmlənməsində cənab İlham Əliyevin siyasi fəaliyyəti mühüm rol oynayır. Heydər Əliyev təlimi milli dövlətçiliyimizin əsasını təşkil edən bir təlimdir. Uğurla həyata keçirilən bu təlim Azərbaycançılıq və milli dövlətçilik təlimi olaraq ölkəmizin – Azərbaycanın bir Günəş kimi parlamasına xidmət edir və ona əbədiyaşarlıq qazandırır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*