Mığrıdan keçən qatar…
İlk əvvəl onu qeyd etmək lazım gəlir ki, memuar ədəbiyyatı janrında bu günəcən, 40 il müddətində oxuduğum, Russonun “Tövbəsi”ndən sonra məni heyrətləndirən ikinci kitab “Burdan min atlı keçdi…” oldu. Ona görə yox ki, burada , Azərbaycan ədəbiyyatında sayı yox dərəcədə olan bu janrda, təəssüf ki, hələlik barəsində ancaq keçmiş zamanda danışılan və o “keçmiş zamanın” təhtəlşüurda həkk edilməsinə xidmət edən tarixi proseslərdən söhbət gedir. Heç ona görə də yox ki, müxtəlif güclərin regional geopolitikasının nəticəsi olaraq Azərbaycanın müasir siyasi xəritəsinə daxil edilməsə də, təbii sərhədlərinin zəngin toponomistik coğrafiyasına səyahət imkanı qazanırıq. Kaloritli dilin və ədəbiyyatımız üçün xarakterik olmayan üslubun yaratdığı mənzərədən həmin güclərin uzağagedən siyasi maraqları naminə yaradılaraq “Ermənistan dövləti”nin tərkibinə verilmiş Qərbi Azərbaycanda aborigen əhalinin, azərbaycanlıların 70 il illik yaşam tarixinə baxırıq. Müəllifin yaratdığı möhtəşəm epik lövhələrdə həmin tarix kitabı çox cəlbedicidir.
“Mığrı stansiyasından qatara minib, “Sovet Ermənistanı” respublika qəzetinin dəvətiylə İrəvana gedən; heyranlıq, həyəcan və narahatlıqla dolu o bahar gecəsini xatirlayan” müsafirə qoşulur və Maralzəmidən paytaxta üz tutan 22 yaşlı gənc müəllimin yol yoldaşına çevrilirik.
Bu, “Arazın 9-10 kilometrliyində olan” kəndin cəmi-cümlətanı, 40-50 nəfərlik məktəbinin müəllimi və müdirinin çıxdığı yolun başlanğıc nöqtəsidir. O, hələ bilmir ki, Ordubaddan adlayıb Naxçıvana çatanacan “Təbrizə gedən karvanların” izini Çuxur-Səəddə tapacaq, elə orada da axar-baxarlı Zəngəzur kəndlərinin balacalaşmağının səbəblərini daha dərindən biləcək.
Orta məktəbi “Qızıl Medal”la bitirən, o zamankı Azərbaycan Dövlət Universitetinin jurnalisika fakültəsinə qəbul olmaq istəsə də “geoloq olmaq” təklifindən boyun qaçıran, şərqşünaslıq fakültəsindən min bir zülümlə yayınaraq filoloq ixtisasında qərarlaşan 40-50 nəfərlik məktəbin müdiri paytaxtı “fəth etməyə” deyil, özünü təsdiq etməyə gedirdi…
Hələlik müəllif memuar ədəbiyyatının klassik nümunəsində, “Burdan min atlı keçdi”də göz açdığı mühiti təqdim edir. Düzdür, o mühit “Xatiratım” müəllifinin təqdim etdiyi kimi, “gözünü bu dünyaya açanda qaranlıq gördüyü” kimi deyildi, lakin “bu qaranlıq olmayan dünyanın” da öz vahiməli hadisələri olardı. Elə hadisələr ki, ağlamaq lazım gəlirdi, amma: “ağlayan ağlayırdı, ağlaya bilməyən kədərliydi; hamı qorxurdu, hamı vahimə içindəydi və qorxduğunu, vahiməsini gizlətməyə çalışırdı ki, “siyasi səhvə” yol verməsin: ağlayanlar da, ağlaya bilməyənlər də…”. Buna görə idi: “Nənəm Zinyət xanım da ağladı, anam da, Cəvahir də; biz uşaqlar isə donduq yerimizdə: uzun müddət susduq, kəlmə kəsmədik, amma ağlamadıq”.
Müəllif “Stalinin ölümü və kəndin göz yaşları”nı bu cür xatırlayır.
