2023-cü il başa çatmaq üzrədir. Geridə qoyduğumuz il Azərbaycanda “Heydər Əliyev ili” kimi qeyd olundu və ulu öndərin adıyla bağlı respublika miqyaslı xeyli tədbir keçirildi. Ümummilli liderin keçdiyi həyat yolu, müstəqil Azərbaycanın quruculuğunda müstəsna xidmətləri, azərbaycançılıq ideyalarının, milli ideologiyanın formalaşmasında rolu bir daha təhlil edildi.
Yola saldığımız “Heydər Əliyev ili”ndə ulu öndərin yarımçıq qalan işi tamamlandı və bununla da dahi şəxsiyyətin ruhu dinclik tapdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində xalqımız tarixi torpaqlarına qovuşdu, dövlətimiz suveren hüquqlarını bərpa etdi. İndi ordumuz ölkəmizin sərhədlərinə tam nəzarət edir və Qarabağda erməni separatizminə birdəfəlik son qoyulub.
Heydər Əliyev ilində əldə olunan nailiyyət Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Gələcək nəsillər 2023-cü ildə qazanılan qələbəni təhlil edəndə ulu öndərin miras qoyduğu milli ideologiyanın dəyərini anlayacaqlar. Məhz azərbaycançılıq ideologiyasının fəlsəfi çalarları milli düşüncənin inkişafında əhəmiyyətli rol oynadı. “Fəxr edirəm ki, mən azərbaycanlıyam”, – deyən ulu öndərin bu kəlmələri hər bir soydaşımız üçün milli çağırış idi. Hər kəs azərbaycanlı olması ilə fəxr etməli, bu millətə mənsubluğundan qürur duymalıdır. Budur Heydər Əliyev ideologiyasının fəlsəfəsi!
Məhz bu ideologiya ilə böyüyən gənc nəsil 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı və azərbaycanlıların nəyə qadir olduqlarını bir daha sübut etdi. Azərbaycanı azad, bütöv görmək istəyən ulu öndərin vəsiyyəti yerinə yetirildi və onun 100 illik yubileyində Qarabağ düşməndən təmizləndi.
KONKRET.az-a mövzu ilə bağlı fikirlərini bölüşən millət vəkili Aydın Mirzəzadə bildirib ki, 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinə verilən dəyərdir: “Azərbaycan cəmiyyəti ulu öndərin yubileyinə çox ləyaqətlə hazırlaşdı və il çox uğurlu keçdi. Azərbaycan hazırda dövlət müstəqilliyinin verdiyi imkanlardan tam yararlanan bir ölkəyə çevrilib. Dövlətimiz bu gün tam müstəqil xarici siyasət həyata keçirir. İnsanların sosial məsələlərinin həllində ciddi nəticələr əldə olunub. Azərbaycan hazırda dünya birliyində yüksək nüfuza malik olan bir dövlətdir. Ölkəmizdə vaxtaşırı müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi, nüfuzlu təşkilatlarda aktiv iştirakımız məmləkətimizin yüksək reytinqindən xəbər verir.
2023-cü ilin ən yaddaqalan hadisəsi isə ərazi bütövlüyümüzün tam təmin edilməsi, separatçılığa birdəfəlik son qoyulması oldu. Birgünlük antiterror əməliyyatı nəticəsində separatçı rejim ərazimizi tərk etməyə məcbur edildi. Azərbaycan bayrağı işğaldan azad olunan torpaqlarımızda dalğalandırıldı. Xankəndi, Ağdərə, Əsgəran, Xocalıda üçrəngli bayrağımızın Ali Baş Komandan tərəfindən ucaldılması xalqımıza əvəzsiz qürur hissi yaşatdı. Noyabrın 8-də Xankəndidə Zəfər paradının, dekabrın 21-də Xankəndidə MOİK – “Qarabağ” matçının təşkil edilməsi Azərbaycanın suverenliyinə tam qovuşduğunun baris nümunəsidir. Sevindirici haldır ki, Xankəndinin futbol komandası qısa zamanda Azərbaycanın peşəkar futbol liqasında iştirak hüququ qazandı. İndi Mərkəzi Ordu İdman Klubunun bazası Xankəndidə yerləşəcək və şəhər sakinlərini öz uğurları ilə sevindirəcək.
Ümumilikdə 2023-cü il tariximizin şərəfli səhifələrindən birinə çevrildi”.
Millət vəkili Səməd Seyidov da yola saldığımız ili Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir il kimi səciyyələndirib: “Antiterror tədbirləri Azərbaycana qarşı aparılan siyasətə son qoydu. Mən 2000-ci ildən Milli Məclisin deputatıyam və iş otağımda Azərbaycanın xəritəsi var. Açığını deyim ki, əvvəllər o xəritəyə ürək ağrısı ilə baxırdım. Qarabağ olan hissə separatçıların nəzarətində idi. Şükürlər olsun ki, Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində Azərbaycan öz suverenliyini tamamilə bərpa etdi. Şuşanın azadlığı və Xankəndidə bayrağımızın dalğalanması tariximizin ən şanlı və qürurverici hadisəsidir.
Bu hadisənin “Heydər Əliyev ili”nə təsadüf etməsi isə dünyaya yeni bir mesajdır. Çünki ulu öndərimiz müstəqilliyimizin ilk illərindən etibarən bütün ali tribunalardan xalqımızın haqq səsini ucaldır, Azərbaycanın tarixi torpaqlarını gec-tez düşməndən azad edəcəyini dönə-dönə vurğulayırdı. Zaman göstərdi ki, dahi şəxsiyyət Heydər Əliyev özündən sonra siyasi ideyalarının, amallarının, mübarizəsinin layiqli varisi tərəfindən əzmkarlıqla davam etdiriləcəyinə əmin idi. Və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət nəticəsində biz məhz “Heydər Əliyev ili”ndə düşmənə qarşı qəti qələbəmizi qazandıq, ötən ili də tariximizə şanlı səhifə kimi yazdıq.
Mən əminliklə deyirəm ki, 2023-cü ildəki uğurlarımız növbəti illərdə daha böyük nailiyyətlər əldə etməyimizə zəmin yaradıb. Və hesab edirəm ki, ən böyük uğur isə 2024-cü ildə Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh sazişi olacaq”.
Bünyamin Bünyadzadə,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev ili” mövzusuna uyğun olaraq dərc edilir.