Xatırlanan təkcə bunlar deyil. Erməni millətindən olan əzazil insanlardan təşkil edilmiş silahlı cəza dəstələrinin qanlı cinayətlərini, “Zəngəzur kəndlərini balacalaşdıran”, bu günkü, elə o vaxtkı Ermənistan “dövləti”ndə də milli qəhrəman hesab edilən Nijde, Andronik, Dro və başqa qatillərin əməllərini görənlər də xatırlanır. “Bizim ölümüz Çaylarda (Zəngilanın o zamankı adı) oldu. Mən cavan idim, ona görə dözdüm”,- deyən 70-75 yaşlı Bədəl əmi və onun kimi, həmin faciənin yaddaş daşıyıcıları vardı və onlar baş verənləri danışırdılar. Memuarın başlıca keyfiyyəti ancaq poeziyamız üçün xarakterik olmayan, prozamızda da özünü qabarıq göstərən, ümumiyyətlə, Şərq ədəbiyyatındakı bütün janrlarda qabarıqlığı ilə seçilən sentimentalizmin hiss edilməməsi, olmamasıdır və qeyd etməyi lazım bilirik ki, bu, əsərin təsir gücünü artırır.
Və bunların fonunda Mığrı stansiyasında “Bakı-İrəvan” qatarına tək yox, öz xatirələri ilə minən 22 yaşlı ədəbiyyat müəllimi xatirələrini yol boyu bizlər, oxucularla bölüşür. Nəticədə isə İrəvana qədər uzun olmayan, cəmi 9-10 satlıq yolda ancaq Maralzəmi ilə deyil, Lök, Aldərə, bütünlükdə Mığrı dərəsi boyu kəndlər və o kəndlərin böyük əxlaq daşıyıcısı olan insanları, kənd məktəblərində çalışan müəllimləri ilə tanış edir. Həmin insanlar yaşadıqları kəndlərimizdə ancaq min illərdən gələn tariximizi qoruyub inkişaf etdirmirlər, o tarixin izlərini özündə saxlayan toponimlərimizi yaşadırlar:
Tağəmir yaylağın, Xəllərgə dağın,
Ağdərə dağların, Kazımbulağın.
Sənin hər obadan gəlir sorağın,
Dadlı meyvələrin loğmanı Mığrı.
Yayda qar istəsən,Ələngəzə bax,
Lehvəzdən çiçək dər, öz saçına tax.
Ən ləzzətli üzüm Lökdədir ancaq,
Könlümün həm dağı,aranı Mığrı.
Hələ Maralzəmi,çıxmır yadımdan,
Gəzir təpələrdə o Rəhim çoban.
Könlüm ayrılmadı köksündən bir an,
Dolanmaq istədim hər yanı, Mığrı.
Yayda bağlardadır qış-qarın sənin,
Dəyir alma,üzm, yaynarın sənin.
Gözəldir payızın, baharın sənin,
Kəkliktək qızların məkanı Mığrı.
Həmin toponimlərin bir hissəsinin yaratdığı xəritəni cızansa cəmi 18 yaşlı gənc, dörd il sonra İrəvana gedəcək, tamamilə pafossuz-filansız demək olar ki, özünü nəinki təsdiq edən, Azərbaycan və Ermənistan ədəbiyyatının tərkibinə çevrilən, İrəvan ədəbi mühitində bu gün çoxlarının təsəvvür edə biməyəcəyi canlanma, ab-hava yaradan Hidayətdir. O Hidayət ki, tarixi XIX əsrin sonlarına yaxın vaxta təsadüf edən İrəvan teatrına yeni nəfəs verə biləcək, hətta Azərbaycan mədəniyyətinin uğurlarına qısqanclıq, çox vaxt düşməncəsinə münasibətini gizlətməyən erməni ziyalıları belə, onun xidmətlərini etiraf edəcək. Hələ o etiraf anlarına gedən yolu qarış-qarış addımlamaq gərəkdir. Bu addımların hər biri isə isə ancaq ömürdən keçən illərlə deyil, ürəkdə yaranan çatlarla yadda qalacaq. “Burdan min atlı keçdi…”nin müəllifi bunları o zamanlar bilməsə də, körpəliyindən çəkildiyi sınaqların sərt qaydalarını bilir:
Mən ata görmədim uşaqlığımdan,
Anam atam oldu, həm anam oldu.
Yaş da süzülmədi yanaqlarımdan,
Ümidlər, arzular imtahan oldu.
Güləndə hər təzə paltar geyənlər,
Mənim də bir günüm gələr demişəm.
Məni öz qoynunda boğanda qəhər,
Nimdaş pencəyimlə gileylənmişəm.
Mən tufanı sevdim, mən qarı sevdim,
Sevindim yağdıqca qar ətək-ətək.
Mən ulduzu sevdim, çinarı sevdim,
Özüm də boy atdım eycə çinartək!
Beləcə, Mığrı stansiyasndan “Bakı-İrəvan” qatarına minən Hidayət mənzilbaşına çatmayıb, lakin oxucularını zərrəcə darıxmağa qoymur. O, Mığrının tarixinin parçasına çevrilmiş insanlarla bizi tanış edir: Aslan Məmmədov, Abdulla Əhmədov, Şıxəli Bağırov, Manaf Babayev, Əli Quliyev, Salman Bağırov, Tahir Səfərov və başqaları. Hidayət onları bu cür təqdim edir: “Bunların içində raykom katibi işləyən də vardı, kolxoz sədri, prokuror, bağban, yol təmizləyən də; hamısını isə bir cəhət birləşdirirdi: zəhmətsevərlik, düzlük və mənəvi təmizlik”. Bu mənəvi təmizliyin simvolu olanlar çoxdur. Həmin “çoxluğun” içində isə müəllimlərin obrazı görünür: məktəb direktoru Səfəralı müəllim,onun sinif rəhbəri olmuş Rüstəm müəllim, dərs hissə müdiri Bağır müəllim, fizika müəllimi Həsən müəllim, kimya müəllimi Cəmil müəllim, riyaziyyat müəllimi Zərovşan müəllimə, coğrafiya müəllimi Ənvər müəllim və digərləri… Və bu fədakar müəllimlərin dərs dediyi məktəbin ilk məzunları xatırlanır: Fərrux qızıl medal alaraq Tibb Universitetinə, Hidayət qızıl medal alaraq Bakı Dövlət Universitetinə, Akif gümüş medal alaraq Bakı Dövlət Universitetinə, Musa gümüş medal alaraq Azərbaycan Neft və Kimya Universitetinə, həmçinin digərləri, Azərbaycanın nüfuzlu ali məktəblərinə elə həmin il qəbul olan Əli, Tofiq, Fəridə, İsmayıl, Zeynəb, Oqtay, Zakir və başqaları xatırlanır. Yada salınan bu faktlar konkret kimlərisə fokuslamır, Mığrının 1918-ci ildə erməni millətindən olan qatillər tərəfindən qan gölünə döndərilərək “balacalaşdırılan” kəndlərindəki potensial göstəricisi kimi təqdim edilərək yadda qalır.
Bu, “Göylərə boylanan” gəncliyin ömür manifestinin proloqudur…
Memuar ədəbiyyatına xas olan mövzu konstruksiyası içində yüksək sənətkarlıqla qurulan, ədəbi priyomlar və bədii ifadə vasitələrinin unikal sintezi ilə müəllif “Bakı-İrəvan” qatarının Mığrı stansiyasından başlanan yol boyunca oxucusunu darıxmağa qoymur. Biz ancaq birbaşa içinə düşdüyü hadisələrdə əsərin baş qəhrəmanını yox, həmin prosesdə iştirak edən insanların şəxsində dövrün mənəvi, ictimai-siyasi mühitini apaydın duyuruq. İstər orta məktəbi bitirib cibindəki 19 manatla universitetə qəbul olmağa gəldiyi zamanlar, istər 1962-ci ildə, onun Xaqani-25-dəki binanın qapısından addım ataraq içəri girdiyi məqamlar, istərsə də qatarla məlum ünvana üz tutduğu anlarda o mühitin içinə düşürük.
1966-cı il mart ayının 15-də baş qəhrəmanımız artıq İrəvanda, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi, Ermənistan SSR Ali Sovetinin və Ermənistan SSR Nazirlər Sovetinin orqanı olan “Sovet Ermənistanı” qəzetinin redaksiyasında, baş redaktor Həbib Həsənovun qəbulundadır. 22 yaşlı gənc müəllim sonradan keçirdiyi hissləri belə xatırlayacaq: “Redaksiya ideal görünürdü mənə, elə bilirdim ki, orada işləyənlər qeyri- adi adamlardır”. Bu “qeyri-adi adamlar”la sonra adi, gündəlik iş rejimində çalışacaq, bəzən yaradıcılıq məsələlərində hətta müəyyən mübahisələr də olacaq… Bunlar sonra baş verəcək. İndi isə Ermənistanın azərbaycanlı əhalisini ən yüksək siyasi məqamlarda təmsil edən ictimai-siyasi xadim və əməkdar jurnalist Həbib Həsənov kənddən gəlmiş gənc müəllimi “dişinə vurur”.
Bu o Həbib Həsənovdur ki, Amasiya rayonunun birinci katibi, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini idi və beş dəfə Ermənistanda Ali Sovetin deputatı olub. Yeri gəlmişkən, sonralar Azərbaycana gələn və burada ən yüksək partiya və hökumət vəzifələrində çalışan Həbib Həsənov təqaüdə çıxandan sonra,1997-ci ildə müəllifi olaraq “Silinməz adlar, sağalmaz yaralar” adlı nadir əsərini çap etdirdi. Kitab Qərbi Azərbaycanı 1828-ci ildə rus imperatorunun İrəvan xanlığını “Erməni Vilayəti” inzibati bölgüsü elan etməklə status qazandırdıqdan sonra bir xalqa tutulan divanın mənzərəsini əks etdirir. Yeni tarixi faktlarla zəngin olan bu əsərdə xalqımızın qədim torpaqlarında yaradılan “Ermənistan SSR” və sonralar “Ermənistan dövləti”ndə baş verənlər faktlar əsasında təqdim edilir. Son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyadan, soyqırımından, xalqımızın tarixinə edilən təcavüzdən söhbət açılır. İlk dəfə olaraq bu kitabda indiki Ermənistan ərəzisində olan və adları yer üzündən silinmiş 650 azərbaycan kənd və rayonunun təsnifatı verilmişdir. Həmçinin bu ərazilərin qədimdən rəsmi adları tarixi qaynaqlardan tapılıb bərpa olunmuş, 1918-ci ildən sonra bu yerlərin erməniləşdirilərək dəyişdirilmiş adları, onların hamısının coğrafi koordinatları göstərilmişdir. Bu təsnifatda verilmiş həmin kənd və rayonlarda yaşamış azərbaycanlıların yüz il ərzində, yəni, 1831, 1873, 1886, 1905, 1914, 1931-ci illərdə tədricən azalan sayı göstərilir ki, bu da azərbaycan xalqının ermənilər tərəfindən planlaşdırılmış və sistematik genosidini tarixdə saxlanmış demoqrafik statistika əsasında hazırlanan dəyərli vəsaitdir.
Onda,1966-cı ildə, “Sovet Ermənistanı” qəzeti baş redaktorunun otağında Həbib Həsənov Maralzəmidən gəlmiş gənc müəllimlə bu mövzulardan daha çox jurnalistikanın əbədi, dəyişməz qaydaları barədə danışırdı. Və həyatın qaynar qazanında bişmiş baş redaktorun ağlına haradan gələydi ki, qarşısında bir az da sıxıla-sıxıla oturan gənc müəllim 25-30 ildən sonra Azərbaycan Respublikası Prezident Aparatında dövlət müşaviri postunda, bu gün onları narahat edən məsələlər üzrə dövlət siyasətinin qurulmasına yön verən şəxslərdən biri olacaqdır. İllərdən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin komandasında yer tutan dövlət müşaviri Hidayət Orucov ümummilli liderin imzaladığı iki mühüm Fərmanın hazırlanmasında əsas qüvvələrdən biri kimi tarixə düşəcək. “1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasi haqqında” 18 dekabr 1997-ci il və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanlar erməni millətçilərinin tarixi cinayətlərinə verilən siyasi qiymət olacaq…
Bunlar sonralar baş verəcək. Onda 1966-cı ilin mart ayında, baş redaktorun iş otağında Həbib Həsənov redaksiyanın ağır artilleriyasına- Ermənistanın əməkdar jurnalistləri Rza Əsgərov, İsrafil Məmmədov, Tofiq Məmmədov və digər əməkdaşlara Hidayət Orucovu təqdim edirdi.
Bu, Hidayətin yeni yolunun başlanğıcı idi.
Həmin yolda Hidayət ancaq jurnalistikada püxtələşib o zamanların maraqlı imzasına çevrilməklə qalmayacaq, əvvəl-əvvəl tərəddüdlə ayaq basdığı redaksiyada deyil, ənənəvi İrəvan ədəbi mühitində seçilib-sevilən şeirlərin müəllifinə çevriləcək. Ermənistan Yazıçılar İttifaqındakı Azərbaycan bölməsinin rəhbəri kimi Qərbi Azərbaycanın istedadlı şair və yazıçılarını o mühitin canlanması işinə cəlb edəcəkdir. Həmin insanların ilk əsərləri məhz Hidayətin xeyir-duası ilə Ermənistan nəşriyyatlarında çap ediləcək, “Ədəbi Ermənistan” toplusunun yeni nəşrləri sistemli və ardıcıl xarakter alacaqdır. İstedadı, bilik və savadı ilə seçiləcək və buna görə də artıq dağılmaq üzrə olan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Teatrına direktor göndərilən Hidayət həmin Teatrı Qərbi azərbaycanlıların, sözün həqiqi mənasında, mədəniyyət məbədinə döndərəcək. Təyinatından az sonra teatrda yaradılan yeni mühit sözünü dedi. Zamanının ən məşhur və görkəmli rejissoru, şöhrəti Ermənistan sərhdlərini çoxdan aşmış SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Vardan Əcəmyan qısa müddət ərzində teatrda baş verən müsbət dəyişikliyə heyrətini gizlədə bilmədi.
Allah da şahiddir ki, həmin Vardan Əcəmyan həlləm-həlləm heyrətlənməzdi…
Teatrın Qərbi Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilən səfərləri, maraqlı repertuarı ilə etdiyi çıxışlar onun fədakar və istedadlı bədii kollektivini hər bir azərbaycanlıya sevdirirdi. Getdikcə coğrafiyası genişləndirilən qastrollar ildən-ilə Ermənistan sərhədlərini aşır, Tiflis, Gəncə, Naxçıvan, Rustavi və Azərbaycanla Gürcüstanın müxtəlif regionlarını əhatə edirdi.
Memuarı oxuduqca tarixə dönmüş o illər və hadisələrin, görülmüş işlərin arxasında dayanan gənc, yaradıcılıq eşqi ilə çalışan Hidayətin silueti açıq-aydın görünür. Və bu qaynar fəaliyyətin iştirakına cəlb edilmiş Azərbaycan ədəbiyyatı və mədəniyyətinin ən parlaq simalarının İrəvan ədəbi mühitinin inkişafına verdiyi impuls hiss edilir. Mirzə İbrahimov, İsmayıl Şıxlı, Osman Sarıvəlli, İmran Qasımov, Nəbi Xəzri, Mirəli Seyidov, Həsən Seyidbəyli, Niyazi, Fikrət Əmirov, Rauf Hacıyev, Emin Sabitoğlu, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Rauf Atakişiyev və onlarla məşhur ədəbiyyat və mədəniyyət adamlarının ora səfərləri İrəvan mühitini canlandırırdı.
Bütün baş verənlərin episentrində dayanan isə dövlət teatrının gənc direktoru, şair və tərcüməçi Hidayət idi və yeri gəlmişkən, mərhum Məmməd Aslanın sözləri o gerçəkliyi bu cür ifadə edirdi: “Sözün həqiqi mənasında, İrəvanda təyin olunmamış elçimiz idi Hidayət, hər birimiz onun üstünə gedərdik. Hər kəsə eyni qançəkərlilikə qucaq asardı. Bu, mənsub olduğu nəslin və soyunun ona verdiyi qeyrət cövhərindən irəli gəlirdi”.
Məmməd Aslanın “İrəvanda təyin edilməmiş elçi” kimi xarakterizə etdiyi Hidayətin, sözün birbaşa mənasında, diplomatik missiyanı boynuna götürdüyü kitabın hər bir səhifəsində özünü göstərir. Dövlət teatrının direktoru kimi istər Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin ən yüksək ranqlı işçiləri, istərsə də Nazirlər Sovetində, mədəniyyət nazirliyində, ümumiyətlə, İrəvanın siyasi elitası ilə bütün təmaslarında o, azərbaycanlıları təmsil etdiyinin məsuliyyətini daşıyıb. Yaradıcı insan olmasının verdiyi azadlıqlardan istifadə edərək bəzən ən sərt formada nasizm virusuna yoluxmuş o insanlara həqiqəti deyib. Hidayətin erməni ictimai fikrinə olduğu kimi, erməni siyasətinə də böyük təsir imkanları olan Gevorq Emin, Hovhannes Şiraz, Paruyr Sevak,Vardkes Pedrosyan və digər yaradıcı insanlarla etdiyi söhbətlərin kitabda yer tapan məqamları onu da göstərir ki, ağıllı və yerində deyilən söz bəzən ən inadcıl insanlara çatır.
Kitabda qüssə gətirən, istənilən zamanlarda mövcudluğu hansısa təbiət qanunları ilə (cəmiyyət qanunları-demədik) labüd olan gerçəkliklər də yer alıb. Onlardan biri istedadlı və parlaq karyerasını yaşayan gənc bir azərbaycanlıya, Hidayətə verilən Ermənistanın SSR əməkdar mədəniyyət xadimi adıyla bağlıdır. Fəxri ad veriləndən dərhal sonra uzun müddət müxtəlif məsul rəhbər vəzifələrdə çalışan, “Sovet Ermənistanı” qəzetinin redaktor müavini Cümşüd Sultanov Mərkəzi Komitədə mədəniyyət şöbəsinin müdiri olan Qurgen Arakelyanın yanına gedir: “Siz nə edirsiniz? Hidayət Orucov millətçi, qatı türkçüdür. Ona o boyda ad vermək olar?!”- deyə üsyan qaldırır. Epizod o qədər ürəkbulandıran olur ki, həmin Qurgen Arakelyan özü şoka düşür, Hidayətə bu barədə söz deməsə də, İsrafil Məmmədova “dərdini” açmaya bilmir: “Bu nə dəhşətli adamdır… Elə insana belə sözlər…?”. İkinci epizod da ürəkbulandırandır… Ermənicə mükəmməl öyrənən, artıq peşəkar tərcüməçi kimi tanınan və qəbul edilən Hidayət bu dəfə də “özümüzünkülərin”, “Sovet Ermənistanı”nda, tərcüməçi ştatında çalışan Lətif Hüseynovun qəzəbinə tuş gəlir. Onun “Ədəbiyyat və incəsənət” qəzetinə yazdığı “danos”da o qəzəb bu cür ifadə olunur: ”L.İ.Brejnev yoldaş X beşilliyi keyfiyyət ili adlandırmışdır”.
…Belə bir vaxtda Hidayət Orucov Avedik İsahakyandan “Lirik şeirlər” tərcümə etmişdir. Üzdəniraq bu tərcümələr oxucuda təəssüf və ikrah əmələ gətirir. Axı İsahakyan nəinki şair, filosof, böyük lirikdir.
…Yox, bunlar böyük lirik Avedik İsahakyanın şeirləri deyil,onun böyük adına böhtan, onu hörmətdən salmaqdır”.
Yaxşı ki, o İsahakyan tərcümədən xeyli əvvəl ölübmüş, yoxsa, Lətif Hüseynov onun ürəyinin həmin tərcüməyə görə partladığını deyərdi…
Hə, bu cür adamlar da olub, lakin memuarı oxuduqca müəllifin təmasda olduğu nur topası olan onlar, bəlkə də yüzlərlə insanın əhatəsində görürük. Onlar hər biri öz şərəfli ömrü ilə nəsillərə nümumə olası insanlardır. Ən məsul partiya və dövlət işlərində işləmiş Rza və Cəfər Vəlibəyovlar, Hidayəti dayısı, məsul partiya və dövlət işlərində çalışan, ömrünün son 15 ilini Ermənistan Ali Soveti Rəyasət Heyətində şöbə müdirinin müavini vəzifəsində işləyən Əli Məmmədov, partiya işçisi Hüseyn Məmmədov, partiya işçisi Əli Həsənov, partiya və hökumət işçisi Yunis Rzayev, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, görkəmli kino və teatr tənqidçisi Sabir Rzayev, partiya və dövlət xadimi Həbib Həsənov, sonralar Ermənistan təhsil nazirinin müavini, “Sovet Ermənistanı” qəzetinin baş redaktoru olmuş alim, jurnalist İsrafi Məmmədov, Azərbaycan ədəbiyyat tarixinin orta əsrlər və XIX əsr üzrə görkəmli tədqiqatçısı, alim Əkbər Yerevanlı və daha və kimlər… O insanların hər biri öz şəxsi nümunəsində xalqımıza məxsus ən yaxşı xüsusiyyətlərin daşıyıcısı kimi yaşadı və bu gün də xatirələrdədir.
Kitabda onlar xatırlanır…
İrəvan teatrında izi qalan insanlar xatırlanır: Məmmədbağır Qaraxanov, Abbasqulu Tağıyev, Cəmil Əliyev, Şamil Dəmirçiyev, M.Paşayev, M.Məmmədbəyli, R.Rəcəbov, V.Əliyev, E.İsmayılova, T.Abdullayeva və digərləri…
Qərbi Azərbaycanın bir parçası olan qədim Mığrının ruhumuz hopan yaşayış yerləri: Bənövşəpuç, Buğakar, Lök, Vahruvar, Düzqışlaq, Aldərə, Əmrəkər, Qul, Lehvaz, Maralzəmi, Mərzə və başqa yüzlərlə dağ, dərə, yaylaq, bulaq adları…
Kitabda 1969-cu ildə Azərbaycanın siyasi rəhbərliyinə gəlmiş Heydər Əliyevin, Azərbaycan xalqının ümummilli liderinin Qərbi Azərbaycandakı tarixi mədəniyyət abidələrinə və burada yaşayıb-yaratmış böyük sənət adamlarının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqətdən geniş söhbət açılır. 1972-ci ildə Heydər Əliyevin təşəbbüsü və birbaşa nəzarəti ilə ustad Ələsgərin 150 illiyinin Ermənistan SSR-də ən yüksək səviyyədə keçirilməsi təsvir olunan memuarda Həbib Həsənovun xatirəsindən: “Tədbir ərəfəsində Ermənistan KP MK-nın birinci katibi A.Koçinyan ideoloji sahə işçilərinin müşavirəsini keçirdi. Tədbirin nümunəvi və yüksək səviyyədə təşkilinin vacibliyini vurğulayaraq “Heydər Əliyev bir-neçə dəfə mənə zəng edib, onunla razılaşmışıq ki, narahat olmasın, Aşıq Ələsgərə layiq tədbir keçirəcəyik”- dedim”.
Kitabda Heydər Əliyev şəxsiyyətinin miqyası ayrı-ayrı erməni dövlət xadimləri, yaradıcı elita nümayəndələrinin etiraflarından da hiss olunur, görünür.
Və bunların hamısının, Qərbi Azərbaycanın min illik tarixinin bir əsrinin həmin kitaba vərəq-vərəq əks olunduğunu görmək olar…
“Burdan bir atlı keçdi…” birmənalı olaraq memuar ədəbiyyatının ən yaxşı nümunəsi kimi ədəbiyyat tariximizdə qalacaq.
Bu, şair və tərcümıçi, yazıçı və publisist Hidayətin hansı zamanda olmasından asılı olmayaraq indiki və gələcək oxucularına ən böyük töhfəsi kimi qəbul ediləcək.
Heç bəlkə bu memuarın gələcəkdə oxuyanlar müəllifin görkəmli dövlət xadimi olmaqla bərabər, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov olmasının fərqində də olmayacaqlar…
Firuz Kazımoğlu.